Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-579/2024 05.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Salyan Rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Salyan rayonu, Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan rayon PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Salyan rayon PŞ-nin DYPB-nin Yol Patrul Xidməti inspektoru polis serjantı X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 333.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə İXP serialı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək xx.xx.2024-cü il tarixdə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, X5 xx.xx.2024-cü il tarixdə, saat 13:30-da idarə etdiyi “Mercedes C220CDİ minik” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozması ilə əlaqədar olaraq Salyan rayon PŞ-nin DYPB-nin Yol patrul xidməti inspektorları tərəfindən saxlanılmış, araşdırma zamanı onun sərxoş halda nəqliyyat vasitəsini idarə etməsi aşkar edilmişdir. Bununla əlaqədar olaraq Salyan RPŞ-nin DYPB-nin Yol patrul xidməti inspektoru polis serjantı X5 tərəfindən xx.xx.2024-cü il tarixli, İXP serialı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon Yol Patrul Xidməti inspektoru polis serjantı X5 göstərdi ki, Yadigar Mehdiyevi 18 iyun 2024-cü il tarixdə saat 10:14-də alkotestrdən keçirtdikdən sonra Salyan RPŞ-nə gətirərək inzibatçıya təhvil vermişdir. Özündən spirtli içki içib-içmədiyini soruşduqda bildirmişdir ki, dünən axşam saatlarında spirtli içki qəbul etmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, nahar ərəfəsində Şəxs onun mobil nömrəsinə zəng vuraraq sərxoş olmadığını, həkim tərəfindən müayinə olunmaq istədiyini bildirsə də, xidməti ərazidə olduğunu ona bildirmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə göndərməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, alkotestrin nəticəsi ilə razılaşmadığından inzibati xəta haqqında protokolu imzalamamışdır. Həkim tərəfindən müayinə olunmasını tələb etsə də ona bildirmişlər ki, özün gedib həkimdə müayinə oluna bilərsən. Ona görə də, taksi ilə xəstəxanaya getmiş, orada ona demişlər ki, polis şöbəsindən göndəriş verilməsə onu müayinə edə bilməyəcəklər. Ona görə də, məcbur qalıb yenidən polis şöbəsinə qayıtmışdır. 18 iyun qeyri-iş günü olduğundan polis şöbəsində onun şikayətinə əhəmiyyət verilməmişdir. X9 müharibəsində şəhid olmuşdur. Özü isə FHN-nin əməkdaşıdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün “Alcovisor-AZ817” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitədən istifadə edilmişdir. xx.xx.2024-cü il tarixdə çap edilmiş qəbzdən görünür ki, müayinə nəticəsində Şəxs alkoqol tərkibi 0.357 % olmuşdur. İş materiallarında olan sərxoşluq vəziyyətinin müəyyən edilməsi barədə protokoldan görünür ki, Şəxs sərxoşluq vəziyyəti aşkar olunduğundan tibbi müayinəyə göndərilməsi qeyd olunsa da tibbi müayinədən göndərilməmişdir. İş materiallarında olan BC 442152 saylı sürücülük vəsiqəsinin surətindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “B1, B, C1, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İş materiallarında olan avtonəqliyyat vasitəsinin saxlanca qəbulu barədə xx.xx.2024cü il tarixli Akt-dan görünür ki, Şəxs “Mercedes C220CDİ minik” markalı, **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili YPXT-nin inspektoru tərəfindən yoxlanılaraq qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 2 saylı X1 direktor müavini Afil Qəhrəmanovun 20 iyun 2024-cü il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda Şəxs hal-hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan Regional filialından (Salyan, Neftçala, Biləsuvar) heç bir növ üzrə əmək pensiyası, sosial müavinət və təqaüd almır. İş materiallarına əlavə olunmuş X3 görünür ki, X6 xx.xx.1994-cü ildə Qarabağ bölgəsində, Ağdam rayonunda gedən döyüşlərdə həlak olmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 20-ci maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının səhiyyə müəssisələri yol-nəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olub-olmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər; 83-cü maddəsinin İİİ hissəsinə əsasən müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 27 iyun tarixli, 209 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın: 2.4-cü bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 2.5-ci bəndinə əsasən şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 333.1-ci maddəsinin qeyd hissəsinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75.0.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir; 75.0.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətməkdə şəxsin təqsiri müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır; 76.2-ci maddəsinə əsasən bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”nın 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi aşağıdakı əlamətlərdən biri müşahidə olunduqda həyata keçirilir: 2.1.1. nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2.1.2. ayaq üstə sərbəst dayana bilmədikdə; 2.1.3. özünü idarə edə bilmədikdə. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən, şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən İXM-in 406-cı maddəsinə uyğun olaraq protokol tərtib edilir. Məhkəmə hesab edir ki, Şəxs 18 iyun 2024-cü il tarixdə, saat 10:14-də “Alcovisor- AZ817” markalı sərxoşluq vəziyyətini təyin edən xüsusi texniki vasitə ilə müayinə edilsə də barəsində İXP ******* nömrəli protokol 13:30-da tərtib olunmuşdur. Aktdan və protokoldan görünür ki, Şəxs protokolu, aktı imzalamamış, sərxoşluq vəziyyəti aşkar olunduqdan sonra tibbi müayinəyə göndərilməsi barədə protokol tərtib olunsa da tibbi müayinəyə göndərilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olduğu halda, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair məhkəməyə təqdim olunan sənədlər ziddiyyətli olmaqla onun sərxoş olmasını şübhə altına alır, buna görə də məhkəmə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələri onun xeyrinə həll edərək, şəxsin təqsirsiz olması və onun əməlində İXM-in 333.1-ci maddəsinin tərkibinin olmadığı qənaətinə gəlir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 333.1-ci maddəsinin tərkibi aşkar edilmədiyindən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in: 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114.2.1, 115 və 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkibi olmadığından, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixdə İXP serialı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Salyan Rayon Polisi Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-579/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-579/2024
05.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver