Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-470/2025 19.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Salyan rayonu, Aşağı Kürkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Aşağı Kürkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 18 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə 19 aprel 2025-ci il tarixdə məhkəməyə gətirilmişdir. İnzibati xəta haqqında MN seriyalı 1954458/176 nömrəli, 18 aprel 2025-ci il tarixli protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, X.R.Ulutürk küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında MN seriyalı 1954460/177 nömrəli, 18 aprel 2025-ci il tarixli protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, X.R.Ulutürk küçəsində ucadan nalayiq söyüşlər söymüşdür. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə 18 aprel 2025-ci il tarixli, MN № 1954458/176 və MN № 1954460/177 saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 bildirmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, X.R.Ulutürk küçəsində “Vaz 2107” markalı, **-RH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən avtomobildə əlavə konstruksiya olduğu üçün, DYP-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin avtomobildə sərnişin kimi olan Şəxs polisin qanuni tələblərinə qəsdən tabe olmamış və eyni zamanda ucadan nalayiq söyüşlər söymüşdür. Bununla bağlı Şəxs, qardaşı X4 ilə birlikdə DYPB-nin əməkdaşları tərəfindən Salyan RPŞ-nə gətirilmişlər. Salyan RPŞ-nin DYPB-nin baş inspektoru, polis baş leytenantı Nicat Abbasovun raportu əsasında, tərəfindən inzibati araşdırma aparılaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 18 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək, tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, vəkilə ehtiyacı yoxdur, özünü qismən təqsirli bilir. Etdiyi əməldən peşmandır. Ucadan nalayiq söyüşlər söyməmiş və qəsdən polisin qanuni tələbinə tabe olmamaq halı olmamışdır. Lakin qardaşı Salehi polislər maşına əyləşdirən zaman polisin qolundan tutaraq itələmişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə 18 aprel 2025-ci il tarixli, MN № 1954458/176 və MN № 1954460/177 saylı inzibati xəta haqqında protokollar yanında tərtib edilmişdir. Beləliklə, məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs həmin hərəkətləri ilə İXM-in 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında” AZA seriyalı 021494 nömrəli, 18 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında AZA seriyalı 008260 nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və onun üstündə olan əşyaları yoxlama zamanı üzərindən heç bir qiymətli əşya aşkar olunmamışdır. İş materiallarında olan Şəxs izahatından görünür ki, Salyan rayonu, Aşağı Kürkənd kəndində yaşayır. xx.xx.2025-ci il tarixdə, saat 18 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsində qardaşı X3 idarə etdiyi “Vaz 2107” markalı, **-RH-*** dövlət qeydiyyat nişanlı avtomobillə təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün və avtomobildə konstruksiya dəyişikliyi olduğu üçün Salyan RPŞ-nin YPX əməkdaşları qardaşı Salehə saxla işarəsi vermişlər. Qardaşı avtomaşını saxlamış, bu zaman polis əməkdaşı onlara yaxınlaşıb özünü təqdim edib, qardaşı Salehin qayda pozuntusu etdiyini və avtomaşında konstruksiya dəyişikliyi olduğu olduğu üçün avtomobilin müvəqqəti dayanacağa yerləşdirilməsini bildirsələr də, qardaşı polis əməkdaşına avtomobilə əyləşib duracağa özünün sürməsini bildirmiş, polis əməkdaşının qanuni tələbinə tabe olmamış, bu zaman polis əməkdaşları ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, nalayiq ifadə işlətməmişdir. Sadəcə polis əməkdaşının onu məcburi surətdə avtomobilə əyləşdirməsinə narazılığını bildirmişdir. Onuda qeyd edir ki, etdiyi əmələ görə çox peşmandır. Gələcəkdə belə hallara yol verməyəcəyinə söz vermişdir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:15 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsində polis əməkdaşlarının yanında ucadan nalayiq ifadələr işlətməsi və bununla da İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də, həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, X.R.Ulutürk küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN № 1954460/177 saylı, 18 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində inzibati həbs növündə, aşağı həddə tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 18 aprel 2025-ci il tarixdən saat 19:00-dan hesablanmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-nin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə MN № 1954460/177 saylı, 18 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbsetmənin əvvəli 18 aprel 2025-ci il tarixdən saat 19:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə və bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-470/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-470/2025
19.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver