Məhkəmə qərarları › İş №3(057)-540/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-540/2025

08.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-540/2025 08.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 07 may 2025-ci il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə 08 may 2025-ci il tarixdə məhkəməyə gətirilmişdir. İnzibati xəta haqqında MN seriyalı 2196525/227 nömrəli, 07 may 2025-ci il tarixli protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:25-də Salyan şəhəri, Ə.Quliyev küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında MN seriyalı 2196522/228 nömrəli, 07 may 2025-ci il tarixli protokolda göstərilir ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, Ə.Quliyev küçəsində uca səslə ünvansız nalayiq ifadələr işlədərək xırda xuliqanlıq hərəkətləri etmişdir. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə 07 may 2025-ci il tarixli, MN № 2196525/227 və MN № 2196522/228 saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 bildirmişdir ki, Ə.Quliyev küçəsində xidmətdə olarkən 07 markalı nəqliyyat vasitəsini idarə edərkən özlərini şübhəli apardıqları üçün saxlamış, saxlanılan zaman Muhammədəli yüksək səslə ünvansız nalayiq ifadə işlədərək qəsdən polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, evlidir. 1 uşağı var. Anası onkoloji xəstəlikdən əziyyət çəkir. O, özünü ona görə təqsirli bilir ki, polis əməkdaşlarından onu buraxmasını xahiş etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, o, söyüş söyməmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Salyan RPŞ-nin Post-patrul xidməti bölüyü polis nəfəri, polis serjantı X2 bildirmişdir ki, polisdə xidmətdə olan zaman sürücü özünü şübhəli apardığı üçün sürücü nəqliyyat vasitəsini saxlayan kimi ona yaxınlaşmışlar. Özlərini həmin şəxslərə təqdim etmişlər. Həmin vaxt sürücü qaçmış, sərnişin nəqliyyat vasitəsinin yanında qalmışdır. Həmçinin tərəfindən tərtib olunmuş raportda qeyd olunanlarla məhkəmə iclasında onun tərəfindən verdiyi izahat arasında olan ziddiyətin səbəbi soruşulduqda o, Muhəmmədəli tərəfindən söyüş söyülməsini eşitmədiyini bildirmişdir. Eyni zamanda bildirmişdir ki, sürücü qaçıb uzaqlaşsa da, Muhammədəli polis avtomobilinə əyləşmişdir. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Salyan RPŞ-nin Salyan RPŞ-nin İctimai təhlükəsizlik bölməsi, sahənin polis nəfəri, polis serjantı X5 oğlu bildirmişdir ki,onlar ərazidə hərəkət edərkən 07 markalı nəqliyyat vasitəsinin sürücüsü özünü şübhəli apardığı üçün nəqliyyat vasitəsini yaxınlaşaraq, özlərini təqdim etmişlər. Həmin vaxt sürücü və sərnişin kimi əyləşmiş Muhammədəli ucadan nalayiq küçə söyüşləri söymüşdür. Qəsdən qanuni tələblərinə tabe olmamışdır. Beləliklə, məhkəmə proses iştirakçılarını və şahidi dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, barəsində tərtib edilmiş 07 may 2025-ci il tarixli, MN № 2196525/227 və MN № 2196522/228 saylı inzibati xəta haqqında protokollara dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan “İnzibati qaydada tutma haqqında” AZA seriyalı 020084 nömrəli, 07 may 2025-ci il tarixli protokoldan” görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 21:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında AZA seriyalı 008256 nömrəli, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və onun üstündə olan əşyaları yoxlama zamanı üzərindən heç bir qiymətli əşya aşkar olunmamışdır. İş materiallarında olan Şəxs izahatından görünür ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. İzahatının kompyuter vasitəsi ilə onun sözləri ilə yazılmasına heç bir etirazı yoxdur. Qeyd edir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 20:40 radələrində tanışı olan Elşən Əliyev ilə birlikdə ona məxsus olan “VAZ 2107” markalı, **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən avtomobil yuyulan yerin qarşısında dayanmışdırlar. Bu zaman ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etdikdən sonra sərxoş vəziyyətdə avtomobil idarə etməyin qanun pozuntusu olduğunu bildirdilər. Onlar həmin vaxtı narkotik vasitənin təsiri altında olduqları üçün həmin polis əməkdaşları ilə mübahisə etməyə başlamışlar və mübahisə zamanı uca səslə nalayiq ifadələr işlətməyə başlamışlar. Həmin polis əməkdaşları onları yenidən nizam intizama dəvət edərək qanunun tələblərinə riayət etmələrini deyib, Elşən Əliyevin idarə etdiyi avtomobili duracağa yerləşdirərək barələrində qanuni tədbir görüləcəyini bildirmişlər. Lakin onlar narkotik vasitənin təsiri altında olduqları üçün bilərəkdən onların bu tələbinə tabe olmayaraq avtomobilin duracağa yerləşdirilməsinə mane olmağa çalışmışlar. O, orada polis əməkdaşlarına mane olmağa çalışan zaman Əlşən Əliyev oradan qaçıb getmişdir. Sonradan həmin polis əməkdaşları barələrində qanuni tədbir görülməsi məqsədilə onu və Elşən Əliyevi tapıb avtomobili ilə birlikdə Salyan RPŞ-nə gətirmişlər. Etdiyi əməlin qanun pozuntusu olduğunu bilir, məsuliyyətini dərk edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Toksikoloji testdən görünür ki, Şəxs metadon və sintetik marixuana pozitiv çıxmışdır. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:25 radələrində Salyan şəhəri, Ə.Quliyev küçəsində polis əməkdaşlarının yanında ucadan nalayiq ifadələr işlətməsi və xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, Ə.Quliyev küçəsində polisin qanuni tələblərinə qəsdən tabe olmaması, bununla da İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi öz təsdiqini tapmamışdır. Belə ki, İXM-in 510-cu maddəsinin dispozisiyasından göründüyü kimi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlər fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilmədikdə həmin maddədə nəzərdə tutulan məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və İXM-in 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. İXM-in 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, barəsində tərtib edilmiş 07 may 2025-ci il tarixli, MN № 2196525/227 və MN № 2196522/228 saylı inzibati xəta haqqında protokollara dair iş üzrə icraata xitam verilməli və o, məhkəmə iclas zalından dərhal azad edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından, barəsində tərtib edilmiş 07 may 2025-ci il tarixli, MN № 2196525/227 və MN № 2196522/228 saylı inzibati xəta haqqında protokollara dair iş üzrə icraata xitam verilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar