Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-471/2025 19.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Salyan rayonu, Çuxanlı kəndində yerləşən “OBA” marketdə satıcı işləyən, Salyan rayonu, Aşağı Kürkənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 18 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə 19 aprel 2025-ci il tarixdə məhkəməyə gətirilmişdir. İnzibati xəta haqqında MN seriyalı 1954459/175 nömrəli, 18 aprel 2025-ci il tarixli protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, X.R.Ulutürk küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında MN seriyalı 1954461/174 nömrəli, 18 aprel 2025-ci il tarixli protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:15 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsində ucadan nalayiq söyüşlər söymüşdür. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə 18 aprel 2025-ci il tarixli, MN № 1954459/175 və MN № 1954461/174 saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, X.R.Ulutürk küçəsində “Vaz 2107” markalı, **-RH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən avtomobildə əlavə konstruksiya olduğu üçün, DYP-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin avtomobili idarə edən sürücü Şəxs və sərnişin kimi olan X6 polisin qanuni tələblərinə qəsdən tabe olmamış və eyni zamanda ucadan nalayiq söyüşlər söymüşdür. Bununla bağlı Şəxs qardaşı (sərnişin) X6 ilə birlikdə DYPB-nin əməkdaşları tərəfindən Salyan RPŞ-nə gətirilmişlər. DYPB-nin baş inspektoru, polis baş leytenantı Nicat Abbasovun raportu əsasında, tərəfindən inzibati araşdırma aparılaraq Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 18 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək, tədbir görülməsi üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, avtomobilinə əlavə konstruksiyaetməyə görə təqsirli bilir. İXM-nin 510 və 535.1-ci maddələri ilə özünü təqsirli bilmir. xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, X.R.Ulutürk küçəsində özünə məxsus “Vaz 2107” markalı, **-RH-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən avtomobildə əlavə konstruksiya olduğu üçün DYP-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşı ona yaxınlaşaraq özünü təqdim edərək, idarə etdiyi avtomobildə əlavə konstruksiya olduğu üçün avtomobilin duracağa getməli olduğunu və açarın verilməsini tələb etmişdir. O da öz növbəsində içkili olmadığını və sənədlərinin qaydasında olduğunu bildirərək, avtomobilini özü sürərək aparacağını bildirən zaman yol polisi əməkdaşları onu məcbur avtomobilə əyləşdirən zaman qardaşı ona etiraz etdiyi üçün polislər onunda qolunu buraraq avtomobilə əyləşdirmişlər. Bundan başqa, həmin vaxt ucadan nalayiq söyüşlər söyməmişdir. Əlavə olaraq bildirmişdir ki, özü Salyan rayonu, Çuxanlı kəndində yerləşən “OBA” marketdə satıcı işləyir. Anası vəfat etmiş, atası isə birinci Qarabağ müharibəsi iştirakçısıdır və 2-ci dərəcəli müharibə əlilidir. Göstərilənlərin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X4 tərəfindən onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə 18 aprel 2025-ci il tarixli, MN № 1954459/175 və MN № 1954461/174 saylı inzibati xəta haqqında protokollar yanında tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Salyan RPŞ-nin YPX-nin inspektoru X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, X.R.Ulutürk küçəsində Salyan RPŞ-nin DYPB-nin baş inspektoru, baş leytenantı Nicat Abbasovla və polis baş serjantı Vidadi Əliyevlə birlikdə ərazidə xidmət aparan zaman “Vaz 2107” markalı, **-RH- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsünə təhlükəsizlik kəmərindən və avtomobildə konstruksiya dəyişikliyi olunduğu üçün tərəflərindən saxla işarəsi verilmişdir. Avtomaşın dayandıqdan sonra Nicat Abbasov sürücüyə yaxınlaşaraq özünü etmiş və sürücüyə yol hərəkəti qaydalarını pozduğunu izah edərək avtomobildə konstruksiya dəyişikliyi olduğu üçün avtomobilin mühafizə olunan duracağa yerləşəcəyini bildirdikdə sərnişin qismində əyləşən vətəndaş sonradan adını bildiyi Kənan Əliyev avtomobildən düşərək ünvansız küçə söyüşləri söyərək, sürücü Şəxslə birlikdə avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsinə etiraz etmişlər. Onlar sürücü və sərnişini dəfələrlə nizam intizama dəvət etsələr də onlar qəsdən polisin qanuni tələblərinə tabe olmaqdan imtina edərək öz qanunsuz hərəkətlərini davam etdirmişlər. Həmin sürücünü, sərnişini və avtomobili ilə birlikdə Salyan RPŞ-nə gətirmişlər. Məhkəmə iclasında şahid X1 cavab olaraq bildirmişdir ki, sonradan şəxsiyyətləri məlum olan sürücü Şəxs və sərnişin X5 Salyan RPŞ-nə gətirilməsində Salyan RPŞ-nin PPX-nin əməkdaşları hadisə yerinə çağırılmamışdır. Beləliklə, məhkəmə proses iştirakçılarını və şahidi dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, barəsində tərtib edilmiş MN seriyalı 1954461/174 nömrəli, 18 aprel 2025-ci il tarixli və MN seriyalı 1954459/175 nömrəli, 18 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokollara dair iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan “İnzibati qaydada tutma haqqında AZA seriyalı 021496 nömrəli, 18 aprel 2025-ci il tarixli protokoldan” görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 19:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında AZA seriyalı 008261 nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və onun üstündə olan əşyaları yoxlama zamanı üzərindən heç bir qiymətli əşya aşkar olunmamışdır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə, saat 18:15 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsində polis əməkdaşlarının yanında ucadan nalayiq ifadələr işlətməsi və xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, X.R.Ulutürk küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmaması, bununla da İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi öz təsdiqini tapmamışdır. Belə ki, İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, barəsində tərtib edilmiş MN seriyalı 1954461/174 nömrəli, 18 aprel 2025-ci il tarixli və MN seriyalı 1954459/175 nömrəli, 18 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokollara dair iş üzrə icraata xitam verilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, barəsində tərtib edilmiş MN seriyalı 1954461/174 nömrəli, 18 aprel 2025-ci il tarixli və MN seriyalı 1954459/175 nömrəli, 18 aprel 2025-ci il tarixli inzibati xəta haqqında protokollara dair iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-471/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-471/2025
19.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver