Məhkəmə qərarları › İş №3(057)-569/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-569/2025

21.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-569/2025 21.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru İsmayılov Coşqun Əhəd oğlunun, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə xx.xx.1986-cı ildə Salyan rayonu, Çuxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatda olmaqla, yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 21 may 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 21 may 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 08 may 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 264/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu Şəxs 1200 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, əvvəllər aliment borcuna görə 1500 manat məbləğində pulu tələbkara ödəmişdir. Hazırda yaranmış aliment borcunu ödəməyə maddi imkanı yoxdur. Məhkəmə ona hazırda borcunu ödəyə bilib-bilməməsi ilə bağlı soruşduqda, o bildirmişdir ki, ona 15 gün vaxt verilərsə borcunun yarısını ödəyə bilər. Tələbkar Zərərçəkmiş şəxs aliment borcunun ödənilməsini tələb etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 izahatında göstərdi ki, icra məmurunun çağırışlarına gəlmir. Lakin barəsində məcburi gətirilmə qərarı tərtib edildikdən və polis müdaxiləsindən sonra şöbəyə gəlmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-264/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüldü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Şəxs xx.xx.2020-ci ildən başlayaraq hər ay hər uşağa 100 manat olmaqla, cəmi 200 manat miqdarında aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş Şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan 21 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs barəsində olan Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş 2(057)-264/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin etməsi və 03 mart 2025-ci il tarixdə Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuş, əks halda inzibati və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə sənəd tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu Salyan rayonu, Çuxanlı kəndində yaşayan Şəxs barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması üçün məcburi gətirilmə haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 8(057)-142/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 264/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Salyan rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatının ksero surətindən görünür ki, Salyan rayon İcra və Probasiya Şöbəsində 1200 manat öhdəsinə olan aliment pulunu tam qaydada ödəməsi təklif olunmuşdur. Aliment borcunu tam qaydada ödəyə bilmir. İşsizdir. Hissə-hissə gücü çatan qədər ödəməyə söz verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinin tələblərinə görə, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İcra sənədinin icra olunmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada aşağı həddə inzibati həbs tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, borclu aliment borcunu ödəmir. Borclu bu günədək aliment borcundan heç bir məbləğ ödəməmişdir. Belə olan halda borclunun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi səmərəsiz olacaqdır. Ona görə də, məhkəmə Şəxs barəsində aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq sayır. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, İXMin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 21 may 2025-ci il tarixdə, saat 17:00-dan hesablansın. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. İcra sənədi üzrə borclu Şəxs nəzərinə çatdırılsın ki, icra sənədi üzrə borcunu üzrsüz səbəblərdən ödəməyəcəyi təqdirdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar