Məhkəmə qərarları › İş №3(057)-574/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-574/2025

25.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-574/2025 25.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan - Şəxs oğlunun iştirakı ilə, xx.xx.2002-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Salyan rayonu, Ərəbqardaşbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 25 may 2025-ci il tarixdə Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 510-cu maddəsi ilə tərtib olunmuş MN № 2196537/244 saylı, 24 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN № 2196537/244 saylı, 24 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə Salyan şəhəri, Ə.Quliyev küçəsində ucadan nalayiq söyüşlər söymüşdür. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 tərəfindən Şəxs barəsində İXM-in 510-cu maddəsi ilə MN № 2196537/244 saylı, 24 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və toplanmış materiallar Salyan Rayon Polis Şöbəsi tərəfindən aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında izahat verən Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 bildirmişdir ki, protokolu polis əməkdaşı Faiq Əzizovun raportu əsasında tərtib etmişdir. Həmin raportdan görünür ki, Salyan RPŞ-nin TB-nin təhqiqatçısı Faiq Əzizov xx.xx.2025-ci il tarixdə saat 23:35 radələrində Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən xeyir şər evinin qarşısında bir neçə nəfər şəxsin ucadan səs küy salaraq nalayiq ifadələr işlətdiyini eşidib onlara yaxınlaşaraq özünü təqdim etmiş və onlara nizam intrizama, sakitçiliyə riayət etmələrini bildirsə də, onların onun qanuni tələblərinə məhəl qoymamışlar. Hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında dindirilən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, 3 nəfər şəxs aralarında nalayiq ifadələr işlətdikləri üçün tutulmuşlar. İşsizdir. 44 günlük Vətən müharibəsi veteranıdır. Əməlindən peşmandır. Verilən suallara cavab olaraq bildirmişdir ki, özünü təqsirli bilir. Polisin yaxasından tutmuşdur. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Salyan RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X4 bildirmişdir ki, toy axşamı tədbirinə qonaq qismində dəvət edilmişdir. Həmin məclisdə bir neçə dəqiqə əyləşdikdən sonra 3 nəfər şəxsin ucadan nalayiq ifadələr işlətdiyini görmüş, onları nizam intizama dəvət etsə də, həmin şəxslər onun sözlərinə məhəl qoymayaraq, onun yaxasından tutaraq dartmışlar. Həmin tədbirdə çoxsaylı insanlar olduğu üçün o, kömək üçün Növbətçi Hissəyə zəng etmişdir. Polis əməkdaşları ora gələrək Əkbər və Muradı polis avtomobilinə əyləşdirib şöbəyə aparmışlar, Elvin isə oradan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində izahatı alınmış Salyan RPŞ-nin CAB-nin bölmə rəisi, polis mayoru X3 bildirmişdir ki, növbətçi hissədən zəng vuraraq Salyan şəhəri, Ə.Quliyev küçəsində yerləşən xeyir şər evinin qarşısında 3 nəfər şəxsin səs küy salaraq ictimai yerdə qaydanı pozmaları barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumata əsasən həmin yerə getmişlər, həmin şəxsləri müəyyən etdikdən sonra onları polis avtomobilinə əyləşdirərək şöbəyə gətirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadı ilə Şəxs barəsində tərtib olunmuş protokol baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. MN № 2196537/244 saylı, 24 may 2025-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM-in 510-cu maddəsinin tələblərini pozmuşdur. “İnzibati qaydada tutma haqqında” AZA seriyalı № 020091 saylı, 24 may 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 01:00-da inzibati qaydada tutulmuşdur. Şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında AZA seriyalı № 008252 saylı, xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və onun üstündə olan əşyaları yoxlama zamanı üzərindən heç bir qiymətli əşya aşkar olunmamışdır. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Alcovisor-AZ817” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. xx.xx.2025-ci il tarixdə, saat 21:41-də çap edilmiş qəbzdən görünür ki, alkoqol tərkibi 1.321 promil olmuşdur. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2025-ci il tarixdə, saat 23:35 radələrində Salyan şəhəri, Ə.Quliyev küçəsində ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və bununla da İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapır. Beləliklə, məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs həmin hərəkətləri ilə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və həmin maddənin sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs müharibə veteranı olması inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. İXM-in 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin səxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, Şəxs aşağı həddə inzibati həbs növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda qeyd edilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 05 (beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Şəxs 24 may 2025-ci il tarixdən saat 00:30-dan 24 may 2025-ci il saat 19:00-a qədər inzibati qaydada tutulması nəzərə alınsın. Şəxs həbsedilməsinin əvvəli 25 may 2025-ci il tarixdən saat 19:00-dan hesablanmaqla, inzibati həbsin sonu 30 may 2025-ci il tarixdə, saat 00:30 hesab edilsin. Həbsetmə ilə bağlı qərarın icrası Salyan Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə və bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar