Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-629/2025 03.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İsmayılov Şirin Elton oğlunun katibliyi, Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1965-ci ildə Salyan rayonu Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Salyan rayonu Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, işəgötürən X5 yanında xadimə işləyən Şəxs haqqında Salyan rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan rayon icra və probasiya şöbəsinin böyük (böyük icra məmuru X6) tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair 03 iyun 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Salyan Rayon Məhkəməsinin 2(057)-1191/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən öhdəsində olan 13500 manat pulu Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında Salyan rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək, borclu barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, borcunu ödəməkdən imtina etməmişdir. Belə ki, o, xx.xx.2025-ci il tarixdə icra şöbəsində olmuş, qərar və bildirişi rəsmi olaraq həmin gün qəbul etmiş, elə həmin gün də borcundan 200 manat ödəniş etmişdir. Lakin göstərilən məbləği tam qaydada birdəfəyə ödəməyə imkanının olmadığını, maddi imkanı olmadığı üçün tam olaraq borcunu ödəyə bilməyəcəyini bildirmişdir. Hazırda yeni işə başlamış, xadimə işləyərək, borcunu hissə-hissə ödəməyə imkanı çatdığını bildirərək, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçıları dinləyib, inzibati materialda olan sənədləri və icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyil. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Salyan Rayon Məhkəməsinin 2(057)-1191/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixdli, 2(057)-1191/2024 saylı qətnaməsi Şəxs 11000 manat məbləğində pulun tutulması hissədə dəyişdirilmiş və Şəxs 13500 manat məbləğində pul vəsaitinin tutularaq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. “İcraata başlamaq haqqında” xx.xx.2025-ci il tarixli qərarın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1191/2024 saylı icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxsnna ünvanlanmış xx.xx.2025-cü il tarixli bildirişin surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 1191/2024 saylı sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Bildiriş xx.xx.2025-ci il tarixdə borcluya rəsmi qaydada təqdim edilmişdir. Salyan rayon icra və probasiya şöbəsi tərəfindən borclu Şəxsnna ünvanlanmış xx.xx.2025-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-1191/2024 saylı sənədinin icrasını təmin etmək məqsədilə xx.xx.2025-ci il tarixdə icra şöbəsinə gəlməsi tələb olunmuşdur. “Elektron məhkəmə” informasiya sistemində yaradılmış proses iştirakçısı haqqında olan və “gəlir məlumatları” bölməs(lər)ində görünür ki, Şəxs işəgötürən X5 yanında xadimə işləməklə hər ay 400 manat məbləğində əmək haqqı aldığı qeyd olunmuşdur. Borclu Şəxs izahatının surətindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 1191/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədindən xəbərdardır, borcunu ödəməkdən imtina etmir, lakin göstərilən məbləği tam qaydada ödəməyə imkanı yoxdur. Borcundan 200 manat ödəyib, maddi vəziyyəti ilə əlaqədar olaraq tam qaydada ödəniş edə bilməyəcəyini bildirmişdir. X1 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, ona 13500 manat pul verilməlidir, o, pulu tam şəkildə tələb edir. Onun məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli mədaxil qəbzlərdən görünür ki, borclu Şəxs tərəfindən X1 kart hesabına 200 manat məbləğində ödəniş edilmişdir. Borclu Şəxs xx.xx.2025-ci il tarixli izahatının surətindən görünür ki, heç bir yerdə işləmir, 60 yaşı olsa da pensiya almır, hazırda da xəstəliyi ilə əlaqədar heç bir yerdə işləyə bilmir, oğlu evlərdə fəhlə işləyir, hər ay ona 100 manat verəcək, may ayından isə başlayaraq Ayselin kartına köçürdüyünü bildirmişdir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən, icraata başlamaq haqqında qərarın surəti onun qəbul edildiyi vaxtdan bir gün müddətində tələbkara, borcluya, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən, tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 43.1.1 və 43.1.2-ci maddələrinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi məcburi icra tədbirlərlərindəndir. Qanunvericiliyin yuxarıda sadalanan normalarından da göründüyü kimi, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Hazırki işin hallarından görünür ki, icra məmuru xx.xx.2025-ci il tarixdə iş üzrə icraata başlama haqqında qərar qəbul etməklə tələbin könüllü icrası barədə borcluya sadəcə bildiriş göndərilməklə kifayətlənmişdir. Belə ki, Qanunun 8.2-ci maddəsinin tələbləri baxımından digər zəruri icra hərəkətləri həyata keçirilməmiş, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlərin olub-olmaması araşdırılmamış, iş yeri müəyyənləşdirilərək əmək haqqı alıb-almaması, fərdi əməklə məşğul olaraq hər hansı qazanc əldə edib-etməməsi dəqiqləşdirilməmişdir. Bundan başqa, tələbin könüllü icra müddəti keçməsinə baxmayaraq onun barəsində icra sənədinin icrasını təmin edən məcburi icra tədbirləri ilə bağlı heç bir tədbir görülməmiş, icra sənədinin icra edilməsindən qərəzli olaraq boyun qaçırıbqaçırmaması araşdırılmamış, inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyin yuxarıda sadalanan tələbləri araşdırılıb hüquqi qiymət verilməmişdir. Nəticədə isə düzgün olmayaraq icra sənədi geri qaytarılmış və əsassız olaraq tələbkarın hüquqları pozulmuşdur. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət olunsa da, təqdimatla bağlı yekun qərar qəbul olunmamış, “İcra haqqında” Qanunun 8.2-ci maddəsinin tələbləri baxımından 2 ay müddət hələ başa çatmamış, bütün zəruri icra hərəkətləri həyata keçirilməmiş, icra prosesi hələ tam yekunlaşmamışdır. İXM-nin 528.1-ci maddəsinin tələblərinə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanının olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda isə məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət olunmuş, həmçinin borclu tərəfindən tələbkarın hesabına 200 manat məbləğində pul köçürülmüşdür. Qeyd olunan xüsusatlarla borclu Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Hazırki işin hallarından görünür ki, icra məmuru tərəfindən məhkəmə aktının icra olunması üçün bütün imkanlar tükənmədən, tətbiq olunmuş məcburi icra tədbirlərinin nəticəsi gözlənilmədən, icra prosesi hələ tam yekunlaşmadan, vaxtından əvvəl inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, bu da borclunun hüquqularının pozulmasına gətirib çıxarmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs borcunu qismən ödəməsi, əsassız olaraq protokol tərtib olunduğu öz təsdiqini tapdığından, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-629/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-629/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver