Məhkəmə qərarları › İş №3(057)-517/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-517/2024

27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-517/2024 27.05.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, deməsinə görə əvvəllər məhkum olunmuş, Bərdə rayonu, Göyüşlü kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 26 may 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə xx.xx.2024cü il tarixdə məhkəməyə gətirilmişdir. MN seriyalı 1988186/621 nömrəli, 26 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00-radələrində Salyan şəhəri, T.Davudzadə küçəsində uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xətasını törətmişdir. MN seriyalı 1988187/622 nömrəli, 26 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00-radələrində Salyan şəhəri, T.Davudzadə küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 26 may 2024-cü il tarixli, MN № 1988186/621 və № 1988187/622 saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, əmisi oğlu Qurban Əhmədova 300 manat borc pul vermişdir. O borcunu 26 may 2024-cü il tarixdə ona qaytarmalı idi. Özünündə başqa şəxsə borcu olduğuna görə Qurbandan ona olan borcunu həmin şəxsə verməsini xahiş etmişdir. Borclu olduğu şəxs ona zəng edərək, borcun ödənilmədiyini bildirmişdir. O əmisi oğlu Qurbanla mobil telefonla danışan zaman onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman bir nəfər avtomaşını onun yanında saxlayaraq ona söyüş söyməməsini bildirsə də, o əsəbi olduğundan həmin şəxsin sözünə məhəl qoymamışdır. Sonradan o həmin şəxsin polis olduğunu bilmişdir. Himayəsində iki azyaşlı uşağı vardır. Bərdə rayonunda fərdi təsərrüfatla məşğul olur. Salyan şəhərinə gəlməsində məqsəd köhnə Ələt-Astara yolunun çəkimində iştirak edən dayısı oğlu Orxanı görmək olmuşdur. Məhkəmə iclasında iştirak edən Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X5 protokolu müdafiə edərək, izahatında göstərmişdir ki, 26 may 2024-cü il tarixdə Salyan Rayon Polis X1 qrupunun baş əməliyyat müvəkkili X4 raportu onun icraatına daxil olmuşdur. Belə ki, ünvan 1 ünvanında Şəxs nalayiq ifadələr işlədərək, yüksək səslə telefonla danışmışdır. Tural Məlikov ona yaxınlaşaraq ictimai qaydanı pozmamasını xahiş etsə də, vətəndaş onun sözünü dinləməyərək yenə də nalayiq ifadələr işlətməyə davam etmişdir. Tural Məlikov onu məcburi şəkildə RPŞ-nə gətirərək Növbətçi Hissəyə təhvil vermişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi Vəkil göstərmişdir ki, hüquqlarını müdafiə etdiyi Şəxs əməlindən səmimi peşmandır. Barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Salyan Rayon Polis X1 qrupunun baş əməliyyat müvəkkili X6 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Salyan şəhəri, T.Davudzadə küçəsi ilə Salyan Rayon Polis Şöbəsinə gələn zaman Salyan Rayon Məhkəməsinin yaxınlığında bir nəfər şəxsin mobil telefonla danışaraq uca səslə nalayiq ifadələr işlətdiyini görmüşdür. O həmin şəxsə yaxınlaşıb özünü təqdim etdikdən sonra ona əməlinin qanun pozuntusu olması barədə hüquqi izahlar verərək onu nizam intizama dəvət edib sakit və təmkinli olmasını, xuliqanlıq hərəkətlərinin qarşısını almasını tələb etsə də o, öz hərəkətlərini davam etdirib onun qanuni tələbinə qəsdən tabe olmamışdır. O yenidən həmin şəxsi nizam intizama dəvət etmişdir. Lakin həmin şəxs yenidən bilərəkdən qəsdən onun qanuni tələbinə tabe olmayaraq öz qanunazidd hərəkətlərinə davam etmişdir. O da həmin şəxsi məcburi şəkildə RPŞ-nə gətirərək Növbətçi Hissəyə təhvil vermişdir. Beləliklə, məhkəmə nümayəndəni, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, şahidi, müdafiəçini dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan inzibati qaydada tutma haqqında 020065 nömrəli, 26 may 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətdiyi üçün 26 may 2024-cü il tarixdə, saat 16:15-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında 008283 nömrəli, 26 may 2024-cü il tarixli protokoldan görünür ki, hal şahidləri X7 və X3 iştirakları ilə şəxs Şəxs üzərində şəxsi axtarış aparılmış, üzərində heç bir əşya aşkar edilməmişdir. İş materiallarında olan Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Bərdə rayonu, Göyüşlü kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Salyan şəhəri, T.Davudzadə küçəsində, Salyan Rayon Məhkəməsinin yaxınlığında qohumum olan Qurban adlı şəxsə mobil telefonla zəng edib borca pul istəmişdir. Lakin qohumu Qurban ona pul verməkdən imtina etmişdir. O da bundan əsəbləşərək onun ünvanına uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşı ona yaxınlaşıb əməlinin qanun pozuntusu olması barədə hüquqi izahlar verərək onun barəsində qanuni tədbir görüləcəyini deyərək Salyan RPŞ-nə dəvət etmişdir. Lakin o həmin vaxtı əsəbi olduğu üçün həmin polis əməkdaşının bu tələbinə məhəl qoymayaraq öz hüquqazidd əməlinə davam etmişdir. Həmin polis əməkdaşı yenidən onu sakitləşdirməyə çalışsa da, o onun bu tələbinə tabe olmayaraq öz əməlinə davam etmişdir. Bunu görən polis əməkdaşı da onu məcburi qaydada Salyan RPŞ-nə aparmışdır. Onu da qeyd edir ki, hazırda etdiyi əməlin qanun pozuntusu olduğunu bilir, məsuliyyətini dərk edir, bir daha belə hallara yol verməyəcəyinə dair söz verir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, Bərdə rayonu, Göyüşlü kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması və inzibati araşdırma aparılması qərara alınmışdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində Salyan şəhəri, T.Davudzadə küçəsində uca səslə nalayiq ifadələr işlətmiş və bununla da Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdı. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00radələrində Salyan şəhəri, T.Davudzadə küçəsində uca səslə nalayiq ifadələr işlədərək Salyan RPŞ-nin əməkdaşının qanuni tələbinə məhəl qoymayaraq polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməlindən peşman olmasını və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə tənbeh tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə hesab edir ki, həbsetmənin əvvəli Şəxs inzibati qaydada tutulduğu vaxtdan, yəni 26 may 2024-cü il tarixdən saat 16:00-dan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 03 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbsetmənin əvvəli 26 may 2024-cü il tarixdən saat 16:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 18 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesablarına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar