Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-586/2024 03.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Salyan rayonu, Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Salyan rayonu, Sarvan kəndində qeydiyyatda olmaqla yaşan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinin tələbinin pozulması ilə əlaqədar Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqdim edilmiş inzibati xəta haqqında MN № 1988240/711 saylı protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki silah əldə etmiş və onu saxlamışdır. Salyan rayon PŞ-nin rəisi, polis polkovniki Nəzər Əsgərov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinən Şəxs barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün xx.xx.2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, ov tüfəngi dayısından ona yadigardır və 7-8 ildir ki, ondadır. Ov tüfəngini evin zirzəmisində saxlamışdır. Yoldaşı ilə arasında mübahisə olmuş, daha sonra yoldaşı atasına zəng etmiş və atası gəlib onu valideynlərinin evinə aparmışdır. Yoldaşı ilə aralarında mübahisə olduqdan sonra polislər yaşadığı evə gələrək ov tüfəngini axtarıb tapmışlar. O, arvadını onu ov tüfəngi ilə vuracağını deməmişdir. Hazırda yoldaşı ilə birgə yaşayır. Ov tüfəngini Salyan RPŞ-nə təhvil vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan RPŞ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan rayon PŞ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkəti ilə Azərbaycan Respublikası İXM-nin 590.2ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli, barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Salyan rayon PŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 07 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın surətindən görünür ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilməsi, Şəxs əməlində İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti Salyan RPŞ-nin X1 verilmişdir. İş materiallarında olan Salyan rayon PŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 xx.xx.2024-cü il tarixli raportundan görünür ki, Salyan rayonu Sarvan kəndində yaşayan X5 xx.xx.2024-cü il tarixdə Salyan RPŞ-nə ərizə ilə müraciət edərək, 28 aprel 2024-cü il tarixdə həyat yoldaşı Şəxs ilə aralarında yaranmış mübahisə zamanı Fəridin onu tüfənglə öldürəcəyi ilə hədələməsi barədə məlumat vermişdir. Salyan rayonu Sarvan kəndində yaşayan X3 xx.xx.2024-cü il tarixdə Salyan RPŞ-nə etdiyi müraciət Salyan RPŞ-də “Törədilmiş və hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 847 sayla qeydiyyata alınaraq icraatına daxil olmuşdur. Aparılmış araşdırma zamanı toplanmış material üzrə Salyan rayon Sarvan kənd sakini Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi, eyni zamanda Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın (müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşıması, başqa şəxslərə verilməsi və ya satılması) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün, həmçinin Şəxs təqdim etdiyi 1964-cü ildə zavod üsulu ilə istehsal edilmiş, bir ədəd, 12 kalibrli, “İJ 12” modelli “П 0399” nömrəli, daxili çaxmaqlı, qoşalüləli odlu ov tüfəngi rayon polis şöbəsinin maddi sübutların saxlanılması otağına təhvil verilməsi üçün qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin X1 verilməsi barədə qərar qəbul olunmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqında protokol baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 75-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 590.2-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq onun barəsində təqsirləndirildiyi Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə əsas inzibati tənbehin, inzibati xətanın bilavasitə obyekti olan predmetin müsadirəsi növündə əlavə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət olmuş zavod üsulu ilə istehsal olunmuş 01 ədəd silah 12-kalibirli, “İJ 12” modelli, “П 0399” nömrəli, daxili çaxmaqlı, yivsiz qoşa lüləli odlu ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində cərimə edilsin. Müsadirə edilmiş əmlak Azərbaycan Respublikası DİN-nin Təchizat İdarəsinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-586/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-586/2024
03.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver