Məhkəmə qərarları › İş №3(057)-613/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-613/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-613/2025 18.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Dövlət X2 Regional Reklam İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə 00800-00687 nömrəli, 30 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli, **********4502 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 3082 avro (5685,67 manat) məbləğində valyuta vəsaiti qanunvericiliklə müəyyən edilmiş 180 günlük müddət ərzində Azərbaycan Respublikasına geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi şəkildə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq, protokolu tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblərini məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən, işə həmin idarənin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi şəkildə xəbərdarlıq edilməsinə və bildiriş göndərilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi səxs Şəxs MMC-nin nümayəndəsi X1 məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli, **********4502 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC tərəfindən Fransanın Lion şəhərinə xx.xx.2024-cü il tarixində 134 kq çəkidə “soyudulmuş qurbağa pəncələri” adlı mallar ixrac edilmiş və bu əməliyyat üzrə ümumi gömrük dəyəri 3082 avro, ümumi dəyəri isə 5685.67 AZN olaraq göstərilmişdir. xx.xx.2024-cü il tarixli gömrük xidmət müqaviləsindən görünür ki, Şəxs MMC gömrük prosedurlarının icrası, sənədlərin hazırlanması və elektron bəyannamələrin təqdim edilməsi üçün "xxxx" MMC ilə müqavilə bağlamışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən, bu funksiyaların icrası “Təmsilçi” qismində çıxış edən "xxxx"-ə həvalə olunmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci şöbəsinin böyük inspektoru Şəfəq Mirzəli tərəfindən tərtib edilmiş və həmin idarənin rəisi Anar Cahangirova ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən ixrac olunan malların müqabilində əldə edilən valyutanın, Prezidentin xx.xx.1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə müəyyən edilmiş qaydaya uyğun olaraq, 180 gün müddətində müvafiq bank hesabına köçürülmədiyi bildirilmiş, bu səbəbdən tədbir görülməsi üçün göstəriş verilməsi xahiş olunmuşdur. Anar Cahangirov tərəfindən imzalanmış bildiriş və xəbərdarlıqdan görünür ki, Şəxs MMC-yə ixrac etdiyi malların müqabilində əldə edilən vəsaitin 180 gün ərzində ölkəyə qaytarılmasının qanunla tələb olunduğu izah olunmuş və bu müddətin başa çatmasına yalnız 30 gün qaldığı qeyd edilərək, gecikmə halında məsuliyyətin yaranacağı barədə rəsmi xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli qərardaddan görünür ki, Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi üzrə tərtib edilmiş inzibati xəta protokol işin digər materialları ilə birlikdə baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-cü il tarixli, 00800-00687/25 saylı protokoldan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2024-cü il tarixli, **********4502 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ümumilikdə 3082 avro (5685,67 manat) məbləğində valyuta vəsaiti qanunvericiliklə müəyyən edilmiş 180 günlük müddət ərzində Azərbaycan Respublikasına geri qaytarılmamışdır. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Şəxs MMC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş bank çıxarışlarından görünür ki, “AZARİFROG MMC”-nin ABB-dəki avro hesabına xx.xx.2024cü il tarixindən sonra 180 gün (6 ay) ərzində müvafiq valyuta köçürmələri daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin “Qeyd” hissəsinə əsasən Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. “Valyuta tənzimi haqqında” Qanunun 1-ci maddəsinin 9-cu hissəsinin “a” bəndində cari valyuta əməliyyatlarından biri kimi malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi; 10-cu hissəsinin “q” bəndində isə malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması göstərilmişdir. 10 fevral 2017-ci il tarixli 1233 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə ixracda hesablaşmaları tənzimləyən Qaydaların 12-ci bəndinə hesablaşma üsulları ilə bağlı edilmiş dəyişikliklər nəticəsində dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışının yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilməsi kimi irəli sürülən tələblər aradan qaldırılmışdır. Yeni tələblərə əsasən, hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur. Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər (Qaydaların 12.1 və 12.2-ci bəndləri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair” 17 may 2021-ci il tarixli qərarına əsasən “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Həmin qərarda, həmçinin, göstərilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin “əldə edilmiş xarici valyuta vəsaitləri” müddəası xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində faktiki əldə edilməsindən asılı olmayaraq Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərini nəzərdə tutur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi bank çıxarışları və iş materiallarında olan digər sənədlərlə müəyyən edildi ki, “AZARİFROG MMC”-nin ABB-dəki avro hesabına xx.xx.2024-cü il tarixindən sonra 180 gün (6 ay) ərzində müvafiq valyuta köçürmələri daxil olmuşdur. Bu vəsaitlərin daxilolma tarixləri xx.xx.2024-cü il tarixli gömrük bəyannaməsinin təqdim olunmasından sonra baş vermiş və 180 günlük qanuni müddət bitməmiş həyata keçirilmişdir. Bu isə onu göstərir ki, valyutanın qanuni müddət çərçivəsində ölkəyə qaytarılması təmin edilmiş və inzibati xətanın tərkibi yaranmamışdır. Belə olan halda, hüquqi şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb oluna bilməz. Beləliklə, məhkəmə göstərilənlərə əsasən və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəməyə təqdim edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 53, 105, 114-118 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar