Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-439/2025 17.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zayıdxan oğlunun iştirakları ilə, xx xxxxx 1968-ci ildə Biləsuvar rayonu, Tatyanovka kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi təsərrüfatla məşğul olan, Salyan rayonu, Şəkərli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə Salyan Rayon Polis Şöbəsindən daxil inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 290.3-cü maddəsi ilə tərtib olunmuş, 08 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol Salyan Rayon Polis Şöbəsi (bundan sonra - Salyan RPŞ) tərəfindən məhkəməyə daxil olmuşdur. 08 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Şəxs məxsus olan it Zərərçəkmiş şəxs üzərinə cumaraq ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərmişdir ki, şəxsi təsərrüfatında 50 baş xırdabuynuzlu heyvanı var. Həmin heyvanları yaşadığı kənd ərazisində olan tövlədə saxlayır. Hər gün heyvanlarını kənd ərazisində olan su kollektorun üzərində otarır. Heyvanlarını qorumaq məqsədi ilə həyətində və heyvanlarının yanında 5 ədəd it saxlayır. 19 fevral 2025-ci il tarixdə səhər saatlarında heyvanlarını yaşadığı kənd ərazisində olan Şirvan Milli Parkının yaxınlığında otaran zaman bir avtomobilin gəldiyini və həmin avtomobilin təqribən ondan bir kilometr aralıda dayandığını, avtomaşından bir nəfər şəxsin düşürək ona tərəf gəldiyini, həmin şəxsin həmkəndlisi, “Şirvan Milli Parkı”da işləyən Zərərçəkmiş şəxs olduğunu görmüşdür. Həmin vaxt əli ilə ona geri qayıtmasını işarə etmişdir. Əlavə olaraq bildirmişdir ki, qar yağan vaxtı atdan yıxılaraq əzildiyi üçün, bədənində möhkəm ağrılar olduğundan orada dayana bilməyərək çıxıb getmək məcburiyyətində qalmışdır. Sonradan itinin Zərərçəkmiş şəxs ayağından dişlədiyini bilmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs parkda işdə olduğu ayrıayrı vaxtda onun itlərinə özü ilə gətirdiyi çörəyi atmışdır. Ona görə də, elə düşünmüşdür ki, Fəxrəddin yenə də itlərə çörək atır. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs göstərmişdir ki, “Şirvan Milli Parkı”da mühafizə regeri vəzifəsində işləyir. Şəxs həmkəndlisi kimi tanıyır. Ayaz və qardaşları kəndin ərazisində özlərinə məxsus heyvan saxlayırlar. Həmin heyvanları adətən kəndin ərazisində otarırlar. Arada heyvanlarını parkın ərazisinə salaraq otarırlar. Onun və digər əməkdaşları müdaxiləsi nəticəsində heyvanlar həmin ərazidən kənarlaşdırılaraq müvafiq tədbirlər görülmüşdür. Axırıncı dəfə, yəni 19 fevral 2025-ci il tarixdə səhər saatlarında uzaqdan onların heyvanların qoruğun ərazisinə keçdiyini gördüyü üçün, istifadəsində olan avtomaşınla həmin istiqamətdə getmişdir. Avtomaşını Ayaza az qalmış, avtomobil yolu olmadığı üçün saxlayaraq ona tərəf piyada yavaş-yavaş getməyə başlamışdır. Ayazı uzaqdan çağırsa da Ayaz ona məhəl qoymayaraq üzünü başqa istiqamətə çevirmişdir. Əlavə olaraq bildirmişdir ki, Ayazın itlərinə həmişə çörək atdığı üçün bir neçə it ona öyrəşmiş və ona dəymirdilər. Lakin Ayaza 40-50 metr ara məsafəsi qalmış Ayazın itlərindən biri onun üzərinə pıskırmışdır. Bir it ona hücum edərək ayağından, qıçından tutaraq dartmağa başlamışdır. Lakin Ayaz bunu görsədə qəsdən köməyə gəlməyərək, oradan uzaqlaşaraq getmişdir. İtin onu dişləməsi nəticəsində onun ayağı və qıçı yaralanmışdır. Əynindəki, paltarı cırılmış və bir ədəd mobil telefonu sınaraq yararsız vəziyyətə düşümüşdür. İtin onu dişləməsi ilə bağlı həkimə müraciət etmiş, ona ilkin tibbi xidmət göstərilmişdir. Həkim müayinəsi nəticəsində quduzluğa qarşı ona vaksin və sistemlər vurulmuşdur. Müalicəsi ilə bağlı xərci çıxmışdır. Verilən suallara cavab olaraq bildirmişdir ki, Ayazdan dəymiş ziyanı tələb edir və şikayətçidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs İXM-in 290.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq İXM-in 290.3-cü maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Salyan rayon PŞnin TB-nin təhqiqatçısı, polis baş leytenantı X2 xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, toplanmış material üzrə Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmaması əsası ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 290.3-cü maddəsi ilə inzibati qaydada tənbeh tədbirləri görülməsi məsələsinə baxılmasından ötrü Salyan RPŞ-nin X1 göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin Salyan zona mərkəzindən alınmış xx.xx.2025-ci il tarixli, 103 nömrəli canlı şəxsin ekspertizası rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: sol baldırın orta 1/3-nin bayır və arxa səthinin, sol diz qapağının yaraları və şişkinliyi küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2025-ci il tarixdə it dişləməsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. İXM-in 290.3-cü maddəsinə əsasən, Bu Məcəllənin 290.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə səkkiz yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında Şəxs əməlində məsuliyyətlini yüngülləşdirən hallar aşkar edilmədi. Məhkəmə iclasında Şəxs əməlində İXM-in 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, o cümlədən İXM-in 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-in 290.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 290.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 800 (səkkiz yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-439/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-439/2025
17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver