Məhkəmə qərarları › İş №3(057)-468/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-468/2025

18.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-468/2025 18.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Mahmudov Nicat Faiq oğlunun, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Yaşar oğlunun iştirakları ilə xx.xx.1995-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, təhsilli, subay, işləməyən, Salyan rayonu, Düzənlik kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 18 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 18 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 16 yanvar 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1176/2024 saylı icra sənədi üzrə Şəxs 1600 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, işsiz olduğu üçün və maddi imkanı olmadığı üçün alimenti vaxtında ödəyə bilməmişdir. Bundan başqa alimenti imkanı qədər ödəmək istəsə də tələbkar pulu qəbul etməkdən imtina etdiyinə görə ödəməmişdir. Ona vaxt verilərsə 150 manat borcundan ödəyə bilər. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Şəxs aliment borcunu ödəmir, alimenti tələb edir. Uşaq xəstədir, uşağın saxlanılmasında çətinlik çəkir. Alimentin tam ödənilməsini tələb edir, şikayətçidir. Borclu bir dəfə aliment borcundan 60 manat məbləğində pulu ona taksi sürücüsü ilə göndərmişdir, həmin pulu əvvəlcə qəbul etməsə də, sonda qəbul etmişdir. Göstərilənlərə əsasən Şəxs barəsində qanunamüvafiq qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, borclu ilə dəfələrlə əlaqə saxlayaraq aliment borcunu ödəməsini tələb etsə də, o, hər dəfə bir bahənə gətirərək borcunu ödəməkdən imtina etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, icra işlərini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(056)-1176/2024 saylı icra vərəqəsindən görünür ki, 19 noyabr 2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən hesablanmaqla hər ay 160 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2014-cü il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş Şəxs ünvanına göndərilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs adına qeydiyyatda olan mobil nömrələrə xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə “SMS bildirişin” göndərilməsi barədə çıxarışlardan görünür ki Şəxs barəsində olan icra işi üzrə icra haqqında qanunun 29 və 84-cü maddələrinin tələblərinə əsasən Salyan rayon İcra və Probasiya Şöbəsinə çağırılmış və növbəti iş günü şəxsiyyətini təsdiq edən sənədlə birlikdə icra qurumuna yaxınlaşması xahiş edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(057)- 518/2024 saylı qərardadının surətindən görünür ki, Salyan rayonu, Düzənlik kəndində qeydiyyatda olan və yaşayan Şəxs Salyan rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi və qərarın icrasının Salyan Rayon Polis Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İcra sənədinin icra olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada aşağı həddə inzibati həbs tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, borclu borcunu tam olaraq ödəmir. Onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi səmərəsiz olacaqdır. Ona görə də, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini, zərər çəkmiş şəxsin şikayətçi olmasını və işin hallarını nəzərə alaraq hesab edir ki, İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 18 aprel 2025-ci il tarixdə, saat 12:00-dən hesablansın, inzibati həbsin sonu 26 aprel 2025-ci il, saat 12:00 hesab edilsin. Əliyev X2 RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar