Məhkəmə qərarları › İş №3(057)-572/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-572/2024

12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-572/2024 12.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun, Müdafiəçi – Fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə, xx.xx.1990-cı ildə Biləsuvar rayonu, Zəhmətabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Biləsuvar rayonu, Zəhmətabad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 12 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün inzibati xəta törədən şəxslə birlikdə xx.xx.2024-cü il tarixdə məhkəməyə gətirilmişdir. MN seriyalı 1988231/672 nömrəli, 12 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolda görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:00-da Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 29 kilometrliyində polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. MN seriyalı 1988230/673 nömrəli, 12 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokolda görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:00-da Salyan rayonu, Ələt-Astara avtomobil yolunun 29 kilometrliyində uca səslə nalayiq ifadələr işlədərək xırda xuliqanlıq inzibati xəta törətmişdir. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə 12 iyun 2024-cü il tarixli, MN № 1988231/672 və № 1988230/673 saylı inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Bakı şəhəri və Abşeron rayonu ərazisində fərdi yaşayış evlərinin təmir işləri ilə məşğul olur. Bu gün saat 10:00 radələrində Salyan rayonu ərazisində yerləşən stasionar postda onu saxlamışlar. O avtomobili saxlayaraq sənədləri polis əməkdaşına təqdim etmişdir. Onu avtomobildən düşərək posta dəvət edərkən qorxduğu üçün avtomobili sürərək oradan uzaqlaşmışdır. Buna səbəb isə başqa bir polis əməkdaşı ilə bağlı DİN-nin “102 Zəng Xidməti”nə etdiyi şikayət əsasında həmin şəxs barəsində qanunamüvafiq qaydada cinayət işi başlanılacağı olmuşdur. O qorxmuşdur ki, həmin polis əməkdaşı hazırda postda olan polis əməkdaşlarına göstəriş vermişdir ki, onu saxlasınlar. Ona görə də, oradan avtomobili sürərək getmişdir. Yol Patrul Xidməti əməkdaşı avtomobildə olan mikrofon vasitəsi ilə “saxla, dur” göstərişi verdikdən sonra avtomobili saxlamış, bir qədər sonra isə yenidən qorxduğu üçün piyada oradan qaçmışdır. Xəstə anası olduğunu, işlədiyini və əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən barəsində inzibati cərimə növündə tənbeh tədbirinin görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X3 protokolu müdafiə edərək qanunamüvafiq qaydada məhkəmədən qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs müdafiəçi Vəkil göstərmişdir ki, Şəxs hərəkətlərində inzibati xətanın tərkibi yoxdur. İcraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirmişdir ki, xx.xx.2024-cü ildə xidmətdə olan zaman kamera nəzarəti şöbəsindən (990) rabitə vasitəsi ilə göstəriş verilmişdir ki, **-BM-*** dövlət qeydiyyatlı nişanlı avtomobil saxlanılsın. Post həyətində xidmət göstərən əməkdaşlara bu barədə məlumat vermişlər ki, avtomobil saxlanılsın. Postda həmin avtomobil saxlanılmış, sənədlər tələb olunmuşdur. Bu zaman sürücü sənədləri orada qoyaraq avtomobillə oradan uzaqlaşmışdır. Onun ardınca hərəkət edərək tərəflərindən sürücüyə “saxla” göstərişi verilmişdir. Sürücü avtomobili bir neçə dəfə onların üzərinə sürmüşdür. Avtomobil saxladıqdan sonra sürücü yenidən onlara tabe olmayaraq oradan piyada uzaqlaşmışdır. Yenidən sürücünün ardınca gedərək onu Salyan RPŞ-nə gətirmişlər. Əlavə olaraq bildirmişdir ki, sürücü Şəxs barəsində “saray postu”nda xidmət edərkən onun barəsində inzibati protokol tərtib etdiyi üçün ondan əsassız yerə şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, xx.xx.2024-cü ildə xidmətdə olan zaman kamera nəzarəti şöbəsindən (990) rabitə vasitəsi ilə göstəriş verilmişdir ki, **-BM-*** dövlət qeydiyyatlı nişanlı avtomobil saxlanılsın. Əməkdaşlar tərəfindən həmin avtomobil saxlanılmış, sənədlər tələb olunmuşdur. Bu zaman sürücü sənədləri orada qoyaraq avtomobillə oradan uzaqlaşmışdır. Onun ardınca hərəkət edərək tərəflərindən sürücüyə “saxla” göstərişi verilmişdir. Sürücü avtomobili bir neçə dəfə onların üzərinə sürmüşdür. Avtomobil saxladıqdan sonra sürücü yenidən onlara tabe olmayaraq oradan piyada uzaqlaşmışdır. Yenidən sürücünün ardınca gedərək onu Salyan RPŞ-nə gətirmişlər. Məhkəmə iclası zamanı inzibati materiallar arasında olan 02 ədəd CD diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, sürücü Şəxs YPX əməkdaşlarının göstərişlərini əməl etməyərək avtomobilini saxlamır, saxladıqdan sonra isə polisin qanuni göstərişlərinə tabe olmayaraq oradan piyada uzaqlaşır. Beləliklə, məhkəmə nümayəndəni, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, müdafiəçini dinləyib, inzibati xəta haqqında protokollara, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarında olan Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, o özünə məxsus **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Belə ki, onun əvvəldən yol polisləri ilə problemi olduğu üçün BDYPB-nin müraciət etmişdir. Həmin müraciəti ilə əlaqədar orada işləyən Namiq adlı əməkdaşı işini araşdırmışdır və həmin vaxtdan onun nömrəsi onda vardır. Belə ki, o yol polislərindən xoşu gəlmədiyi üçün həmin Namiq adlı polis əməkdaşının telefonuna vatçap vasitəsilə mesajlar yazaraq onu söymüş və təhqir etmişdir. İş materiallarında olan Salyan Rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs vəziyyəti praktik sağlam olaraq qiymətləndirilmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Salyan rayonu, Ələt-Astara yolunun 29-cu kilometrliyində uca səslə nalayiq ifadələr işlətmiş və bununla da Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapdı. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddənin dispozisiyasından göründüyü kimi, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxs hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə ki, tərtib edilmiş inzibati xəta haqqında protokol və məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən edildi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00radələrində Salyan rayonu Ələt-Astara yolunun 29-cu kilometrliyində uca səslə nalayiq ifadələr işlədərək Salyan RPŞ-nin əməkdaşının qanuni tələbinə məhəl qoymayaraq polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi əməlindən peşman olmasını və himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Beləliklə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı və iş üzrə araşdırılmış digər hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati həbs növündə tənbeh tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş fərdi qaydada fəaliyyət göstərən Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə fərdi qaydada fəaliyyət göstərən Vəkil məhkəmədə iştirak etdiyi 04 iş saatına görə 24 (iyirmi dörd) manat məbləğində vəsait onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesablarına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinsin və barəsində 10 (on) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbsetmənin əvvəli 12 iyun 2024-cü il tarixdən saat 11:00-dan hesablansın. Həbsetmə ilə bağlı qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Müdafiəçi - Fərdi qaydada fəaliyyət göstərən vəkil X4 məhkəmə prosesi zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmədə hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 04 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 6 manat miqdarında olmaqla, 24 manat məbləğində pul onun “Kapital Bank”-ın Masallı rayon filialı Ş.VV.İ.F.T.BİK AİİBAZ2Z A244AİİB******************** KOD:200435, VÖEN ********** M/H:AZ NAB ********************4 VÖEN ********** hesablarına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar