Məhkəmə qərarları › İş №3(057)-486/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-486/2025

06.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-486/2025 06.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsi X1 iştirakı ilə, Salyan şəhəri, T.Davudzadə küçəsi 123 ünvanında yerləşən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra MMC) barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiallara açıq Salyan rayon məhkəməsinin binasında məhkəmə baxışı iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Salyan şəhəri, T.Davudzadə küçəsi 123 ünvanında yerləşən hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İXM-in 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 17 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə ŞTQ, Cəfər Cabbarlı, ev 124 k, mənzil 1 ünvanında qeydiyyatda olan və ünvan 1 Medical” MMC-yə məxsus obyektdə dövlət qeydiyyatından keçməyən “Qadovist” adlı dərman vasitəsi xx.xx.2025-ci il 13:20-də aşkar edilmişdir. Nəticədə "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Bu fakt Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, T-118 nömrəli plandankənar yoxlama aktı ilə təsdiq edilir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Salyan şəhəri, T.Davudzadə küçəsi 123 ünvanda yerləşən hüquqi şəxs "xxxx" MMC-nin direktoru X3 izahat verərək bildirmişdir ki, həqiqətən də "xxxx" MMC-nin anbarında “Qadovist” adlı dərman vasitəsi saxlanılmışdır. Lakin həmin dərman vasitəsi satılmaq məqsədilə saxlanmamışdır. Bu halda da yoxlamanı həyata keçirən orqan dərman vasitələrinin hansı məqsədlə saxlanılmasını araşdırmamış, tələsik olaraq əsassız protokol tərtib etmişdir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin yeri və vaxtı barədə lazımi şəkildə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq protokolu tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəblərini məhkəməyə bildirməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən, məhkəmə səlahiyyətli nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Salyan şəhəri, T.Davudzadə küçəsi 123 ünvanda yerləşən hüquqi şəxs "xxxx" MMC-nin direktoru X1 izahatını dinləyib, inzibati xəta haqqında protokolu və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında çıxarışdan görünür ki, "xxxx" MMC-nin hüquqi ünvanı ünvan 2a qanuni təmsilçisi X2r. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən plandankənar (növbədənkənar) yoxlamanın keçirilməsi haqqında 14 aprel 2025-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-yə məxsus Salyan şəhəri, T.Davudzadə küçəsi 123 ünvanında yerləşən təşkilatın fəaliyyətinin yoxlanılması məqsədilə, xx.xx.2025-xx.xx.2025xx.xx.2025-ci il tarixlərdə mərkəzin nümayəndələri tərəfindən həmin müəssisədə plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. Özəl tibb müəssisənin plandankənar (növbədənkənar) yoxlama haqqında xx.xx.2025-ci il tarixli T-118 nömrəli aktdan görünür ki, KİV-də yayımlanmış məlumatla əlaqədar "xxxx" MMC-yə məxsus klinikada plandankənar yoxlama keçirilmişdir. Yoxlamanın birinci sualı üzrə nöqsan aşkar edilməmişdir. Yoxlamanın ikinci sualı üzrə nöqsan aşkar edilmişdir Belə ki, “Qadovist” adlı dərman vasitəsinin dövlət qeydiyyatı olmadığı aşkar edilmişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, "xxxx" MMC-yə məxsus anbarda “Qadovist” adlı dərman vasitəsi aşkar edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin xx.xx.2023-cü il tarixli EL- 610/2023 nömrəli lisenziyadan görünür ki, "xxxx" MMC-yə özəl tibb fəaliyyətini həyata keçirilməyə icazə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda ünvan 1 Medical” MMC-yə məxsus obyektdə (aptekdə) xx.xx.2025-ci il tarixində plandankənar (növbədənkənar) yoxlama aparılarkən dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı və satış məqsədi ilə saxlanılması qeyd olunsa da, lakin həmin dərman vasitələrinin "xxxx" MMC tərəfindən satışını və satış məqsədi ilə saxlanılmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən də göründüyü kimi, həmin dərman vasitəsinin vitrində, yəni satışda olmadığı, satışdan çıxarılaraq anbara qoyulduğu öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi sübut edilməmişdir. Məhkəmə qeyd edir ki, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlaması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikasının İnzibati xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən, İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən, isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir; 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə, hazırki halda "xxxx" MMC barəsində tərtib edilmiş protokolun sübutetmə yükü üzərində olan inzibati orqan tərəfindən əsaslı sübutlarla təsdiq edilməməsini nəzərə alaraq cəmiyyət barədə başlanmış iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105.1-ci 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 221.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar