Məhkəmə qərarları › İş №3(057)-570/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-570/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-570/2025 11.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi Zamanov Asif Xanoğlan oğlunun katibliyi, X1 iştirakları ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında 25 fevral 2025-ci il tarixli, MN № ******* nömrəli qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq (Salyan şəhəri, Əli Zeynalov küçəsi, 91), məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə 25 fevral 2025-ci il tarixli, MN № ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 1000 manat məbləğində inzibati cərimə olunmuşdur. X3 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə 25 fevral 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayətlə 23 may 2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. X3 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə 25 fevral 2025-ci il tarixli, MN № ******* nömrəli qərarı ilə X3 İXM-in 272.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirili bilinərək 1000 manat məbləğində inzibati cərimə olunmuşdur. Onun tərəfindən ümumiyyətlə heç bir inzibati xəta hadisəsi törədilməmiş və İXM 272.1-ci maddəsinin tələbləri pozulmamışdır. Onun ov etməsi barədə heç bir sübut olmadan inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin buna baxmayaraq barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş və qanunsuz inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Heç bir təqsiri olmadığı halda inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsi qanunsuzdur. 14 may 2025-ci il tarixdə barəsində çıxarılmış 25 fevral 2025-ci il tarixli inzibati tənbeh haqqında qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə ilə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etmişdir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən 14 may 2025-ci il tarixli qərardad qəbul olunaraq barəsində qəbul edilmiş 25 fevral 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət etmək üçün buraxılmış müddətin bərpası barədə vəsatəti bərpa edilmişdir. Yuxarıda göstərilənlərə əsasən, barəsində tərtib edilmiş 25 fevral 2025-ci il tarixli, MN № ******* nömrəli qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 barəsində İXM-in 272.1-ci maddəsi ilə deyil, İXM-in 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs X3 şikayəti müdafiə edərək göstərmişdir ki, onun ovçuluq hüququ var. Lisenziyası olduğu üçün ova getmişdir. Ovda olarkən ekologiya idarəsinin əməkdaşları ona bildirmişlər ki, ov etməli olduğu ərazinin sərhədlərindən kənara çıxmışdır. Ov etməli olduğu ərazinin sərhədlərini dəqiq müəyyən etmək olmur. Sərhədlərlə bağlı həmin ərazidə heç bir xəbərdarlıq löhvəsi olmamışdır. Göstərilənlərə əsasən, barəsində tərtib edilmiş 25 fevral 2025-ci il tarixli, MN № ******* saylı qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada təkrar xəbərdar edilməsinə baxmayaraq, nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İXM-in 133.2.4-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxsi dinləyərək, hesab edir ki, şikayət qismən təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraat zamanı İXM-in tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İXM-in 272-1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 25 fevral 2025-ci il tarixli qərarı ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Belə ki, MN № ******* saylı, 25 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarda qeyd edilmişdir ki, Cəlilabad rayonu inzibati ərazisində yerləşən “Qırmızıkənd” ovculuq təsərrüfatında xx.xx.2025-ci il tarixində ov üçün verilmiş AA022781 nömrəli, xx.xx.2025-ci il tarixli icazədə göstərilməyən yerdə ov etdiyi qeyd edilmişdir. Lakin protokola digər zəruri sənədlər, sübutlar, müayinə aktı, maddi sübutlar, yerli baxış aktı, ov edilməsi faktını sübut edə biləcək digər sübutlar əlavə edilməmiş, Anar Abdullayev tərəfindən ov edilmənin tam hərtərəfli araşdırılmamış, qərar əsaslandırılmamış və inzibati xəta hadisəsi müəyyən və sübut edilməmişdir. Həmçinin məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, İXM-in 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsinə dair işlər üzrə qərar qəbul etmək səlahiyyəti məhkəməyə aid olduğu halda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 25 fevral 2025-ci il tarixli qərar qəbul etmişdir. Halbu ki, İXM-in 43.1-ci maddəsinin tələbinə əsasən, rayon (şəhər) məhkəmələri İXM-in 272-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxır. İXM-in 128.1 və 133.2.8-ci maddələrinə əsasən “Barəsində qərar çıxarılmış şəxs, ... zərər çəkmiş şəxs, ... inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər”, “inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır”. İXM-in 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızılıq üzündən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati xəta haqqında iş üzrə 25 fevral 2025-ci il tarixli, MN № ******* nömrəli qərarı X2 iştirakı olmadan qəbul edilmişdir. Belə ki, şikayətə əlavə edilmiş 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 14 may 2025-ci il tarixli, № 0002 nömrəli qərardadının surətindən görünür ki, X3 barəsində çıxarılmış 25 fevral 2025-ci il tarixli, MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış prosessual müddətin bərpa olunması barədə 13 may 2025-ci il tarixdə 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə ərizə ilə müraciət etmişdir. O, ərizəsini inzibati xəta haqqında işə baxılmasında iştirak etməməsini bildirişin ona vaxtında çatdırılmaması ilə əsaslandırmışdır. Orqan ərizəni əsaslı hesab edərək buraxılmış prosessual müddəti bərpa etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mübahisələndirilən qərarda Anar Abdullayevin “Qırmızıkənd” ovçuluq təsərrüfatında ov üçün verilmiş icazədə göstərilməyən yerdə ov edilməsi qeyd edilsə də, icazə verilmiş yerin sərhədləri ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İXM-in 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri sübut edilməlidir. İXM-in 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul olunmuş MN № ******* saylı, 25 fevral 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 barəsində İXM-in 272-1-ci maddəsi ilə qərar qəbul edilməsinə səbəb, onun xx.xx.2025-ci il tarixdə qadağan olunmuş yerlərdə ov etməsi olmuşdur. İXM-in 272-1-ci maddəsinə əsasən, Bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Şikayətə əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx.xx.1972-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Salyan rayonu, Sarvan kəndində qeydiyyatdadır. İXM-in 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, həmin Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-in 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat zamanı İXM-in tələbləri, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozulduğuna görə X3 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən İXM-in 272-1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 25 fevral 2025-ci il tarixli qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və İXM-in 129.1.1, 130.1, 133, 134, 135, 136, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 25 fevral 2025-ci il tarixli qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılması üçün 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar