Məhkəmə qərarları › İş №3(057)-622/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №3(057)-622/2025

18.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 3(057)-622/2025 18.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi ilə, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28087243 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair X1 verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən şəxs X2 DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 28087243 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o yuxarıda yaşadığı ünvanda daimi qeydiyyatdadır və orada da yaşayır. İdarə etdiyi 30BX386 qeydiyyat nişanlı MAN TGX18.480 yük nəqliyyat vasitəsi X3 etibarnaməsi ilə o sürür. xx.xx.2025-ci tarixdə saat 02:41:45-də Bakı şəhəri Səngəçal qəsəbəsi Bakı istiqamətində hərəkət edən zaman heç bir yoxlanış aparmamış cərimə protokolu yazılmışdır. O isə öz növbəsində ona etiraz edərək, onun inzibati pozuntunu etdiyini tam sübut etmədən. Bu barədə 102 və 902 qaynar xəttə AR Daxili İşlər Nazirliyinə onlarda AYNA-ya yönəltdilər oda onların 141 qaynar xəttinə zəng etdi və əsassız tərtib edilmiş protokolun ləğvini istəmişdir. Şikayətiylə bağlı xx.xx.2025-ci il tarixdə cavab olaraq, EQ28087243 saylı inzibati protokolu tərtib olunduğu və aparılmış araşdırmadan sonra ona əlavə məlumat veriləcək. Halbuki, bununla bağlı qərar qəbul edilməli idi. Qərarla bağlı dəfələrlə tələb etməyinə baxmayaraq ona bugünə qədər təqdim olunmur. Bütün xidmətlər üzrə elektron internet sistemindən əldə etməyə çalışsada yenədə inzibati xəta haqqında qərar rəsmi olaraq sənəd şəklində ona təqdim edilməmişdir. Yalnız my.gov.az və е-polis.az saytına daxil olmaqla ərizəyə əlavə etdiyi sənədləri əldə edə bilmişdir. Həmin sənədlərdə protokol üzrə qərarlı statusu müəyyən edilir. xx.xx.2025-ci il tarixli EQ28087243 saylı inzibati protokol tərtib edilərək ona göndərilməmişdir. Bu inzibati pozuntunu törətmədiyini nəzərə alaraq, xahiş edir ki, onun haqqında tərtib olunmuş xx.xx.2025-ci il tarixli EQ28087243 saylı inzibati qərara yenidən obyektiv şəraitdə baxılsın və onun yükü götürdüyü ünvanda olan tərəzi, tərəzinin yoxlama haqqında şəhadətnaməsinin surəti, Türkaz Çınqıl MMC-dən verilmiş yükün çəkisi barədə çıxarışlar nəzərə alınmaqla araşdırılmasına şərait yaradılsın. O artıq üçüncü dəfədir ki, eyni yerdən götürdüyü yükə görə cərimə olunur. Şikayət etməyinə baxmayaraq heç kim və heç bir dövlət orqanı araşdırma aparmır və ona rəsmi olaraq protokol və qərar təqdim edilmir. Onun karyerdən götürdüyü yükün çəkisi ilə cərimə olunduğu Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, M-2 47.9 km-də yerləşən tərəzi hər dəfə onun AR İXM 353.5 iriqabaritli və ya аğırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi inzibati xətasını təkrar törətməyi barədə əsassız protokol və qərar qəbul edilmişdir. Təqdim edilmiş sənədlərdən göründüyü kimi tərtib edilmiş əsassız qərar onun 42550 kq yük apardığına görə inzibati xəta törətdiyi müəyyən edilir. Halbuki, Türkaz Çınqıl MMC tərəfindən verilmiş qəbzdə onun istifadə etdiyi maşına 40050 kq yük vurulduğu müəyyən edilir. Hesab edir ki, o hər gün bu maşınla həmin tərəzidən keçərək yük götürməklə elektron tərəzidən eyni qaydada keçir. Hər dəfə eyni tərəzidən yük barədə qəbz alır. Bilərəkdən onun maşınını arada bu elektron tərəzi ilə artıq yük apardığını göstərməklə əsassız cərimə edirlər. Buna əsasən də bunu nəzərə alaraq Salyan rayon Məhkəməsinə müraciət edərək bu əsassız qərarın ləğv edilməsini Mməhkəmədən xahiş etmişdir. Odur ki, Baş Dövlət Yol Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli EQ28087243 saylı protokol üzrə qəbul edilmiş qərar ləğv edilsin və iş üzrə icraata xitam verilməsi, cərimənin ödənilməsi öhdəliyi üzərindən götürülməsini barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsi və şikayət verən şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakları olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən, şikayətə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birgə baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından olan “E-Polis” Elektron xidmətlər portalından çıxarışdan görünür ki, inzibati xətanın törədildiyi yer Qaradağ rayonu Səngəçal qəsəbəsi Bakı istiqamətində qeyd olunmuşdur. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 132.2-ci maddəsinə əsasən, şikayətə və ya protestə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 noyabr 2020-ci il tarixli Qərarına əsasən, Qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlirəm ki, barəsində inzibati protokol tərtib edilmiş şəxsə istinad olunan inzibati xəta hadisəsi Qaradağ rayonu Səngəçal qəsəbəsi Bakı istiqamətində törədildiyindən və barəsində qərar çıxarılmış şəxsin vəsatəti olmadığından ərizə və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 106, 109, 110 və 112-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 tərəfindən verilmiş şikayət ərizəsi ona əlavə edilmiş sənədlərlə birgə baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Hakim: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar