Məhkəmə qərarları › İş №3(057)-503/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-503/2025

28.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-503/2025 28.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1982-ci ildə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (deməsinə görə subay), Türkiyə Respublikası, İstanbul şəhəri, Fateh rayonu, Topqapı məhəlləsi, Tatlı Pınar küçəsi, ev 12, mənzil 4 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 28 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 28 aprel 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 28 aprel 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan rayon 2 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 8İ-1077 saylı icra qeydinə əsasən Şəxs 14410 manat məbləğində pulu Zərərçəkmiş şəxs ödəməmiş, icra məmurunun tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərdi ki, axtarışla gətirilmişdir. Şəxs barəsində Salyan rayon 2 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli, 8İ-1077 saylı icra qeydi vardır. Şəxs 14410 manat məbləğində pulu Zərərçəkmiş şəxs ödəməmiş, icra məmurunun tələblərini yerinə yetirməmişdir. Bununla bağlı onun barəsində axtarış qərarı verilərək, qərar icra olunması üçün Salyan RPŞ-nə göndərilmişdir. xx.xx.2025ci il tarixdə Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, borclu Azərbaycan Respublikasında yaşamadığı üçün ona İcraata başlamaq haqqında qərar və Təlbin könüllü icrası barədə bildiriş göndərilməmişdir. Tələbkar da Azərbaycan Respublikasında yaşamadığı üçün onun İcra sənədinin icrası ilə bağlı fikirini öyrənmək mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, onun icra sənədi barədə məlumatı yoxdur. Borc müqaviləsinin olmasını da dəqiq xatırlamır. Əslində onun Zərərçəkmiş şəxs deyil, Ulduz adlı xanıma borcu var. Ola bilsin ki, Ulduz xanımın əvəzindən Şəhla adlı xanımla borc müqaviləsi bağlanmışdır. Uzun müddətdir ki, qeydiyyatda olduğu ünvanda yaşamır. 13 ildir ki, Türkiyə Respublikasında yaşayır. Türkiyədən təyyarə ilə Bakı şəhərinə gəlmiş, hava limanında polis onu saxlayaraq, barəsində axtarış olduğunu bildirmişdir. Bununla bağlı Salyan rayonuna gəlmişdir. Şirkətin borcuna görə, işlədiyi şirkətin rəhbəri Ulduz adlı xanıma pul ödəyir. Bu günə kimi 9000 manat pul ödəmişdir. Axırıncı dəfə xx.xx.2025-ci il tarixdə Ulduz xanıma 1000 manat ödəmişdir. Zərərçəkmiş şəxs öz növbəsində Ulduz xanıma 30000 manat borcu var. Razılıq əsasında Şəhla xanıma ödəməli olduğu pulu Ulduz xanıma ödəyir. Bu barədə rəsmi hər hansı bir sənəd təqdim edə bilmir. Bu gün axşam təyyarə ilə geri qayıtmalıdır, bileti var. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Salyan rayon 2 saylı notariat kontorunun xx.xx.2018-ci il tarixli 8İ-1077 saylı icra qeydinin surətindən görünür ki, Bakı şəhəri 42 saylı notariat kontorunda verilmiş, xx.xx.2014-cü il tarixli, 3M-80 dövlət reyestrli Borc Müqaviləsi üzrə Zərərçəkmiş şəxs vaxtında ödənilməmiş 14400 manat pul və 10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 14410 manat pul Şəxs tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə böyük icra məmuru tərəfindən xx.xx.2018-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş tərtib edilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1 “borclunun axtarışı haqqında” xx.xx.2025-ci il tarixli qərarının surətindən görünür ki, borclu Şəxs barəsində axtarış elan edilərək, qərarın icra olunması Salyan RPŞ-nə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatının ksero surətindən görünür ki, o, qeydiyyatda olduğu ünvanda yaşamır. Uzun müddətdir ki, yəni, 13 ildir ki, Türkiyə Respublikasında yaşayır. Ondan hazırda tələb olunan borcu hazırda işlədiyi şirkətin rəhbəri Ulduz xanıma ödəyir. Sonuncu dəfə ona xx.xx.2025-ci il tarixdə 1000 manat ödəmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinə əsasən, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Məhkəmə hesab edir ki, icra məmuru hazırki icra sənədinin icrası ilə bağlı borclunun icra sənədinin icra edilməsi üçün tələbin üzrsüz səbəbdən icra etməməsi barədə yanlış nəticəyə gəlmiş və əsassız olaraq onun inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Həmçinin məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, borclu Azərbaycan Respublikasında daimi yaşamadığından onun icra qeydindən, icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə bildirişdən xəbərdar deyildir. O, icra sənədinin icrasından imtina etmir. Qısa bir müddət ərzində icra qeydi ilə müəyyən edilən borcunu ödəyəcəyinə dair vəd verir. Belə olan halda, məhkəmə hesab edir ki, icra məmuru tərəfindən borcluya tələbin könüllü icrası ilə bağlı müddət müəyyən edilməli, həmin müddət ərzində icra sənədi icra olunmazsa, o halda onun barəsində məcburi icra tədbiri görülməli və bu nəticə vermədiyi təqdirdə onun barəsində inzibati xətaya dair protokol tərtib edilməklə məhkəmə məsuliyyətinə verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən İcra sənədinin icrası üçün edilə bilər. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Salyan rayon 2 saylı notariat kontorunun 8İ-1077 nömrəli, xx.xx.2018-ci il tarixli icra qeydinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar