Məhkəmə qərarları › İş №3(057)-635/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-635/2024

02.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-635/2024 02.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Ələddin oğlunun iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Qarabağlı kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin YPXA-nın 10-cu Tağımın Baş Yol Patrul Xidməti inspektrou, polis kapitanı X2 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixdə, saat 10:58-də tərtib etdiyi, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 02 iyul 2024-cü il tarixdə, saat 10:58-də “Mercedes C220 minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan “Toyota Prius minik” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq avtomobili əzmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, sürücülük vəsiqəsi olsa da, sürücülük hüququ xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2024-cü il tarixədək məhdudlaşdırılmışdır. İstifadə etdiyi avtomobil atasının mülkiyyətindədir. Həmin avtomobilə dair verilmiş etibarnamənin müddəti bitmişdir. 01 iyul 2024-cü il tarixdə Salyan rayonu, Qarabağlı kəndində yerləşən mağazadan dərman almaq məcburiyyətində olduğu üçün avtomobildən istifadə etmək məcburiyyətində qalmışdır. Həmin vaxt “Prius” markalı avtomobilin sürücüsü qayda pozaraq öncə onun idarə etdiyi avtomobilini vurmuş, daha sonra “Vaz 2107” markalı avtomobillə toqquşmuşdur. O hadisə zamanı dönmə əməliyyatı yerinə yetirmişdir. Günahkar “Prius” markalı avtomobilin sürücüsündə olmuşdur. Himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, məhkəmədən yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİNnin BDYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsi iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi törətməkdə təqsirliliyi tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru Fuad Şirinovun 25 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs “Mercedes C220 minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-in 327.1, 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarında olan yol-nəqliyyat hadisəsinə baxış keçirilməsi haqqında 01 iyun 2024-cü il tarixli protokoldan görünür ki, 01 iyun 2024-cü il tarixdə saat 19:30 radələrində Fəhlə qəsəbəsi-Çadırlı-Şirvan avtomobil yolunun Salyan rayonu Kərimbəyli kəndi ərazisindən keçən 14-cü kilometrliyində yol nəqliyyat hadisəsi baş vermiş, hadisədən sonra “Toyoto Prius” və “VAZ 2107” markalı avtomobillər yolun sol kənarında, “Mercedes Benz” markalı avtomobil isə yolun sağ kənarında dayanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 92 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan görünür ki, müayinə zamanı Şəxs alkoqol qəbulu əlamətləri aşkar olunmamışdır. İş materiallarında olan Şəxs tərfindən DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinə verilmiş izahatdan görünür ki, Salyan rayonu, Qarabağlı kəndində ailəsi ilə birlikdə yaşayır. O sürücülük vəsiqəsi və etibarnaməsi olmadan X1 adına qeydiyyatda olan “Mercedes Benz C220” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edərək müxtəlif vaxtlarda müxtəlif yerlərə gedib gəlir. Həmin avtomobili atası alıb, onun adına etibarnamə olub, ancaq yaxın müddətdə onunda vaxtı bitmişdir. 01 iyun 2024-cü il tarixdə yaşadığı Qarabağlı kəndindən Kərimbəyli kəndi ərazisində yerləşən marketə getmək üçün həmin avtomobillə yola çıxmışdır. O Fəhlə qəsəbəsi-Çadırlı-Şirvan avtomobil yoluna çıxıb Şirvan şəhəri istiqamətində hərəkətdə olan zaman avtomobili saatda təxminən 50 km/saat sürətlə idarə edən zaman avtomobil texniki cəhətdə saz olub, yük yeri boş olub, avtomobildə bir nəfər sərnişin olmuşdur. Fəhlə Qəsəbəsi-Çadırlı-Şirvan avtomobil yolu ilə xeyli gedərək Kərimbəyli kəndi ərazisində çatmışdır. Yolun sol hissəsində yerləşən marketə dönmək üçün avtomobilin sürətini azaltmışdır. Avtomobilin sürətini saatda təxminən 20-25 km/saat sürətə yendirərək qarşıya və arxaya baxıb dönməyə başlamışdır. O dönmə əməliyyatına başlayıb yolun Fəhlə qəsəbəsi istiqamətinə olan hərəkət zolağına çıxan vaxt arxadan “Toyota Prius” markalı avtomobil sürətlə gəlib ona çatmış və onun avtomobilini qabaq sol qanadından və sol yan hissəsindən vuraraq qarşıya keçmişdir. O toqquşmadan sonra idarəetmədən çıxıb yolun sol kənarında dayanmış “Vaz 2107” markalı avtomobilə çırpılmışdır. Onun avtomobili isə yolun hərəkət hissəsində biraz gedib dayanmışdır. O dərhal qapını açaraq yerə düşmüşdür. Hadisə zamanı heç bir bədən xəsarəti almamışdır. O idarə etdiyi “Mercedes Benz C220” markalı avtomobillə hərəkətdə olub sola dönmə əməliyyatı aparan zaman sol yan güzgüdən arxaya baxmış və həmin an “Toyota Prius” markalı avtomobil ilə aralarında təxminən 150-200 metr məsafə olmuşdur. O hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. İş materiallarında olan Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1987-ci il təvəllüdlü Şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AC 812303 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib, lakin onun nəqliyyat vasitələrini idarə etmək hüququ xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2024-cü il tarixədək müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası İXM-nin: İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Şəxs Azərbaycan Respublikası İXM-in 332.1 və 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi məhkəmənin səlahiyyətinə aid olmadığı üçün prortokol Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayına göndərilməlidir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 55, 61, 114, 115 və 128-131 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayına göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar