Məhkəmə qərarları › İş №3(057)-473/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-473/2025

21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-473/2025 21.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin polis sahə rəisi, polis mayoru X2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlixuda oğlunun iştirakları ilə, xx.xx.1978-ci ildə Salyan rayonu, Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Həsənli kəndində qeydiyyatda olan və yaşayan Şəxs Əlixuda oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə Salyan Rayon Polis Şöbəsindən daxil inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Əlixuda oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 157-ci maddəsi ilə tərtib olunmuş, MN № 1954308/73 saylı, 12 mart 2025-ci il tarixli inzibati xəta haqqında protokol Salyan Rayon Polis Şöbəsi (bundan sonra - Salyan RPŞ) tərəfindən baxılması üçün 21 aprel 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, Şəxs Əlixuda oğlu xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs döş qəfəsinin arxa səthinə vuraraq döymüşdür. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Salyan RPŞ-nin polis sahə rəisi, polis kapitanı X3 protokolu müdafiə edərək, protokolun təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təhqiqat Bölməsindən rədd qərarı gəldikdən sonra tərəfləri dəvət etmişdir. Sonradan məlum olmuşdur ki, Əkbər zərər çəkmiş şəxsin atasınıda vurmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlixuda oğlu izahatında göstərmişdir ki, onun mübahisə etməsinə səbəb qarşı tərəfdir. Yolu zərər çəkmiş şəxsin qapısının ağzından keçir. O, həmişə itləri küçəyə buraxır. Hətda itin biri ona hücum edərək tutmaq istəyən zaman iti vurmuşdur. Daha sonra mübahisə yaranmışdır. O, iti vurmuşdur. Zərər çəkmiş şəxsi vurmamışdır. Atın üzərində olmamışdır. Sahib onunla dalaşmağa başlamış, o qaçan zaman arxadan onun kürəyinə daş dəymişdir. Bu səbəbdən Sahibin atası Sərdarla mübahisə etmiş, sonra ayrılmışlar. O, ekspertə kürəyini göstərmişdir. Qarşı tərəf onun qohumdur, barışmaq istəyir, zərər çəkmiş çəxsdən və onun atasından üzr istəməyə hazırdır. Təhqiqatçının qərarından şikayət verməmişdir. Törətdiyi əmələ görə peşmandır. Məhkəmədən onların barışmasına köməklik göstərməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, o, Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsində mülki işçi olaraq mühafizəçi işləyir. Hadisə olan günü işdən gəlib yatmışdır. Birdən səs eşitmişdir ki, Əkbər 4 iti ilə onun 2 itini boğuşdurmuşdur. Özü də atın üstündə olmuşdur. O, Əkbərə nə etdiyini soruşduqda, Əkbər onun kürəyindən ağacla vurmuşdur. O, polisə zəng edib bu barədə məlumat vermişdir. Şəxs onun atasını bıçaq və tüfənglə vurmaq istəmiş, ona görə də onunla barışmaq istəmir. Əkbərə cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı X4 19 mart 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs Əlixuda oğlunun əməlində isə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (döymə) maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Rayon Polis Şöbəsinin X1 verilməsi qərara alınmışdır. Salyan RPŞ-nin TB-nin təhqiqatçısı X4 19 mart 2025-ci il tarixli raportundan görünür ki, Salyan rayonu, Həsənli kəndində yaşayan Şəxs Əlixuda oğlu xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-in “102” Xidməti-X7 və Salyan Rayon Polis Şöbəsinə müraciət edərək, Sahib adlı şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Salyan rayonu, Həsənli kəndində yaşayan Zərərçəkmiş şəxs 14 mart 2025-ci il tarixdə Salyan Rayon Polis Şöbəsinə müraciət edərək, xx.xx.2025-ci il tarixdə Şəxs Əlixuda oğlu tərəfindən döyüldüyünü bildirmişdir. Araşdırma zamanı toplanmış material üzrə Şəxs Əlixuda oğlunun əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, eyni zamanda Şəxs Əlixuda oğlunun əməlində Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (döymə) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunmaları və barələrində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin İTB-nə verilmişdir. Bundan başqa, xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, araşdırma zamanı xx.xx.2025-ci il tarixli 126 nömrəli Canlı şəxsin ekspertizası rəyində göstərilmişdir ki, 1978 -ci il təvəllüdlü Şəxs Əlixuda oğlunun məhkəmi-tibbi müayinəsi zamanı hər hansı aşkar edilməmişdir. Bundan başqa xx.xx.2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, araşdırma zamanı xx.xx.2025-ci il tarixli 130 nömrəli Canlı şəxsin ekspertizası rəyində göstərilmişdir ki, 1995-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmi-tibbi müayinəsi zamanı döş qəfəsinin arxa sağ nahiyyəsinin qançırı küt əşya tərəfindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2025-ci il tarixdə ağacla vurma nəticəsində əmələ əmələ gələ bilərdi. Sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Əlixuda oğlu İXM-in 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq İXM-in 157-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs Əlixuda oğlu həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. İXM-in 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-in 39.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, zərər çəkmiş şəxslə barışıq əldə edilməmişdir. Ona görə məhkəmə hesab edir ki, həmin əsasla işin icraatına xitam verilməsi üçün əsaslar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlixuda oğlunun əməlində məsuliyyətlini yüngülləşdirən hallar aşkar edilmədi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Əlixuda oğlunun əməlində İXM-in 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs Əlixuda oğlunun şəxsiyyətini, o cümlədən İXM-in 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, İXM-in 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini kifayət hesab etməyib, onun barəsində inzibati həbs növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialları ilə müəyyən olunur ki, Şəxs Əlixuda oğlu hazırkı işlə bağlı 21 aprel 2025-ci il tarixdə, saat 15:00-da məhkəməyə gətirilmiş, ona görə məhkəmə hesab edir ki, inzibati həbsin başlanğıcı həmin vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in, 115 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Şəxs Əlixuda oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 21 aprel 2025-ci il tarixdə, saat 15:00-dan hesablansın, inzibati həbsin sonu 06 may 2025-ci il, saat 15:00 hesab edilsin. Əliyev X5 RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar