Məhkəmə qərarları › İş №3(057)-571/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-571/2024

11.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-571/2024 11.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis baş leytenantı X1 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Lerik rayonu, Arta kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğu olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2024-cü il tarixli, MN 1988220/662 saylı və xx.xx.2024-cü il tarixli, MN 1988221/663 saylı inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN 1988221/663 saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN 1988220/662 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokollardan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan şəhəri, X.R.Ulutürk küçəsində ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə saat 01:15-də Salyan şəhəri, X.R.Ulutürk küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞnin İTB-nin sahə rəisi, polis baş leytenantı X2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Salyan RPŞ DYPB-nin YPX-nin inspektorları X4 Mənəfovla xidmətdə olarakən Salyan şəhəri, X.R.Ulutürk küçəsində VAZ-21074 markalı avtomobilin qabaq nömrəsi olmadığı üçün ona yaxınlaşıb özlərini təqdim edib, sənədlərinin verilməsini istəmişlər, lakin həmin şəxs içkili olduğu üçün onlarla kobud danışmış, sənədlərini verməkdən imtina etmiş və uca səslə nalayiq ifadələr işlətməyə başlamışdır. Onu dəfələrlə nizam intizama dəvət etsələr də, o, öz hərəkətlərini davam etmişdir. Onun barəsində qanuni tədbir görülməsi üçün Salyan RPŞ-yə dəvət etmişlər, lakin həmiş şəxs polislərin qanuni tələblərinə qəsdən tabe olmadığı üçün, onu məcburi şəkildə Salyan RPŞ-yə gətirmiş və növbətçi hissəyə təhvil vermişlər. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ailəvi tanışları olan əmisi Kərimin uşağının ad günüdə oturub yeyib-içmiş, bu zaman spirtli içki qəbul etmiş bir müddət sonra aradan çıxdıqda özünə məxsus VAZ-21074 markalı **-EY- *** dövlət nömrə nişanlı maşınını içkili olduğu üçün dostu Cəlala sürməyə vermişdir. Gecə saatlarında, yəni xx.xx.2024-cü il tarixində saat 01:00 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsində 9 mərtəbəli binanın yanında dayanmışlar, dostu maşından düşdükdən sonra o, maşında tək oturmuş, maşının qabaq dövlət qeydiyyat nişanı yerində olmadığı üçün maşının salonunda fitin üstündə olduğu üçün ətrafda xidmət aparan Salyan rayon Polis şöbəsinin DYP-nin əməkdaşları ona yaxınlaşaraq maşının nömrəsini niyə yerində olmamasını soruşmuşlar və onun sənədlərini yoxlamaq istəmişlər və onlara sənəd təqdim etməmiş, maşının şüşələrini bağlayıb açarı götürərək maşından düşmüşdür. Spirtli içki qəbul etdiyi üçün davranışlarına nəzarət edə bilməmiş və ucadan ünvansız nalayiq söyüşlər söymüş və bu səbəbdən polisin qununi tələblərinə tabe olmamışdır. Polis əməkdaşları onu dəfələrlə nizam intizama dəvət etsələr də, o öz hərəkətlərinə davam etmişdir. Onlara məhəl qoymamış, onu Salyan Rayon Polis şöbəsinə gəlməsini dəvət etsələr də, o, bundan imtina etmişdir. Bu zaman ora Post Patrul Xidmətinin əməkdaşları gələrək onu Salyan RPŞ-yə gətirmişlər. Etdiyi əmələ görə peşman olduğunu, belə hallara birdə yol verməyəcəyini bildirmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Salyan RPŞ-nin DYPB-nin YPX-nın inspektoru Cavadov Şəhriyar xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Şəxs təhlükəsizlik kəmərindən istifadə etmədiyinə, onları söyüb təhqir edərək qanuni tələblərinə qəsdən tabe olmadığına görə barəsində tədbir görülməsindən ötrü Salyan RPŞ-nə gətirilib növbətçi hissəyə təhvil verilmişdir. xx.xx.2024-cü il tarixli, MN 1988221/663 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 01:15 -də Salyan şəhəri, X.R.Ulutürk küçəsində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. xx.xx.2024-cü il tarixli, MN 1988220/662 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, Salyan şəhəri, X.R.Ulutürk küçəsində ucadan ünvansız nalayiq söyüşlər söymüşdür. xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:40-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, MN № ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həqiqətən də, xx.xx.2024-cü il tarixdə, saat təxminən 01:15 radələrində Salyan şəhəri, X.R.Ulutürk küçəsində avtomobilin qabaq nömrəsi olmadığına görə ona yaxınlaşan Salyan RPŞ-nin İTB-nin sahə polis nəfəri Şəhriyar Cavadovun qanuni tələblərinə qəsdən tabe olmayaraq özünü təqdim etməkdən imtina etmiş, bundan sonra küçədə ucadan söyüşlər söyərək ictimai qaydanı pozmuş, oraya gələn post patrul xidmətinin əməkdaşları onu intizama dəvət etsələr də, həmin şəxs ictimai qaydanı pozmaqda və polis əməkdaşlarının qanuni tələblərinə tabesizlik göstərməkdə davam etmişdir. Bu səbəbdən də, həmin şəxs Salyan RPŞ-nə aparılaraq şəxsiyyəti müəyyən edilmiş və barəsində hazırkı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bununla da, Şəxs yuxarıda sadalanan hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 535.1-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində inzibati tənbeh növü olaraq inzibati həbs tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən İXM-nin 535.1-ci maddəsi ilə 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbs etmənin əvvəli 11 iyun 2024-cü il tarixdən, saat 17:00-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası Salyan rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar