Məhkəmə qərarları › İş №3(057)-624/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-624/2025

19.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-624/2025 19.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə qərar qəbul edilmiş şəxs X12 Sistemlərinin İstismarı İdarəsinin rəisi X5 müdafiəçisi Vəkil və həmin idarənin etibarnamə üzrə nümayəndəsi X3, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi X2 iştirakları ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair X12 Sistemlərinin İstismarı İdarəsinin rəisi X5 verdiyi şikayətə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şikayət verən şəxs X12 Sistemlərinin İstismarı İdarəsinin rəisi X8 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsinə dair Salyan Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X12 Sistemləri İdarəsinin rəisidir. AR ETSNnin 3 saylı Ekologiya və Təbil Sərvətlər İdarəsi əməkdaşları tərəfindən xx.xx.2025 il tarixli MN No ******* saylı protokolla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541ci maddəsinə əsasən inzibati xəta törədilməş müəyyən edilmiş və xx.xx.2025-ci il tarixli MN ******* saylı 1ərarla 3000 (üç min) manat miqdarında cərimə olunmuşdur. Protokolda göstərilmişdir ki, xx.xx.2025-ci il tarixdə ekologiya pozuntunun aradan qaldırılması ilə bağlı verilmiş Ç-M9\4224-083 nömrəli xx.xx.2024-cü il tarixli tələbdə verilən tapşırıqlar yerinə yetirilməməsi faktına görə tərtib edilmişdir. Faktı xx.xx.2025-ci il tarixli 88884 sayli akt və ərazidə çəkilmiş fotoşəkillərlə təsdiq edildiyi göstərilir. Ç-M9\4224-083 nömrəli xx.xx.2024cü il tarixli tələbdə göstərilir ki Salyan şəhəri Böyükağa Talıblı küçəsində pmk 9 adlanan yaşayış məntəqəsində mövcud ikimərtəbəli kommunal binaların və fərdi yaşayış evlərinin kanalizasiya xətlərinin mərkəzi sistemə qoşulmadığı və bunun da nəticəsində sakinlərin yaşadıqları evlərdən formalaşan tullantı sularının əvvəllər su arxı kimi istifadə olunmuş çökəklik əraziyə axıdılması pozuntunun mahiyyəti kimi göstərilərək AR NK xx.xx.2012-ci il tarixli 345 saylİ sərəncamİna əsasən çoxmənzilli yaşayiş binalarinin daxili su təchizati və kanalizasiya sistemləri Azərsu ASC balansİna verildiyi və hazirda bu səlahiyyətlərin ADSEA aparıldığını nəzərə alaraq Salyan şəhəri Böyükağa Talıblı küçəsində pmk 9 adlanan yaşayiş məntəqəsində mövcud ikimərtəbəli kommunal binalarin və fərdi yaşayiş evlərinin kanalizasiya xətlərini mərkəzi sistemə qoşulmasinin 30 gün müddətində təmin olunmasi tapşırılmışdır. Sözü gedən problemin həlli dövlət proqramı əsasında həyata keçirildiyini və hazirda Salyan rayonu ərazisində bu istiqamətdə 2022-ci ildən bu yana işlərin görüldüyünü nəzərə alaraq bu böyülüyündə işin səlahiyyətləri yenicə təmsil etdiyi təşkilata yəni ADSEA verilmiş olmasi o demək deyildir ki, dərhal 30 gün müddətində bu nöqsan aradan qaldırılsın. Hörmətli cənab prezidentimizin regionların su və kanalizasiya probleminin həlli üçün təsdiq etdiyi dövlət proqraminin icra edildiyi müddətdə onun bu problemə görə cərimə olunaraq inzibati xəta törətməyi qənaətinə gəlinməsi təmamilə əsassizdir. Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2017-ci il Sərəncamının hazırda qeyd etdiyi kimi icrası davam etdirilir. Bu böyüklüyündə layihənin icrası 8 ilə yaxındır ki, davam etdiyi halda vəzifəli şəxs olaraq onun 30 gün müddətində bu problemi həll etməyinin mümkün olmadiğini sübuta yetirir. Eyni zamanda bildirir ki sözü gedən ünvanda yerləşən kommunal binalar və fərdi yaşayış evlərinə rəhbəri olduğu təşkilat tərəfindən heç bir xidmət göstərilmir və həmin ərazidə xidmət bölməsi yoxdur. Onun inzibati xəta ilə bağlı heç bir inzibati məsuliyyəti olmamalıdır və bildirir ki, xx.xx.2025-ci il tarixli MN ******* saylı qərar təmamilə əsassızdır. Qərarın əsassızlığını aşağıdakı əsaslarla sübut edir. xx.xx.2025-ci il və xx.xx.2025 il tarixlərdə cavab məktubu AR ETSN-nin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilmişdir. Odur ki, onun barəsində tərtib olunmuş İnzibati xəta haqqında protokolun MN ******* ləğv olunmasına köməklik göstərməyini xahiş edir. Görülən işlərlə bağlı Salyan RİH məktubu da təqdim edilmişdir. Eyni zamanda qeyd olunan məsələ ilə bağlı protokol və məcburi göstəriş vermiş 3 saylı etsi məktub da ünvanlanmışdır. AR İXM maddəsinə əsasən 541-ci maddəyə İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibatı xəta haqqında protokol tərtib edilir. Tərtib olunmuş xx.xx.2025-ci il tarixli MN № ******* saylı protokolda qeyd olunur ki, baş vermiş inzibati xəta faktı təsdiq olunur. Tərtib olunmuş Akt 2 nüsxədən ibarət olmaq onun iştirakıyla tərtib olunmalı, baş vermiş qanun pozuntuları akt qeyd olunmalı və onun imzasıyla tədiqlənməlidir. Razılaşmadığı halda o aktda müvafiq qeydlər aparmalı və aktın surətini almalı və ya tərtib olunmuş protokolla birlikdə aktın surəti onun ünvanına göndərilməli idi. Onun barəsində protokol tərtib olunarkən bundan onun xəbəri olmamış və narazı qalmağı barədə müvafiq qeydlər etmişdir. Onu da bildirir ki, barəsində tərtib olunmuş akt və protokol qeyri qanunidir. xx.xx.2025 il tarixli MN № ******* və xx.xx.2025-ci il tarixli MN ******* saylı Qərar onun xəbəri və iştirakı olmadan tərtib olunmuşdur. Qərar qəbul edikdikdən sonra ona rəsmi olaraq AR İХМ-də göstərilən müddətdə göndərilməmişdir. AR ETSN-nin 3 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı İnzibati Xəta haqqında iş üzrə Qərar ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilməsi barədə vəsatət saylı məktubda cavab verilmiş və şikayət vermə müddətinin bərpa edilməsinin mümkün olmadığı bildirilmişdir. Odur ki yenidən məhkəməyə tərəfindən ərizə təqdim edilir. Məhkəmə iclasında X12 Sistemlərinin İstismarı İdarəsinin rəisi X5 müdafiəçisi Vəkil və həmin idarənin etibarnamə üzrə nümayəndəsi X6 şikayətdə göstərilən halları təsdiq etmiş və şikayətin təmin edilməsini və 3 X7 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin etibarnamə əsasında nümayəndəsi X4 şikayəti qəbul etməyərək, iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti, təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, X12 Sistemlərinin İstismarı İdarəsinin rəisi X8 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi X4 tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolun surətindən görünür ki, 23 yanvar 2025-ci il tarixində saat 10:00-da ekoloji pozuntuların aradan qaldırılması barədə verilmiş Ç-MG/4224-083 nömrəli 04 dekabr 2024-cü il tarixli tələbdə verilən tapşırıqların yerinə yetirilməməsi faktı aşkar edilmişdir. Nəticədə vəzifəli şəxs X8 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının surətindən görünür ki, Ç-MG/4224-083 nömrəli 04 dekabr 2024-cü il tarixli “Məcburi Göstəriş”in icra edilməməsi faktı aşkar edilmişdir. X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində vəzifəli şəxs qismində 3000 (üç min) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli Ç-MG/4224-083 nömrəli “Ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə tələb” adlı sənədindən görünür ki, Salyan şəhəri B.Talıblı küçəsində yerləşən PMK №9 adlanan yaşayış məntəqəsindəki ikimərtəbəli kommunal yaşayış binaları və fərdi yaşayış evlərinin kanalizasiya xətlərinin mərkəzi sistemə qoşulmadığı müəyyən edilmiş və bu səbəbdən sakinlərin yaşadıqları evlərdən yaranan tullantı sularının əvvəlki su arxı vasitəsilə açıq şəkildə ətrafa, çökəklik əraziyə axıdıldığı qeydə alınmışdır. Bu vəziyyətin aradan qaldırılması məqsədilə Nazirliyin göstərilən aktı ilə həmin yaşayış məntəqəsindəki kanalizasiya xətlərinin mərkəzi sistemə qoşulması və tullantıların ətraf mühitə axıdılmasının qarşısının alınması barədə 30 günlük icra müddəti ilə tapşırıq verilmişdir. Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılova ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, şəhərin kanalizasiya sistemi üzrə işlər mərhələli şəkildə davam edir. Lakin aparılmış araşdırmalara əsasən, B.Talıblı və N.Babayev küçələrində yerləşən 70–80 hektarlıq ərazidə hələ də mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil və bu səbəbdən sakinlər tərəfindən çoxsaylı müraciətlər daxil olmuşdur. RİH həmin ərazilərin icra olunan layihəyə daxil edilməsini və kanalizasiya ilə təminatın həyata keçirilməsini vacib hesab edir. X12 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, PMK-9 və PMK-23 ərazilərində mərkəzləşdirilmiş kanalizasiya sistemi mövcud deyil və həmin yaşayış məntəqələri idarənin balansında deyil. Bu səbəbdən ərazidə kanalizasiya sisteminin yenidən qurulması və layihəyə daxil edilməsi üçün RİH-ə müraciət olunduğu, lakin hələ tədbir görülmədiyi qeyd edilir. Məktubda həmçinin göstərilir ki, suvarma sistemləri üzrə təmir işləri aparılsa da, əhalinin tullantı sularının idarə olunması həmin layihələrə daxil deyil. X12 Sistemlərinin İstismarı İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Salyan şəhəri B.Talıblı küçəsində yerləşən kommunal yaşayış binaları və fərdi evlərin yerləşdiyi 50 hektar ərazidə kanalizasiya şəbəkəsi olmadığına və bu problemin Ekologiya Nazirliyi tərəfindən də müəyyən olunaraq qeydiyyata alındığına baxmayaraq, həmin ərazilərin kanalizasiya sisteminin yenidən qurulması layihəsinə əlavə olunmadığı məlum olur. Bu səbəbdən ərazi üzrə su təchizatı və tullantıların idarə olunması ilə bağlı tədbir görülmədiyi və çətinliklərin davam etdiyi göstərilir. X12 Sistemlərinin İstismarı İdarəsinin “B.Talıblı küçəsində yaşayan abonentlərin xidmət növləri haqqında məlumatı” adlı və Abbas Mikayılov və Orxan Dadaşov tərəfindən təsdiq olunmuş cədvəl formasındakı sənəddən görünür ki, qeyd olunan çoxsaylı ünvanda kanalizasiya şəbəkəsi mövcud olmadığından idarə tərəfindən kanalizasiya xidməti həyata keçirilmir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev tərəfindən X12 Sistemlərinin İstismarı İdarəsinin rəisi İlkin Əzizova ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, qərardan şikayət vermək üçün qanunla nəzərdə tutulmuş müddətin bərpa olunmasına dair vəsatətə baxılmış və hər hansısa müddətin ötürülmədiyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolu ilə “X12 Sistemlərinin İstismarı İdarəsi”nin rəisi İlkin Əzizov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 541-ci maddəsi ilə inzibati xəta törətməkdə – 23 yanvar 2025-ci il tarixində saat 10:00-da ekoloji pozuntuların aradan qaldırılması barədə verilmiş Ç-MG/4224-083 nömrəli 04 dekabr 2024-cü il tarixli tələbdə verilən tapşırıqların yerinə yetirilməməsində təqsirləndirilmişdir. Bununla bağlı 3 X7 və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ilə X12 Sistemlərinin İstismarı İdarəsinin rəisi İlkin Əzizov barəsində 3000 (üç min) manat məbləğində cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. Hazırda barəsində inzibati tənbeh tətbiq edilmiş şəxs həmin qərardan şikayət etmiş, idarənin balansında kanalizasiya sistemi olmadığı, bu səbəbdən də inzibati məsuliyyətə cəlb edilməsinin hüquqi əsası mövcud olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 106-cı maddəsinə əsasən, hakim inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı işin baxılmasının onun səlahiyyətinə aid olub-olmamasını (mad 106.0.1), inzibati xəta haqqında protokol və işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilib-edilmədiyini (mad. 106.0.3), işin icraatını rədd edən hallar mövcud olub-olmadığını (mad 106.0.4), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıbtoplanılmamasını (106.0.5) həll etməlidir. 109.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 135.1, 135.1.1-135.1.4-cü maddələrinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsi”nə dair 11 noyabr 2021-ci il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində göstərilən “inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar” müddəasının həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş halları ehtiva edib-etməməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsində nəzərdə tutulmuş qeyd edilən müddəanın həmin Məcəllənin 53-cü maddəsində müəyyən edilmiş inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların bir qismini ehtiva etməsi mümkündür. Bu səbəbdən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə (protestə) baxmağa hazırlıq mərhələsində İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi ilə müəyyən edilmiş icraatı rədd edən hallardan mahiyyəti üzrə işə baxılmanı və sübutların qiymətləndirilməsini tələb etməyən hallar müəyyən olunarsa, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Beləliklə, məhkəmə iş materiallarını tam şəkildə araşdıraraq qeyd edir ki, iş üzrə təqdim edilmiş sənədlərdən, o cümlədən Salyan Rayon İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, X10 Xidmətinin və X12 Sistemləri İdarəsinin məktublarından açıq şəkildə görünür ki, qeyd edilən Salyan şəhəri B.Talıblı və N.Babayev küçələri yerləşən ərazidə mövcud kanalizasiya sistemi ümumiyyətlə mövcud deyil. Məktublarla sübut edilir ki, Salyan şəhərinin kanalizasiya sisteminin yenidən qurulması məsələsi Prezidentin sərəncamı ilə dövlət proqramı çərçivəsində həyata keçirilir, icra hakimiyyəti bu ərazi üzrə artıq aidiyyəti üzrə layihələndirmə və müraciət prosesini başlatmışdır. Qeyd edilən küçələr üzrə real xidmət infrastrukturu olmadan pozuntunun aradan qaldırılmasının fiziki və texniki baxımdan mümkün olmadığı göstərilmişdir. Beləliklə, ətraf mühitə tullantı sularının axıdılması hallarının baş verməsi hüquqi şəxsin – X12 Sistemləri İstismarı İdarəsinin qəsdli və ya təqsirli hərəkətləri nəticəsində deyil, ümumilikdə kanalizasiya sisteminin olmaması ilə bağlı, dövlət səviyyəsində – o cümlədən rayon icra hakimiyyətinin, Ekologiya Nazirliyinin və digər səlahiyyətli qurumların iştirakı ilə həllini gözləyən məsələlər ilə bağlıdır. Bu səbəbdən inzibati xətanın tərkibi, yəni təqsirlik elementi olmadığından, həmin qərar ləğv edilməli, həmçinin İlkin Əzizov barəsində Azərbaycan Respublikasının İXM-nin 541-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114-115, 117, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X12 Sistemlərinin İstismarı İdarəsinin rəisi X8 barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 X7 və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar