Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-642/2024 08.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X6 oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 08 iyul 2024-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib olunmuş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 08 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)-1622/2021 saylı icra sənədinə əsasən Şəxs 4000 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərdi ki, tələbkara yaşadıqları evi vermişdir ki, ondan aliment tələb etməsin. Hazırda tələbkarın ondan şikayətçi olmasını başa düşə bilmir. Ona görə də, ona bankdan kredit götürərək tələbkara ödəməsi üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 protokolu müdafiə edərək göstərmişdir ki, borclu düzgün izahat vermir. Tələbkarın şikayətçi olduğunu, alimenti tam qaydada tələb etdiyini, bu barədə az müddət əvvəl mobil telefon ilə əlaqə saxladığını bildirərək borclu barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta haqqında protokola, iş materiallarında olan digər sübutlara məcmu şəklində qiymət verərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1622/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Şəxs 07 sentyabr 2021-ci il tarixdən başlayaraq hər uşağa görə hər ay 100 manat olmaqla, cəmi 200 manat miqdarında aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş borclu tərəfindən xx.xx.2021-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 3(057)-891/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 8 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan 27 mart 2024-cü il tarixli, 279741/02 nömrəli xəbərdarlıq məktubundan görünür ki, Şəxs barəsində olan Salyan Rayon Məhkəməsinin 2(057)- 1622/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etməsi və 08 aprel 2024-cü il tarixdə Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuşdur. Əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi barədə məlumatlandırılmışdır. İşin hallarından məlum olur ki, icra sənədi Salyan rayon icra şöbəsinə daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borclu artıq bir dəfə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə məsuliyətə cəlb olunmuş və 8 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra borclunun barəsində İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Borcluya kifayət qədər möhlət verilməsinə baxmayaraq, o, indiyədək borcun tam ödənilməsini qəsdən yubandırmış, icra sənədini icra etməkdən aşkar surətdə boyun qaçırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, borclu Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinə əsasən, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın kanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə alınır və ya işin hallerine görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq edilir, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, borclu Şəxs məhkəmənin icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini uzun müddət ərzində üzrsüz səbəbdən yerinə yetirməməklə İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı davamlı olaraq törətmişdir. Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi Salyan Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş materialla kifayət qədər sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs uzun müddət icra tədbirlərindən qərəzli surətdə yayınması onun barəsində inzibati tənbeh tədbirinin tətbiqinə zərurət yaradır. Digər tərəfdən, Şəxs icra sənədi üzrə borcu ödəmədiyi halda onun barəsində inzibati cərimə tənbehinin tətbiqi, yəni üzərinə əlavə maddi məsuliyyət qoyulması məntiqsiz və nəticə etibarilə səmərəsiz olar. Belə vəziyyətdə məhkəmə Şəxs inzibati həbs tənbehinin tətbiqini qaçılmaz sayır. Ona görə də, Şəxs törətdiyi inzibati xətanın xarakterini, özünün şəxsiyyətini və zərər çəkmiş şəxslə razılıq əldə etməyə səy göstərməməsini, digər tərəfdən, inzibati cəriməyə cəlb ediləcəyi təqdirdə bu tənbeh tədbirini də icra etməkdən boyun qaçıracağı ehtimalını nəzərə alaraq onun barəsində inzibati həbs növündə tənbeh tədbirinin tətbiq olunmasını məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İXM-nin 33.1.2-ci maddəsinə əsasən, inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran haldır. Məhkəmə qətnaməsinin uzun müddətdir ki, icra olunmamasını və tələbkarın şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, Şəxs inzibati qaydada həbs tənbeh tətbiq etməklə Azərbayan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İşdən görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 8 (səkkiz) gün müddətində inzibati həbs tətbiq edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, borclu məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləğinin ödənilməsindən yayınır. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs icra sənədini qərəzli olaraq təmin etmədiyini, şəxsiyyətini və işin hallarını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli ona 15 (on beş) gün müddətinə inzibati həbs tənbehi təyin edilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 15 (on beş) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlanmanın əvvəli 08 iyul 2024-cü il tarixdən, saat 16:30-dan hesablanmaqla, inzibati həbsin sonu 23 iyul 2024-cü il tarix, saat 16:30-dan hesab edilsin. Şəxs Salyan RPŞ tərəfindən müəyyən edilən yerdə mühafizə altında inzibati həbsdə saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Salyan Rayon Məhkəməsi və ya inzibati həbsdə saxlandığı yer vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-642/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-642/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver