Məhkəmə qərarları › İş №3(057)-522/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-522/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-522/2025 01.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Salyan rayonu, Arbatan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Salyan rayonu, Arbatan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510, 511.1.3 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli və xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN 2196507/216 saylı, İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN 2196506/215 saylı və Salyan RPŞ-nin DYPB-nin İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokollardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri T.Xəlilbəyli küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixdə Salyan şəhəri T.Xəlilbəyli küçəsində ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə, saat 03:00-da “KHAZAR LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 332.1, 342.2.3 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən Salyan Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi, polis kapitanı X6 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək Şəxs barəsində qanunvericiliyin tələblərinə uyğun tədbir görülməsini xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq X6 inzibati xəta haqqında protokollarda göstərilənləri təsdiq edən hər hansı sübut olmasa da, iş materiallarına raportun əlavə edildiyini, polis əməkdaşlarının hadisənin şahidləri olduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qeyd olunan maddələrdən yalnız İXM-nin 511.1.3-cü maddəsi üzrə özünü təqsirli bilmiş, izahatında bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat təxminən 20:30 radələrində Salyan şəhəri T.Xəlilbəyli küçəsi ilə Nəriman Nərimsnov kəsişməsində idarə etdiyi Xəzər markalı **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə hərəkət edib dayanmışdır. Bu zaman YPX-nin əməkdaşları ona bildirmişdir ki, avtomobildə konstruksiya dəyişikliyi etmiş, bu səbəblə onu polis şöbəsinə dəvət etmişlər. O, heç bir etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə xidməti avtomobilə əyləşərək şöbəyə gətirilmişdir. Özünə məxsus nəqliyyat vasitəsini qəflətən surətləndirməklə təhlükəli sürdüyünü, bu barədə hər hansı etirazı olmadığını, lakin polis əməkdaşlarına qarşı tabesizlik etmədiyini və ictimai qaydanı pozmadığını bildirmişdir. Məhkəmə iclasında verilmiş suala cavab olaraq Şəxs iş materiallarında olan izahatın polis tərəfindən diktə edilərək yazıldığını bildirmişdir. İXM-nin 511-ci maddəsi ilə özünü təqsirli bilərək, törətdiyi əməldən peşman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini, məhkəmədən barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 20:35 radələrində Salyan rayon Polis Şöbəsinin YPX-nin inspektoru polis baş serjantı Şəhriyar Cavadov ilə birlikdə xidmətdə olarkən, T.Xəlilbəyli küçəsinin kəsişməsində Nəriman Nərimanov küçəsinə istiqamətdə olan Xəzər markalı **-PF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil həkərət etdiyi zaman konstruksiya dəyişikliyi olunduğunu görmüşlər və ona saxla işarəsi verərək sürücüyə yaxınlaşıb özlərini təqdim edərək sürücüyə idarə etdiyi avtomobildə konstruksiya dəyişikliyi olduğu üçün hüquqi izahlar verərək avtomobili duracağa yerləşdirilməsini bildirsələr də, o, səs-küy yaratmağa başlamış, lakin onlar ona səs-küy yaratmamağı bildirsələr də o, uca səslə küçədə nalayiq söyüşlər söyərək öz hərəkətlərini davam etdirərək qəsdən tabe olmadığına görə Salyan RPŞ-nə idarə etdiyi avtomobil ilə birlikdə növbətçi hissəyə gətirilmişdir. Sədrlik edənin sualına cavab olaraq, hadisənin videogörüntüsünün olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 şahid X1 izahatı ilə eyni məzmunda izahat vermiş, həmçinin hadisənin videogörüntüsünün olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış iş üzrə icraata xitam verilməli, o, İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; 30 aprel 2025-ci il tarixli, MN 2196506/215 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə xx.xx.2025-ci il tarixdə Salyan şəhəri T.Xəlilbəyli küçəsində ucadan ünvansız nalayiq ifadələr işlətmişdir. 30 aprel 2025-ci il tarixli, MN 2196507/216 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri T.Xəlilbəyli küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. 30 aprel 2025-ci il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510, 511.1.3-cü və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. “İnzibati qaydada tutma haqqında” xx.xx.2025-ci il tarixli, AZA 020083 saylı protokoldan görünür ki, Şəxs 30 aprel 2025-ci il tarixdə, saat 21:30-da tutulmuşdur. xx.xx.2025-il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 03:00-da “KHAZAR LX” minik markalı, **- PF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 332.1, 342.2.3 və 511.1.3-cü maddələrində nəzərdə tutulan inzibati xəta törətmişdir. Salyan RPŞ-nin DYPB-nin inspektoru, polis baş serjantı Şəhriyar Cavadov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, Salyan RPŞ-nin DYPBnin inespektoru polis serjantı Mirhadi Nəzirli ilə birlikdə xidmət apararkən Xəzər markalı **- PF-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə konstruksiya dəyişikliyi olduğu üçün tərəflərindən saxla işarəsi verilmiş, sürücüyə yaxınlaşuraq özlərini təqdim edərək konstruksiya dəyişikliyi olduğu üçün hüquqi izahlar verərək avtomobilin duracağa yerləşdirilməsini bildirdikdə, o, səs-küy yaratmağa başlamış, həmin şəxsi onlar sakit və təmkinli olmağa nizam intizama dəvət etsələr də, ucadan nalayiq küçə söyüşləri söyərək öz hərəkətlərini davam etdirərək onların qanuni tələblərinə qəsdən tabe olmamış, belə olduğunu görüb həmin şəxsi özünə məxsus avtomobili ilə birlikdə RPŞ-yə gətirib, növbətçi hissəyə təhvil verildiyini bildirmişdir. Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Fərid Şirinov tərəfindən tərtib olunmuş xx.xx.2025-ci tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə Salyan RPŞ-nin PPXB-nin polis nəfəri, polis seriantı Sahib Abbasov ilə birlikdə Salyan şəhər ərazisində baş vermiş oğurluqlarla bağlı mülki geyimdə, şəxsi avtomaşınları ilə xidmətdə olarkən gecə saat 03:00 radələrində Salyan şəhəri B.Talıblı küçəsində Xəzər markalı 77PF-834 dövlət nömrə nişanlı və Priora markalı **-TB-*** dövlət nömrə nişanlı avtomaşınların birbiriləri ilə yüksək sürətlə yürüş edərək digər nəqliyyat vasitələrinə və həmçinin onlar üçün təhlükə yaratdığını görmüşlər. Sonradan onlar Salyan dairəsi istiqamətinə yaxınlaşaraq və hər iki maşının orada dayandığını görmüşlər, onlara yaxınlaşaraq özlərini təqdim edərək və törətdikləri əməlin qanuna zidd olduğunu və insan həyatı üçün təhlükə yaratdığını onlara izah edərkən sözlərinə əhəmiyyət verməyərək avtomobilə əyləşərək dərhal oradan uzaqlaşmışlar. Qeyd olunanları nəzərə alaraq raporta dair aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan videogörüntülərdən görünür ki, Şəxs Salyan rayonu ərazisində idarə etdiyi “KHAZAR LX” minik markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobili qəflətən sürətləndirməklə, ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Salyan Rayon Məhkəməsinin 3(057)-1272/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinərək həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 10 (on) gün müddətə inzibati həbs edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 105.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 511.1.3-cü maddəsinə əsasən, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə – nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını tam və hərtərəfli tədqiq edərək belə qənaətə gəlir ki, iş materiallarında olan sənədlərlə Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması, ictimai qaydanı pozması öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş və inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olmuş raportda ümumi ifadələrə istinad olunmuş, Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması, ictimai qaydanı pozması, tabe olmamanın və ictimai qaydanı pozmasının nədə ifadə olunması göstərilməmiş və raportda göstərilən halları təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmişdir. Bundan əlavə, İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın olub-olmamasını, inzibati xəta törətmiş şəxsin təqsirini sübut edən mötəbər sübutlar iş materiallarına əlavə edilməmiş, işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları məhkəmə iclasında da müəyyən etmək mümkün olmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, polis orqanı tərəfindən Şəxs AR İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirli olmasını təsdiq edən sənəd kimi yalnız inzibati xəta haqqında protokolların və şahidlərin izahatlarının məhkəməyə təqdim edilməsi yetərli hesab olunmuşdur. Halbuki, Azərbaycan Respublikası Kontitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 16 noyabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, vəzifəli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol qəbul ediləcək qərar üçün əsas olmaqla, həmin iş üzrə ittiham yönümlü prosessual sənəd qismində çıxış edir. Konstitusiya Məhkəməsinin mövqeyini rəhbər tutan məhkəmə qeyd edir ki, hazırda məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol sübutedici qüvvəsi olmayan ittiham yönümlü sənəd olduğundan həmin protokolda göstərilən hallar şahid ifadələri, hadisənin videogörüntüləri və digər zəruri sübutlarla təsdiq olunmalıdır. Lakin hazırkı materialda Şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsini təsdiq edən heç bir sübuta istinad olunmamış və ümumi sözlərlə şəxsin müvafiq inzibati xətanı törətməsi göstərilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində çıxış edən polis əməkdaşlarının izahatları isə bu halın sübut olunması üçün kifayət sayılmır. Belə ki, inzibati xəta üzrə məsuliyyətin müəyyən olunması üçün təqdim edilən sübutlar mübahisəsiz və qəti olmalıdır. Hazırki iş üzrə yalnız polis əməkdaşlarının izahatları təqdim olunsa da, iddia edilən hadisəyə dair heç bir videogörüntü və ya digər obyektiv sübut təqdim edilməmiş, həmin hal barəsində inzibati xəta haqqında icraat aparılan şəxs tərəfindən inkar edilmişdir. Bu baxımdan, məhkəmə yalnız polis izahatına əsaslanaraq şəxsə qarşı inzibati tənbeh tətbiq edilməsini hüquqi baxımdan əsaslı və məqsədəuyğun hesab etmir. Belə ki, şahid izahatları yalnız digər obyektiv sübutlarla birgə tədqiq edildikdən sonar ittihamın əsasını təşkil edə bilər. Əks halda, bu cür izahatların təkbaşına mötəbər sübut kimi qəbul olunması sübutların obyektivliyinə dair əsaslı şübhələr yaradır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə İXM-nin 8.3-cü maddəsinə əsasən onun xeyrinə həll edilir. Şərh olunan hallara əsaslanaraq məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş və onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunvericiliyin imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs tərəfindən AR İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən sübutlar iş materiallarında olmamaqla yanaşı, məhkəmə baxışı zamanı da müəyyən edilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata onun həmin maddələrlə təqsiri sübuta yetirilmədiyindən xitam verilməlidir. Bundan başqa, məhkəmə qeyd edir ki, Şəxs İXM-in 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Odur ki, Şəxs törətdiyi həmin inzibati xətaya, yəni İXM-nin 511.1.3-cü maddəsinə əsasən tənbeh edilməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli etiraf edərək əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə işin digər hallarını nəzərə alaraq, onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə inzibati tənbehin tətbiq olunmasını isə ona görə məqsədəmüvafiq hesab etmirəm ki, həmin şəxsin barəsində inzibati həbs növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq inzibati həbs növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 30 aprel 2025-ci il tarixdən, saat 21:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar