Məhkəmə qərarları › İş №3(057)-524/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-524/2024

28.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-524/2024 28.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu Rəhimov Səftər Rəhim oğlunun katibliyi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında 11 may 2024-cü il tarixli, EQ seriyalı, 21094639 saylı qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 11 may 2024-cü il tarixli, EQ seriyalı, 21094639 nömrəli qərar qəbul edilmişdir. Qərardan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidməti tərəfindən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X2 qərardan məhkəməyə şikayət verərək xx.xx.2024-cü il tarixli, EQ № 21094639 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin X4 yolunun 18 kilometrliyində xx.xx.2024-cü il tarixdə əsassız olaraq onun barəsində İXM-nin 327.1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Belə ki, o sözügedən ərazidə olarkən yol hərəkət qaydalarına riayət edərək ona məxsus **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olmuş və heç bir xəta pozuntusu etməmişdir. Lakin buna baxmayaraq xx.xx.2024-cü il tarixdə əsassız olaraq onun barəsində İXM-nin 327.1-ci maddəsi ilə inzibati tənbeh vermə barədə 40 manat məbləğində cərimə tətbiq edilmişdir. Odur ki, xx.xx.2024-cü il tarixli, EQ 21094639 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və ədalətsiz hesab edir. İşin hərtərəfli öyrənilməsi və düzgün ədalətli qərar qəbul edilməsi üçün DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətindən videogörüntülərin alınması zəruridir. Bu səbəbdən də, DİN BDYPİ-nin Mərkəzi Məlumat Xidmətindən vidoegörüntülərin alınmasında köməklik göstərilməsini bildirmişdir. Barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 21094639 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs X2 məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək göstərmişdir ki, 28 iyun 2024-cü il tarixə təyin olunmuş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməməsini nəzərə alaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Mərkəzi Məlumat Xidmətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin EQ seriyalı 21094639 saylı, xx.xx.2024-cü il tarixli “inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinə göndərilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş EQ seriyalı 21094639 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 xx.xx.2024-cü il tarixdə saat 19:57-də “Toyota Land-Cruiser Prado minik” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdilməsində təqsirli bilinərək barəsində 40 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati tənbeh vermə haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. İş materiallarından görünür ki, vətəndaş X2 istifadəsində olan “Toyota Land-Cruiser Prado minik” markalı, **-HH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yevlax-Ağdaş-Laçın avtomobil yolunun 18-ci kilometrliyində inzibati xəta törətməsini müəyyən etmək, inzibati xəta hadisəsi ilə bağlı foto və videogörüntü olmadan ədalətli qərar qəbul edilməsi mümkün deyildir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinə sorğu edilərək, xx.xx.2024-cü il tarixdə X2 tərəfindən Yevlax-Ağdaş- Laçın avtomobil yolunun 18-ci kilometrliyində yol verdiyi inzibati xətaya dair foto və videogörüntülərin məhkəməyə təqdim edilməsi təklif olunsa da bu mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən, bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Məhkəmə iclasında təqdim edilən sübutlar isə X2 tərəfindən İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini sübut etmək üçün kifayət etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1 və 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1 və 135.1.6-cı maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmaqla X2 barəsində EQ seriyalı 21094639 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. X1 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün olmadığı üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş EQ seriyalı 21094639 saylı, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, X1 Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik-leytenantı Elçin Xasiyev tərəfindən qəbul edilmiş EQ seriyalı 21094639 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” Qərar ləğv edilsin və yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar