Məhkəmə qərarları › İş №3(057)-544/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-544/2023

12.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-544/2023 12.06.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X4 qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Salyan rayonunun, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Salyan rayonunun, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 12 iyun 2023-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinin İTBnin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş MN № 1655031-591 saylı, 12 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN № 1655031-591 saylı, 12 iyun 2023-cü il tarixli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, Salyan rayonu, Qaraçala qəsəbəsi ərazisində Zərərçəkmiş şəxs Qoçay oğlunu söyərək təhqir etmişdir. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenatı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 12 iyun 2023-cü il tarixli, MN № 1655031-591 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və toplanmış materiallar Salyan RPŞ-si tərəfindən aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Aralarında heç bir ədavətləri olmamışdır. Uşaqları mübahisə etdiyi üçün xx.xx.2023-cü il tarixində Əlişin işlədiyi mağazaya getmiş orada ona bildirdikdə aralarında mübahisə yaranmış, mübahisə zamanı Zərərçəkmiş şəxs onu vurduğu üçün o, da hirislənnərək Əlişin ünvanına söyüş söymüşdür. Suallara cavab olaraq Şəxs göstərmişdir ki, Əlişlə mübahisə etdikdən sonra evə gəlmiş bir qədər sonra evdən çıxıb gedərkən yolda Salyan Rayon RPŞ-nin PPXB-nin polis əməkdaşları ona yaxınlaşmış və üzərindən bıçaq olduğu üçün onu Rayon Polis Şöbəsinə aparılmışlar. Əlişin yanına həm də ona görə getmişdir ki, mağzadan aldığı sement bərk olduğunu demək üçün. Əməlindən peşman olduğunu, ailəsində ondan başqa işləyən şəxsin olmadığını bildirmişdir. Əlişlə barışmaq istəsə də o, barışmaq istməmişdir. Məhkəmə iclasında izahat verən Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı X3 bildirmişdir ki, tədqiqatçının qərarı əsasında məlumat ona daxil olmuş, o da inzibati qaydada protokol tərtib edərək məhkəməyə vermişdir. Protokol tərtib olunarkən Şəxs peşman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadı ilə Şəxs barəsində tərtib olunmuş protokol baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, İXP 1655031-591 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tələblərini pozmuşdur. Salyan Rayon PŞ-nin TB-nin təhqiqatçısı Fuad Mirzəzadə tərəfindən qəbul edilmiş 09 iyun 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində inzibati xətanın tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin İTB-nə verilmişdir. Beləliklə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək elə hesab edirəm ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və həmin maddənin sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 12 iyun 2023-cü il tarixdən, saat 10:00-dan hesablanmaqla, inzibati həbsdən sonu 18 iyun 2023-cü il tarixdə, saat 10:00 hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar