Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-605/2025 01.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis kapitanı X2 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 232-1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2025-ci il tarixli, MN 2196569/265 saylı və xx.xx.2025-ci il tarixli MN 2196568/266 saylı inzibati xəta haqqında protokollara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsinin İTB tərəfindən Azərbaycan Respublikasının İXM-nin 232.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN 2196569/265 saylı və Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN 2196568/266 saylı inzibati xəta haqqında protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayon Məhkəməsinin həyətində ucadan ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə Salyan rayon Məhkəməsinin həyətində güzgünü qəsdən sındıraraq məhkəməyə maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Salyan RPŞnin İTB-nin sahə rəisi, polis kapitanı X4 protokolu müdafiə edərək, Şəxs barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 25 may 2025-ci il tarixdə barəsində İXM-nin 510 və 535.1-ci maddələrini törətməkdə təqsirli bilindiyi üçün barəsində protokol tərtib olunmuş, Salyan Rayon Məhkəməsinin qərarı ilə barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə 07 (yeddi) gün müddətinə inzibati həbs tətbiq edilmişdir. O, məhkəməyə çıxarılan zaman xx.xx.2025-ci il tarixdə, saat təxminən 17:30 radələrində məhkəmənin inzibati binasının arxa hissəsində imiş. Həmin zaman halı yaxşı olmadığı üçün əl-üz yuyanın üst tərəfində qoyulmuş güzgünün əyri olduğunu görmüş, onu düzəltmək istəyən zaman güzgü qırılmışdır. Elə həmin gün güzgü alınaraq yerinə qoyulmuş, maddi ziyan onun tərəfindən könüllü olaraq tam ödənilmişdir. Artıq 25 may 2025-ci il tarixdən hazırki vaxtadək inzibati həbsdə olduğu üçün əməlindən peşman olduğunu bildirərək, məhkəmədən barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 510 və 232.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Salyan RPŞ-nin TB-in təhqiqatçısı, polis baş leytenantı Mircəlal Ağalarovun xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Salyan rayon Məhkəməsinin sədri Adil Vəliyev tərəfindən Salyan rayon polis şöbəsinə daxil olmuş müraciətdə 25 may 2025-ci il tarixdə Salyan rayon məhkəməsində baş vermiş hadisə ilə bağlı X3 barəsində toplanmış sənədlərə hüquqi qiymət verilməsi və barəsində qanuni tədbirin görülməsi üçün göndərilməsi əks olunmuşdur. Salyan rayon Məhkəməsinin sədri X6 rayon polis şöbəsinə etdiyi müraciət xx.xx.2024-cü il tarixdə Salyan RPŞ-də “Törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabı”nda 1030 sayla qeydiyyata alınaraq icraatına daxil olmuşdur. Araşdırma zamanı toplanmış material üzrə Salyan şəhəri 28 may küçəsi bina 11, mənzil 10-da yaşayan X3 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul olunmuş, eyni zamanda X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 232-1ci (əmlakı qəsdən məhv etmə) maddələrinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surəti rayon polis şöbəsinin X1 verilmişdir. xx.xx.2025-ci il tarixli, MN 2196569/265 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayon Məhkəməsinin həyətində güzgünü qəsdən sındıraraq məhkəməyə maddi ziyan vurmuşdur. xx.xx.2025-ci il tarixli, MN 2196568/266 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Salyan rayon Məhkəməsinin həyətində ucadan ünvansız söyüşlər söyərək ictimai qaydanı pozmuşdur. xx.xx.2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardadan görünür ki, Salyan Rayon Məhkəməsinin sədri X6 RPŞ-nə etdiyi müraciət əsasında toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması rədd edilmiş, Şəxs əməlində İXM-nin 510 və 232-1-ci maddəsinin tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması və barəsində inzibati qaydada tədbir görülməsi üçün qəbul edilmiş qərarın surətinin rayon polis şöbəsinin İTBnə verilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərardaddan görünür ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu və 232.1-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh növü məhkəmə səlahiyyətinə aid olduğu üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. AZA 021491 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 01:30-da inzibati qaydada tutulmuşdur. Salyan Rayon Məhkəməsinin 3(057)-572/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN № 2196542/246 nömrəli, 24 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol üzrə inzibati işin icraatına xitam verilmiş, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilmiş, həbs etmənin əvvəli 24 may 2025-ci il tarixdən saat 01:00-dan hesablanmışdır. Salyan Rayon Məhkəməsinin dəftərxana müdiri Rahib Baxışov tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Sadıq X5 Rayon Məhkəməsinin əl-üz yuyanının şüşəsini qırmaqla məhkəməyə maddi ziyan vurmuşdur. Elə həmin gün Şəxsov tərəfindən dəymiş ziyan ödənilmişdir. Beləliklə, iş materiallarını nəzərdən keçirib, hesab edirəm ki, Şəxs həqiqətən də, yuxarıda sadalanan hərəkətləri ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 232.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddələrlə təqsirli bilinməli, aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 510-cu maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 31.4-1-cü maddəsinə əsasən, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 232-1-ci maddəsinə əsasən, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə işin digər hallarını nəzərə alaraq, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, İnzibati Xətalar Məcəllənin 510-cu maddəsi ilə 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, barəsində inzibati icraat aparılan şəxs Şəxs 7 günlük inzibati həbs cəzasını çəkərək törətdiyi xətanın ictimai təhlükəliliyini dərk etmiş, məhkəməyə vurduğu maddi ziyanı öz təşəbbüsü ilə bərpa etmişdir. Bu halda, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Məhkəmə, həmçinin, onu da qeyd etməyi zəruri hesab edir ki, şəxsin dəymiş ziyanı könüllü olaraq ödəməsi onun törətdiyi hərəkətin ictimai təhlükəliliyinin azaldığını göstərsə də, iş üzrə zərərçəkmiş şəxslə barışıq əldə edilmədiyindən həmin hissədə işə xitam verilməsi üçün əsas yaranmamışdır. Belə ki, İXM-nin 39.2-ci maddəsinə əsasən, bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati iş üzrə icraata xitam verilməsi üçün inzibati xəta törətmiş şəxsin vurulmuş ziyanı tamamilə ödəməsi ilə yanaşı zərərçəkmiş şəxslə barışması da nəzərdə tutulmuşdur. Odur ki, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 30.3, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 232-1-ci maddələri ilə təqsirli bilinib, barəsində həmin Məcəllənin 31.4-1 və 34.3-cü maddələrinə əsasən, İXM-nin 510-cu maddəsi ilə 75 (yetmiş beş) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-605/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-605/2025
01.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver