Məhkəmə qərarları › İş №3(057)-445/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-445/2023

26.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-445/2023 26.05.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X11 qızının katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Neftçala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, İİ qrup əlil, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olan xx.xx.2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 Rayon Məhkəməsini xx.xx.2020-ci il tarixli, 2(057)1526/2022 saylı icra sənədinin icrası ilə bağlı borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsini xx.xx.2020-ci il tarixli, 2(057)1526/2022 saylı icra sənədinə əsasən borclu Şəxs öhdəsində olan 1200 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 göstərmişdir ki, borclu Şəxs uzun müddətdir ki, icra sənədi üzrə ödəməli olduğu borcunu ödəmir. Dəfələrlə Şəxs telefon vasitəsi ilə əlaqə saxlayaraq aliment borcunu ödəməsini tələb etsə də, o, müxtəlif bəhanələrlə ödəniş etməkdən yayınır. Zərərçəkmiş şəxs şikayətçidir. Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, qızı X2 şəhəri, A.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın birinci sinifində təhsil almasına baxmayaraq hər ay pensiya kartından aliment tutulur. Halbuki, qızı həftənin 4 günü, İ-İV günlər müəssisədə gecələyir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(057)-1526/2020 saylı icra sənədinə əsasən xx.xx.2016-cı il təvəllüdlü Leyla adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş xx.xx.2021-ci il tarixdə Şəxs təqdim olunmuşdur. İş materiallarında olan Şəxs xx.xx.2023-cü il tarixli izahatından görünür ki, o, Salyan Rayon Məhkəməsinin 2(057)-1526/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 1200 manat aliment borcu olduğunu bildirmişdir. Lakin, heç bir yerdə işləmədiyi üçün borcunu verə bilmədiyini göstərmişdir. İş materiallarında olan Salyan şəhər, A.Səfərov adına İnteqrasia təlimli internat tipli gimnaziyasının direktoru tərəfindən verilmiş arayışdan görünür ki, X2 şəhər, A.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziyasının 1-ci sinfində təhsil alır və həftənin 4 günü həmin müəssisədə gecələyir və bu müddət ərzində isti yeməklə təmin olunur. İş materiallarına əlavə olunması təqdim olunmuş ödəniş kartı üzrə çıxarış və inkasso sərəncamlarından görünür ki, 11 yanvar 2023-cü il tarixdə 126 manat, 3 fevral 2023-cü il tarixdə 154 manat və 2 may 2023-cü il tarixdə 154 manat məbləğində pul Şəxs oğunun kartından icra sənədi üzrə tutulmuşdur. Məhkəmə hesab edir ki, borclu Şəxs icra məmurunun qanuni tələbini qərəzli olaraq icra etməməsi ilə bağlı halları müəyyən etməmişdir. Borclu heç yerdə işləmir. Borclu fərdi əməklə məşğul olur. Aliment borcunu ödəməkdən də imtina etmir. Məhkəmə hesab edir ki, borclunun hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tərkibi yoxdur. Borclu qət edilmiş alimenti, eyni zamanda aliment borcunu ödəməklə qətnamənin icra edilməsinə maneçilik törətməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta tərkibi yaradır. Məhkəmədə borclu tərəfindən icra məmurunun icra vərəqəsinin icrası ilə bağlı hüquq və vəzifələrini yerinə yetirməsinə mane olan hər hansı hüquqa zidd, təqsirli hərəkəti etməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta qəsdən törədilən əməldir. Məhkəmədə borclunun göstərilən inzibati xətanı törətməsi sübuta yetməmişdir. İcra məmuru borclu borcunu ödəmədiyinə görə onun barəsində inzibati protokol tərtib etmişdir. Halbuki borclu icra məmurunun çağrışına gəlmiş, aliment borcundan ödəniş etmişdir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulm uş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair inzibati xəta haqqında başlanmış iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar