Məhkəmə qərarları › İş №3(057)-527/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-527/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-527/2024 04.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlunun, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1989-cu il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, deməsinə görə hazırda işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 03 iyun 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 03 iyun 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 03 iyun 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs 750 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X4 göstərdi ki, Şəxs qətnaməni icra etmədiyi üçün barəsində protokol tərtib olunmuşdur. Borcluya 22 may 2024-cü il tarixdə icraata başlamaq haqqında qərar və xəbərdarlıq məktubu verilmişdir. Borclu aliment borcundan heç bir məbləğ ödəməyib, 20 iyunda 300 manat ödəniş etmək istədiyini bildirir. Onun dediyinə görə 15 gündür ki, işləmir. Borclu barəsində hər hansı qərarın çıxarılmasını məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, o məhkəmə qətnaməsi barədə məlumatlı olmamışdır. İcra məmuru xx.xx.2024-cü il tarixdə onu icra şöbəsinə dəvət edərək bu barədə ona məlumat vermişdir. Hazırda Bakı şəhərində fərdi evlərdə işləyir. Portalda "xxxx" MMCdə fəhlə işlədiyi görünsə də, kirayədə yaşayır və hər ay 100 manat kirayə pulu verir. Ona məktub gələn zaman bilmişdir ki, ödəniş etməlidir. 18 iyun 2024-cü il tarixinə kimi tələbkara 350 manat borcundan ödəyəcəkdir. Borclu məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, məhkəmənin icraatında olan 3(057)-527/2024 saylı inzibati iş üzrə borclu tərəfdir. 750 manat aliment borcundan 350 manatı 18 iyun 2024-cü il tarixə qədər ödəyəcəkdir. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs göstərdi ki, iki uşağı var, uşaqlardan birinin səhhətində problemlər var, gözündən müalicə olunmalı olsa da maddi vəziyyəti buna imkan vermir. Anası da, şəkər xəstəliyindən əziyyət çəkir. Anasının pensiyası ilə dolanırlar. Borcluya aliment borcunu ödəməsi üçün vaxt verilməsinə etiraz etmir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Salyan Rayon Məhkəməsinin 2(057)-728/2024 saylı, 27 mart 2024-cü il tarixli icra sənədinə əsasən, xx.xx.2019-cu il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Şəxs xx.xx.2024-cü il tarixdən başlayaraq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə hər ay 250 manat sabit pul məbləğində müvəqqəti aliment tutulması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2024-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə 22 may 2024cü il tarixdə borclu tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 99972/02 saylı xəbərdarlıq məktubundan görünür ki, barəsində olan Salyan Rayon Məhkəməsinin 2(057)-728/2024 saylı, 27 mart 2024-cü il tarixli icra sənədinin icrasının təmin etməsi və 31 may 2024-cü il tarixdə Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunur. Əks halda Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati və CM-nin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi üçün məcburi icra tədbirləri keçiriləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan borclu Şəxs Salyan rayon İcra və Probasiya Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatın ksero surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli icra sənədinə əsasən iki uşaq yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 250 manat məbləğində aliment ondan tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Bu gün Salyan rayon İcra və Probasiya Şöbəsində bugünə ödənilməyən 750 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməsi tələb olunmuşdur. Onun imkanı yoxdur. 50 manat ödəyəcəkdir aliment borcuna görə çünki hazırda işsizdir. Alimenti ödəməkdən boyun qaçırdığı halda Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən barəsində İnzibati Protokol tərtib olunaraq Məhkəməyə veriləcəyi barədə məlumatlandırılmışdır. Elektron Məhkəmə İnformasiya Sisteminin şəxsin gəlir məlumatları vərəqəsindən çıxarılmış əmək müqaviləsi məlumat vərəqindən görünür ki, borclu Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində ənənəvi materiallar üzrə inşaat fəhləsi vəzifəsində işləyir və aylıq 600 manat əmək haqqı alır. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinə əsasən, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Məhkəmə hesab edir ki, icra məmuru hazırki icra sənədinin icrası ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bütün mümkün icra tədbirlərini yerinə yetirmədən, borclunun icra sənədinin icra edilməsi üçün tələbin üzrsüz səbəbdən icra etməməsi barədə nəticəyə gəlmiş və əsassız olaraq onun inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlumdur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Belə ki, icraata başlamaq haqqında qərar borcluya 22 may 2024-cü il tarixdə təqdim olunmuşdur. Tələbin icrası ilə bağlı borcluya 10 gün vaxt verilmişdir. Həmin vaxtın bitdiyi gündən bir gün sonra, yəni 03 iyun 2024-cü il tarixdə borclunun barsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Borclunun könüllü icra müddəti ərzində borcunu ödəyə bilməməsi onun icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirilməməsi kimi qiymətləndirilməsi əsaslı deyildir. Məhkəmə müəyyən etmişdir ki, borclu Şəxs borcunu ödəməkdən imtina etmir. Həmçinin borclunun aliment borcunu 18 iyun 2024-cü il tarixədək ödəyəcəyi barədə məhkəməyə təqdim etdiyi ərizə ilə tələbkar razılaşmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Salyan Rayon Məhkəməsinin 2(057)-728/2024 saylı, 27 mart 2024-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar