Məhkəmə qərarları › İş №3(057)-523/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-523/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-523/2025 08.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakı ilə xx.xx.1961-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Kürqaraqaşlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinin tələbini pozması ilə əlaqədar Salyan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Salyan RPŞ-nin Yol patrul xidməti inspektoru polis serjantı X1 tərəfindən tərtib olunmuş İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə Salyan Rayon Polis Şöbəsi tərəfindən baxılması üçün xx.xx.2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında İXP ******* saylı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində idarə etdiyi “VAZ 21043 minik” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozması ilə əlaqədar olaraq Salyan RPŞ-nin yol patrul xidməti inspektorları tərəfindən saxlanılmış, araşdırma zamanı onun narkotik vasitə qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində nəqliyyat vasitəsini idarə etməsi aşkar edilmişdir. Bununla əlaqədar Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 329.1 və 333-1.1-ci maddələri ilə İXP seryalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, törətdiyi inzibati xətaya görə özünü təqsirli bilir. xx.xx.2025-ci il tarixdə, saat 20 radələrində Salya şəhərində Salyan RPŞ-nin Yol patrul xidməti inspektorları ona yaxınlaşaraq bildirmişlər ki, onu müayinədən keçirmək istəyirlər. Sonra onu həkim müayinəsindən keçirmişlər. Müayinə zamanı onda narkotik maddə marixuana aşkar olunmuşdur. Əməlindən peşmandır. Ona cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Salyan RPŞ-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati xəta haqqında iş üzrə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixdə, saat 20:33-də tərtib olunmuş İXP seryalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 329.1 və 333-1.1-ci maddələri ilə nəzərdə tutulmuş protokol tərtib edilmişdir. İş materiallarında olan BB 222684 saylı sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “B1, B, C1, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2025-ci il tarixli aktın surətindən görünür ki, Şəxs idarə etdiyi “VAZ 21043 minik” markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili YPXT-nin inspektoru tərəfindən yoxlanılaraq qəbul edilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə protokoldan görünür ki, Şəxs saxlanılarkən narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi üçün tibbi müayinəyə göndərilmişdir. İş materiallarında olan sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə xx.xx.2025ci il tarixli, № 000538 nömrəli aktdan görünür ki, yoxlama zamanı Şəxs avtomobili narkotik vasitələrin qəbulu nəticəsində yaranmış sərxoşluq vəziyyətində idarə etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin işin halları ilə bağlı verdiyi izahatı dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs İXM-in 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla və özünün etirafedici ifadəsi ilə onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq İXM-in 333-1.1-ci maddəsi ilə tövsif olunmuşdur. İXM-in 333-1.1-ci maddəsinin tələbinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə - altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 21 aprel 2025-ci il tarixli, № 000538 saylı protokola əsasən THC narkotik vasitələrin siyahısına daxildir və müayinə nəticəsində Şəxs sözügedən narkotik vasitələrdən istifadə etməsi müəyyən olunmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə inzibati xəta törətmiş Şəxs əməlindən səmimi peşman olmasını İXM-in 32.1-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında inzibati xəta törətmiş Şəxs əməlində İXM-in 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. İXM-in 329.1-ci maddəsinə əsasən, təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə görə qırx manat məbləğində cərimə edilir. Beləliklə, İXM-in 31-33-cü maddələrinə əsasən inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran haların olmamasını və ailə vəziyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs İXM-in 333-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüqununun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və İXM-in 329.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırkı iş üzrə qərarın surəti Salyan Rayon Polis Şöbəsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-51, 114 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Salyan Rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar