Məhkəmə qərarları › İş №3(057)-587/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-587/2024

24.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-587/2024 24.06.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan Rayon Polis Şöbəsinin sahə rəisi polis baş leytenantı X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs oğlunun iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Cəlilabad rayonunun, Sabirabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, deməsinə görə məhkumluğu olmayan, işsiz, Cəlilabad rayonunun, Sabirabad kəndində qeydiyyatda olmaqla, Salyan rayonu, Qaraçala qəsəbəsidə yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına 24 iyun 2024-cü il tarixdə Salyan Rayon Polis Şöbəsinin sahə rəisi, polis baş leytenantı X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş MN № 1954008-712 saylı, 24 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər daxil olmuşdur. MN № 1954008-712 saylı, 24 iyun 2024-cü il tarixli inzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in 102 Xidməti zəng Mərkəzi sisteminin məlumatı qəbul edən operator və Salyan RPŞ-nin əməkdaşlarının ünvanına təhqir edici ifadələr işlətmişdir. Qeyd olunan faktlarla əlaqədar Salyan RPŞ-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 24 iyun 2024-cü il tarixli, MN № 1954008-712 saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və toplanmış materiallar Salyan RPŞ-si tərəfindən aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə qardaşı ilə birlikdə Qaradağ rayonu ərazisində fəaliyyət göstərən Daş karxanasında işdən yaşadığı Qaraçala qəsəbəsinə gəlmişlər. Qardaşı ilə birlikdə yemək yeyib bir qədər araq içmişlər. Daha sonra piyvə içdiyi üçün halı pisləşmişdir. Təcili yardıma zəng vurmaq istəsədə “102” xidmətinə bilmədən zəng vurmuşdur. İçkili olduğu üçün nə danışdığını, nə söz dediyini bilməmişdir. Polis əməkdaşları onu qardaşının evinə aparmışdır. Onun polisə qarşı heç bir narazılığı yoxdur, polis əməkdaşlarına minnətdardır. Salyan Rayon Polis Şöbəsində o öz səs yazısına qulaq asarkən utanmışdır. Xahiş edir ki, barəsində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Məhkəmə iclasında iştirak edən Salyan RPŞ-nin sahə rəisi polis baş leytenantı X3 izahatında bildirmişdir ki, Şəxs “102” xidmətinə zəng vurduğu üçün polis əməkdaşları ilə birlikdə Qaraçala qəsəbəsinə getmişlər. Onlar ora gedənə kimi ətrafda olan insanlar İxtiyar Heydərovun sərxoş olduğunu görüb velosipedini ondan almışlar ki, velosipedlə avtomobil yoluna çıxıb təhlükə törətməsin. İxtiyarı polis avtomobilinə mindirərək qardaşının evinə aparıb düşürmüşlər. İxtiyar onlara qarşı heç bir tabesizlik göstərməmiş, sərxoş olduğu üçün hərəkətlərini xarakterini başa düşməmiş və rabitəsiz danışmışdır. Növbəti günü velosipedi İxtiyara aparıb təhvil vermişlər. İnzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə nümayəndənin, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatını dinləyib, inzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək elə hesab edir ki, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və həmin maddənin sanksiya çərçivəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan Şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayır. xx.xx.2024-cü il tarixdə yaşadığı Qaraçala qəsəbəsi ərazisində spirtli içki qəbul etmişdir. Daha sonra velosiped ilə Qarabağlı kəndi ərazisində yerləşən “Samir” şadlıq sarayının qarşısına gəlmişdir. Orada da, piyvə içdikdən sonra nə olduğunu anlamayıb DİN-in 102 Xidməti zəng mərkəzinə zəng edib təhqiredici ifadələr işlətmişdir. Bildirir ki, bu zaman o içkili olmuşdur. Bir qədər sonra polis əməkdaşları gəlib özlərini təqdim edərək onu sakitləşdirib yaşadığı evə gətirib qardaşına təhvil vermişdirlər. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Növbətçi Hissələri İdarəetmə Xidmətindən Salyan RPŞ-nə ünvanlanmış 7/2-13652/24 saylı, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.2024-cü il tarixində saat 19:05-də Cəlilabad rayonu, Sabirabad kənd sakini vətəndaş X1 (051) ***-**-** nömrəsindən “102” Xidmətinə zəng edib, Salyan RPŞ-nin əməkdaşlarını və məlumatı qəbul edən operatorun ünvanına təhqiredici ifadələr işlətmişdir. İş materiallarında olan baxış keçirilmiş 02 ədəd “CD” disklərdə olan səs yazıları ilə müəyyən olunur ki, Şəxs “102” Xidmətinə zəng edərək, spirtli içki qəbul etdiyini, təcili yardıma zəng vurmaq istədiyini, özünün də polis əməkdaşı olduğunu deməklə rabitəsiz danışmış və daha sonra Salyan RPŞ-nin əməkdaşlarını və məlumatı qəbul edən operatorun ünvanına xoşagəlməz sözlər deyir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət vəənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 100 (yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar