Məhkəmə qərarları › İş №3(057)-539/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-539/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-539/2024 07.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Əliyev Vüqar Bəxtiyar oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Bilal oğlunun, Tələbkar Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1994-cü il tarixdə Salyan rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "xxxx" ASC-də mühafizəçi vəzifəsində işləyən, Salyan rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 07 iyun 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 07 iyun 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 07 iyun 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1020/2023 saylı, 07 avqust 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 9652.49 manat borcu tam qaydada Zərərçəkmiş şəxs ödəməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X1 izahatında göstərdi ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1020/2023 saylı, 07 avqust 2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 9652.49 manat borcu tam qaydada Zərərçəkmiş şəxs ödəməkdən imtina edir. Bir neçə dəfə borclunu icra şöbəsinə dəvət etmiş, borclu 06 may 2024-cü il tarixdə borcunun yarı hissəsini 05 iyun 2024-cü il tarixədək, qalan hissəni isə 2024-cü ilin oktyabr ayının sonuna kimi ödəyəcəyinə dair izahat yazmış olsa da borcundan heç bir məbləğ ödəməmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, onlar borclu ilə xx.xx.2024-cü il tarixdə Salyan rayon İcra və Probasiya Şöbəsində 9652.49 manat borcun yarı hissəsinin xx.xx.2024-cü il tarixə qədər borclunun ödəməsi və qalan hissəsinin isə aylıq 200 manat olaraq ödənilməsi haqqında razılaşdıqlarını, borclunun bu barədə söz verdiyini, lakin sonradan buna əməl etmədiyini bildirmişdir. Hazırda borclu heç bir ödəniş etmədiyi üçün borcu tam şəkildə tələb edir və protokolun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdi ki, hazırda borcundan ödəniş edə bilmir, bugünə qədər də maddi imkanı olmadığı üçün borcundan heç bir ödəniş edə bilməmişdir. Əgər ona iyun ayının sonunadək vaxt verilərsə borcundan 2000 (iki) manat ödəyə bilər. Borcun onun aylıq əmək haqqına yönəldilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahat və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1020/2023 saylı, 07 avqust 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs 9554.59 manat məbləğində pul və 97.90 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borclu tərəfindən imza edilməklə xx.xx.2024-cü il tarixdə qəbul edilmişdir. İş materiallarında olan 06 may 2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, o borcunun yarısını 05 iyun 2024-cü il tarixə kimi qalan hissəsini isə 2024-cü ilin oktyabr ayının sonuna kimi ödəyəcəyini bildirmişdir. Elektron Məhkəmə informasiya sistemində əldə edilmiş məlumatdan görünür ki, borclu GESCO” ASC-də mühafizəçi vəzifəsində işləyir və aylıq 345 manat əmək haqqı alır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilmədi. İcra sənədinin uzun müddətdir ki, icra olunmamasını nəzərə alaraq, hesab edir ki, Şəxs inzibati qaydada aşağı həddə həbs tənbeh tətbiq etməklə Azərbayan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Belə ki, borclu borcunu ödəyə bilmir. Onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi səmərəsiz olacaqdır. Ona görə də, onun barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 07 iyun 2024-cü il tarixdə, saat 17:30-dan hesablansın, inzibati həbsin sonu 17 iyun 2024-cü il, saat 17:30 hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar