Məhkəmə qərarları › İş №3(057)-555/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-555/2025

19.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-555/2025 19.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayının inspektoru, polis baş serjantı X3, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Salyan rayonu Şorsulu kəndində anadan olmuş, evli, ali təhsili, Salyan rayonu Marışlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.2-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Republikası DİN-nin Baş Dövlət Yol Polis idarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Republikası DİN-nin Baş Dövlət Yol Polis idarəsinin Yol-Patrul Xidməti Alayı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4 və 327.2-ci maddələri ilə İXP ******* saylı xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Tərtib edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 09:29-da “Vaz 21074 minik” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1967-ci ildə Salyan rayonu Şorsulu kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan Şəxs tərəfindən Azərbaycan Republikası İXM-nin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədilmişdir. Həmin faktla bağlı Azərbaycan Republikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində araşdırma aparılmış və 15 may 2025-ci il tarixli qərarla həmin xüsusat üzrə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati tənbeh tədbiri görülmüşdür. Qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Republikası Baş prokurorluğuna göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş 10-cu Tağım Yol patrul xidməti inspektoru, polis baş serjantı X6 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, sürücülük vəsiqəsi olmadan özünə məxsus olan “Vaz 2174 markalı” **-DG-*** dövlət qeydiyyat nəqliyyat vasitəsini idarə etmişdir. Həmin avtomobili pulunu tam ödəyərək almış, amma imkanı olmadığı üçün öz adına sənədləşdirə bilməmişdir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında marketdən çıxıb evə getmək üçün özünə məxsus olan “Vaz 2174 markalı” **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilə əlyəşərək Ələt-Astara yoluna çıxaraq Ələt qəsəbəsi istiqamətində hərəkətdə olan zaman avtomobilin texniki cəhətdən saz olub, yük və sərnişin olmamışdır. Ələt-Astara yolu ilə bir az getdikdən sonra, təxminən saat 21:30 radələrində öz zolağında saatda təxminən 35-40 km\saat surətlə hərəkət etmişdir. Qarşısında yol sola döngə idi, həmin döngəli yerə çatıb dönən vaxt görmüşdür ki, qarşısında gələn minik avtomobili sola yəni onun sağına yol ayrıcısına döndü və dayanmadan həmin yol ayrıcısından geriyə dönüb magistral yola, yəni ona doğru gəldiyini və həmin zaman dayanacağını düşünüb bir az sola gedib onun qarşısından keçib yoluna davam etmək istəyən həmin avtomobilin sürücüsü hərəkətdən dayanmayıb yenidən yolun Astara rayon istiqamətinə olan zolağa keçmişdir. Həmin vaxt o, onun ön hissəsindən vurmamaq üçün sükanı sola döndərib ondan yayınmaq istəmişdir. Ancaq aralarında olan məsafə qalmadığı üçün onun avtomobilimin qabaq sağ hissəsilə onun qabaq sol hissəsi toqquşmuşdur. Toqquşmadan sonra onun avtomobili arxaya doğru hərəkət edib dayanmışdır. O, xəsarət aldığı üçün özündən getdiyini və oyananda xəstəxanada olduğunu görmüşdür. Hadisə zamanı o, xəsarət almışdır. O, spirtli içki qəbul etmədiyini bildirmişdir. Törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində yüngül tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X2 məxsus 055 ***-**-** nömrəli mobil telefonla əlaqə saxlanılmış, o, Şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4 və 327.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; İXP ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 09:29-də “Vaz 21074 minik” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1967-cı ildə Salyan rayonu Şorsulu kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla yaşayan Şəxs tərəfindən Azərbaycan Republikası İXM-nin 327.2 və 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta (xətalar) törədilmişdir. 15 may 2025-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanılması rədd edilmiş və inzibati tənbeh tədbiri görülmüşdür. Şəxs avtomobili sürücülük vəsiqəsi olamadan idarə etməklə yol-nəqliyyat hadisəsi törətdiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulan tənbeh tədbiri görülmüşdür. Qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 27 mart 2025-ci il tarixdə saat 21:30 radələrində Ələt-Astara-İran sərhədi yolunun Salyan rayonu ərazisindən keçən 81-ci kilometrində 1967-ci il təvəllüdlü, Salyan rayonu Şorsulu kəndində qeydiyyatda olan Şəxs idarə etdiyi “Vaz 21074” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1995-ci il təvəllüdlü, Abşeron rayonu H.Əliyev prospekti RPİ-də qeydiyyatda olan X1 idarə etdiyi «Volkswagen Passat» markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Vaz 21074” markalı avtomobilin sürücüsü Şəxs xəsarət alaraq Salyan MRX-na müraciət etmişdir. Baş müstəntiq polis mayoru Fuad Şirinov hadisə yerinə baxış keçirərək müvafiq sənədləşmə aparmışdır. Məlumatın 1 nömrəli hadisə kitabına qeydiyyata alınaraq araşdırılmasına icazə verilməsini xahiş etmişdir. 27 mart 2025-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” protokol və foto cədvəllərdən görünür ki, Şəxs idarə etdiyi “Vaz 21074” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1995-ci il təvəllüdlü, Abşeron rayonu H.Əliyev prospekti RPİ-də qeydiyyatda olan X1 idarə etdiyi «Volkswagen Passat» markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. X1 izahatından görünür ki, “BC” kateqoriyalı, AE 057420 seriyalı və nömrəli sürücülük vəsiqəsilə "xxxx" MMC-nə məxsus olan “Volksvvagen Passat” markalı, **-AM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edir. Həmin avtomobillə müxtəlif vaxtlarda müxtəlif yerlərə gedib gəlir. 27 mart 2025-ci il tarixdə həmin avtomobillə Bakı şəhərindən Salyan rayonuna getmişdir. Orada işlərini bitirdikdən sonra iş yoldaşları ilə birlikdə Şorsulu kəndinə getmək üçün Ələt-Astara avtomobil yoluna çıxıb Astara rayonu istiqamətində hərəkətinə davam etmişdir. Hərəkətdə olduğu zaman avtomobil texniki cəhətdən saz olub, yük yeri boş olub və avtomobildə sərnişin olmuşdur. Avtomobili saatda təxminən 60 kmsaat surətlə idarə edərək Ələt-Astara b olu ilə xeyli gəlib Şorsulu kəndi ərazisinə çatmışdır. Avtomobili öz zolağı ilə satda 60 km/saat surətlə idarə edərkən qarşıda yol sağa döngəli idi. O, yolun həmin döngəli hissəsinə yaxınlaşanda görmüşdür ki, qarşıdan “Vaz 2107” markalı avtomobil gəlmiş,həmin avtomobilə çatmağına az qalmış o, qəflətən sola istiqamətlənib onun zolağına çıxmışdır. Bu vaxt o, ayağını tormoza atıb sükanı sağa doğru döndərmişdir. O, toqquşmadan yayınmaq istəsədə aralarındakı məsafə az olduğu üçün bunun heç bir xeyri olmamış və onun hərəkət etdiyi zolaqda “Vaz 2107” markalı avtomobilin qabaq hissəsilə “Vaz 2107” markalı avtomobilin qabaq hissəsi toqquşmuşdur. Toqquşmadan sonra onun avtomobilim sağa istiqamətlənib dayanmışdır. O, dərhal avtomobildən düşmüş və həmin avtomobilin sürücüsü xəsarət alaraq avtomobilin içərisində olduğunu görərək, ətrafdan toplaşan insanlarla birlikdə ona köməklik edib avtomobilindən çıxarıb xəstəxanaya göndərmişlər. O isə hadisə yerində qalıb YPX əməkdaşına sənədlərini təqdim edib hadisə yerinin müayinəsində iştirak etmişdir. Hadisə zamanı o, heç bir bədən xəsarəti almamışdır. “Vaz 2107” markalı avtomobil onun hərəkət zolağına istiqamətlənəndə aralarında təxminən 35-40 metr məsafə olmuşdur. Hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etmədiyini bildirmişdir. "xxxx" MMC-nin 01/2024 saylı xx.xx.2024-cü il tarixli etibarnaməsindən görünür ki, etibarnamə ilə Nizamnamə əsasında fəaliyyət göstərən və direktor X4 şəxsindən təmsil olunan Azərbaycan Respublikasının qanunveriliciyinə əsasən hüquqi şəxs olan "xxxx" MMC (VÖEN **********) (bundan sonra “Şirkət adlandırılaçaq) Şirkətə mülkiyyət hüququ əsasında məxsus olan X10 Minik Volksvvagen markalı avtomobilinin (dövlət nömrəsi AZ 77AM171) idarə edilməsi hüququnu Şirkətin əməkdaşı X2 (Sürücülük vəsiqəsi № AE057420 Azərbaycan Respublikası DİN Qİİ ş/v seriya AA1405144, xx.xx.2030-cu tarixinədək etibarlıdır) həvalə edir. Bu etibarnamə ilə etirbarnamə alana verilmiş səlahiyyət üçüncü şəxslərə verilə bilməz bilmədiyi və bu etirbarnamə xx.xx.2024-cü il tarixində 3 (üç) il müddətinə verildiyi göstərilmişdir. Nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair 01 fevral 2025-ci il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi X5 “Vaz 21074 minik” markalı avtomobili Şəxs 1 il müddətinə etibarnamə əsasında vermişdir. Etibarnamənin xx.xx.2026-cı il saat 23:59-dək qüvvədə olduğu göstərilmişdir. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxsinin HK-1/268 nömrəli 28 mart 2025-ci il tarixli ekspert rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Şəxs məhkəmə tibbi müayinə zamanı aşkar edilmiş xəsarətlər - sağ bud sümüyünün diafizinin qapalı, ikiqat, çoxqəlpəli,yerini dəyişən sınığı,döş qəfəsinin əzilməsi,sol əlin 1V-V barmaqları arasında əzilmiş yara,sağ əldə və baş nahiyələrində yara,sıyrığlar küt əşya(əşyalar) təsirindən törənmiş,qərarda göstərilən müddət və şəraitdə, yəni xx.xx.2025-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın uzun müddətə pozulmasına səbəb olan AZ AĞİR zərərvurmaya aiddir. DİN-nin Baş Əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Şəxs məhkum olunmamışdır. Baş Dövlət Yol Polisi İdarəsinin 08 aprel 2025-ci il tarixli 3-13-16/2-68115/2025 saylı məktubundan görünür ki, Şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Məhkəmə ekspertiza mərkəzinin 08 may 2025-ci il tarixli 3-16-16/2-8/809/2025 nömrəli ekspert rəyindən görünür ki, 1.İstintaq tərəfindən göstərilən şəraitdə Volksvvagen Passat markalı **-AM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. 2.İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21074 markalı 20-DG918 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində cYol hərəkəti haqqından Azərbaycan Respuə ı ası Sanununun” e-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Şəxs VAZ-21074 markalı avtomobili sürücülü vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkətləri haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 332.4 və 327-2-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir və onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə - beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən onun əməlindən səmimi peşmançılıq hissi keçirməsini və törədilmiş inzibati xətanın zərərli nəticələrinin aradan qaldırılaraq vurulmuş zərərin əvəzinin könüllü surətdə ödənilməsini məsuliyyəti yüngülləşdirən hallar kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq məhkəmə onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Bununla yanaşı, inzibati xəta haqqında protokolda göstərilən AR İXM-nin 327.2-ci maddəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən maddələrdə nəzərdə tutulmuş inzibati xətaya hüquqi qiymət verilməsi məhkəmənin deyil, müvafiq səlahiyyətli orqanın səlahiyyətinə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon-şəhər məhkəmələri tərəfindən baxılan inzibati xətaların dairəsi dəqiq müəyyən edilmiş və həmin inzibati xətalar içərisində AR İXM-nin 327.2-ci maddəsi nəzərdə tutulmamışdır ki, bu da onu deməyə əsas verir ki, hazırki halda səlahiyyətli orqan müvafiq inzibati xətanın törədilməsi ilə bağlı inzibati xətaya dair protokolu məhkəməyə göndərməkdə haqlı olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material şəxsin əməlinə qiymət verilməsi üçün Salyan Rayon Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinsin, barəsində 500 (beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs AR İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə hüquqi qiymət verilməsi səlahiyyətli orqanın səlahiyyətinə aid olduğundan material Şəxs AR İXM-nin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlinə qiymət verilməsi üçün Salyan Rayon Polis Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar