Məhkəmə qərarları › İş №3(057)-645/2023

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-645/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-645/2023 18.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X9 qızının katibliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə, Şəxs nümayəndəsi X5 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İXM-nin 275.1.1, 253.2 və 253.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan inzibati xəta haqqında protokola baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən məhkəməyə daxil olmuş xx.xx.2023-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs (bundan sonra Şəxs MMC) tərəfindən Salyan şəhəri, Babazanlı qəsəbəsinin yaşıllıq ərazisində D.E.E.A.-nın müsbət rəyi olmadan qazıntı işləri aparılarkən (GPON layihəsi, dm-100 mm PVC kabel xətti çəkilməsi) üç kol məhv edilmiş və dörd kol zədələnmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, Şəxs MMC bu işləri görmək üçün, müvafiq rəy almadan icra edilmişdir. Lakin sonradan müraciət edilsə də artıq gec olmuşdur. Qanunvericiliyin tələbinə əsasən sifarişçi razılıq alandan sonra bu işləri görə bilərdi. İnzibati araşdırma da Şəxs MMC iştirak etməmişdir. Ərazidə başqa təşkilata məxsus texnika vasitəsilə qazıntı işləri aparılmışdır. Həmin qazıntı işləri aparılarkən onun tərəfindən video çəkiliş aparılmaqla yanaşı fotoşəkillər çəkilmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, işlərə Şahid2 Zahir oğlu layihənin Şəxs MMC-nin sifarişi ilə GPON (ağıllı kənd və rayon layihəsi) çərçivəsində diametri 100 mm olan PVC fiberoptik kabel xəttinin çəkilməsi məqsədilə aparıldığını bildirmişdir. Faktla bağlı Azərbaycan Respublikasının “Yaşıllıqların mühafizəsi haqqında” xx.xx.2014-cü il tarixli 957 saylı, “Ətraf mühitin mühafizəsi haqqında” xx.xx.1999-cu il tarixli 678 saylı “Ekoloji təhlükəsizlik haqqında” xx.xx.1999-cu il tarixli 172 saylı Qanunların tələbləri pozulduğundan xx.xx.2023-cü il tarixli 79965 saylı akt tərtib olunaraq inzibati araşdırma başlanılmışdır. Aparılan inzibati araşdırmada iştirak edilməsi üçün xx.xx.2023-cü il tarixdə saat 12:00-da səlahiyyətli nümayəndənin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə gəlməsi ilə bağlı məktub göndərilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, təqdim edilən layihələr tenderdə təsdiq edilən kimi işə başlanılıb. X10 Nazirliyinin və Ekologiya Nazirliyinin ekspertiza rəyi alınmadan işi başlanılmışdır. Araşdırma zamanı Şəxs MMC heç bir sənəd təqdim etməyib. İnzibati araşdırmaya da gəlməyib. Ona görə də, xx.xx.2023-cü ildə inzibati xətta haqqında protokol tərtib edilmişdir. O, müşahidə etmişdir ki, yerə kabel döşənmişdir. Rauf adlı traktorçudan soruşduqda o da demişdir ki, Şəxs MMC burada internet çəkir. O, da demişdir ki, “işi saxla, burada olan yaşıllıqları məhv edirsən”. Sonra iş icraçısını çağırmışlar, sonuncu gələndən sonra yenidən çəkiliş ilə yerə baxmışlar. İş icraçısı bildirmişdir ki, sərəncam var, burada internet çəkirik. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X7 bildirmişdir ki, iddia olunan işlərə görə Şəxs MMC heç bir məsuliyyət daşımır. Onlar məhz məhkəməyə dəvət olunan zaman bu məsələ ilə bağlı məlumatları olmuşdur. Bu işin onların təşkilatı ilə heç bir əlaqəsi yoxdur. Hesab edir ki, "xxxx" MMC ilə podratçı şirkətin heç bir əlaqəsi yoxdur. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə inzibati xəta haqqında protokolu müdafiə etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Azər oğlu göstərmişdir ki, o, Baş X1 İdarəsində sürücü işləyir. Onun iş vaxtı saat 08dən 17:00-a kimidir. 23 iyun 2023-cü il tarixində idarə etdiyi “İSB” markalı, **-AB-***0 olan özüyükləyən traktorla Salyan şəhəri, Babazanlı ərazisi ilə hərəkətdə olan bir şəxs ona əl edərək, sonradan adını Nadir olaraq bildiyi şəxs ondan xahiş etmişdir ki, internet kabelinin çəkilməsi işlərini apardıqlarını, 160 metr uzunluğunda, 30 sm dərinliyində və 40 sm enində qazıntı işləri aparılmalı olduğunu bildirmişdir. O deyilən təkliflə razılaşmışdır. Ona 50 manat yanacaq pulu vermişlər. O, qazıntı işləri apardıqca borular yerə basdırılmış və üzəri də quylanılmışdır. İşləri görən şəxslərin hansı şirkətə işçiləri olmasını bilməmişdir. Həmin şəxslərin əynində xüsusi geyim forması da olmamışdır. Sonradan ora ekologiyanın işçiləri gəlmiş və ondan işləri dayandırılması tələb olunmuşdur. Şəxs MMC-nin nümayəndəsi X8 tərəfindən elektronkabinet vasitəsi ilə təqdim olunmuş etirazda göstərilmişdir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (RETSİ) tərəfindən "xxxx" MMC barəsində MN № ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə təqdim edilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Salyan şəhəri, Babazanlı qəsəbəsi yaşıllıq ərazisində X6 Agentliyinin müsbət rəyi olmadan qazıntı aparılarkən (GPON layihəsi, dm 100 mm PVC kabel xətti çəkilməsi) 3 kol məhv edilmiş, 4 kol zədələnmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə 3 saylı RETSİ-nin əməkdaşları tərəfindən akt tərtib edilmiş və həmin akt idarənin öz əməkdaşları tərəfindən imzalanmışdır. Qeyd edilən məsələ ilə əlaqədar inzibati xətaya dair iş üzrə icraata öz etirazlarını bildirirlər. Belə ki, nə inzibati xəta üzrə protokolun tərtib edilməsində, nə də hadisə yerində aktın tərtib edilməsində “Aztelekom MMC-nin hər hansı əməkdaşı iştirak etməmişdir. 3 saylı RETSİ tərəfindən iddia olunan hadisənin baş verməsində Şəxs MMC-nin iştirakı yalnız Şahid1 Azər oğlu adlı bir vətəndaşın izahatına əsaslanır ki, bu da mötəbər sübut hesab edilə bilməz. Belə ki, adıçəkilən şəxs özünü Şahid2 kimi təqdim edən şəxsin ona yaxınlaşaraq özünü Şəxs MMCnin əməkdaşı kimi təqdim etdiyini və ondan qazıntı işlərinin aparılmasını xahiş etdiyini bildirmişdir. İş materiallarına əlavə edilən sənədlərdə özünü Şahid2 kimi təqdim edən şəxsin şəxsiyyətinin müəyyənləşdirilməsini və belə bir şəxsin Şəxs MMC-də və ya digər qurumla işlədiyini təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. Bundan əlavə Şəxs MMC tərəfindən adıçəkilən ərazidə hər hansı qazıntı işi və kabel çəkilişi aparılmamışdır. İş materiallarına əlavə edilən sənədlərdən də göründüyü kimi, əslində Şəxs MMC-nin baş vermiş hadisə ilə heç bir əlaqəsi olmamışdır. Odur ki, Şəxs MMC-nin törədilmiş inzibati xətaya aidiyyəti olmadığından başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 79965 saylı aktdan görünür ki, Salyan rayonu, Babazanlı qəsəbəsi yaşıllıq ərazisində qazıntı işləri aparıldığından həmin əraziyə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş, qazıntı işləri nəticəsində ikisi iydə biri yulğun olmaqla 3 kolun məhv edildiyini, 4 yulğun kolunun isə texnika ilə budaqlarının əzildiyini, sındırıldığını, zədələndiyini aşkar etmişlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 79965 saylı akta əlavə təbiətə dəymiş ziyanın cədvəlindən görünür ki, Salyan rayonu, Babazanlı qəsəbəsi yaşıllıq ərazisində 3 ədəd iydə və yulğun kolunun qazıntı işləri aparılarkən məhv edilməsi nəticəsində təbiətə 240 manat ziyan dəymişdir. İş materiallarında olan Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Şəxs MMC-nin rəhbərliyinə, Şahid2, Baş X2 İdarəsinə ünvanladığı bildirişlərindən görünür ki, onlar qanunvericiliyin tələblərinə uyğun məlumatlandırılmaqla 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə dəvət olunmuşlar. İşə əlavə olunmuş "xxxx" QSC və "xxxx" MMC arasında bağlanan 28 aprel 2022-ci il tarixli CE/28/04-22 nömrəli Podrat müqaviləsinə 27 aprel 2023-cü il tarixli 40 saylı Razılaşma protokolundan görünür ki, "xxxx" QSC-nin (Sifarşçi) direktoru Ceyhun Ağayevin şəxsində digər tərəfdən "xxxx" MMC-nin (Podratçı) Şəmməd Hüseynov arasında bağlanan 28 aprel 2022-ci il tarixli CE/28/04-22 nömrəli Podrat müqaviləsinə 27 aprel 2023-cü il tarixli 40 saylı Razılaşma protokolundan görünür ki, razılaşmaya əsasən Podratçı işlərin xüsusiyyətləri tərəflər arasında razılaşdırıldıqdan sonra 60 iş günü (xx.xx.2023-xx.xx.2023) ərzində “Sifarişçi”-nin müəyyən etdiyi Salyan şəhəri zona -1 (1563 təsərrüfat) ərazidə işləri görməyi öz öhdəsinə götürür. İşə əlavə olunmuş "xxxx" QSC və "xxxx" MMC arasında bağlanan 28 aprel 2022-ci il tarixli CE/28/04-22 nömrəli Podrat müqaviləsinə 27 aprel 2023-cü il tarixli 41 saylı Razılaşma protokolundan görünür ki, "xxxx" QSC-nin (Sifarşçi) direktoru Ceyhun Ağayevin şəxsində digər tərəfdən "xxxx" MMC-nin (Podratçı) Şəmməd Hüseynov arasında bağlanan 28 aprel 2022-ci il tarixli, CE/28/04-22 nömrəli Podrat müqaviləsinə 27 aprel 2023-cü il tarixli 41 saylı Razılaşma protokolundan görünür ki, razılaşmaya əsasən Podratçı işlərin xüsusiyyətləri tərəflər arasında razılaşdırıldıqdan sonra 45 iş günü (xx.xx.2023-xx.xx.2023) ərzində “Sifarişçi”-nin müəyyən etdiyi Salyan şəhəri zona -2 (765 təsərrüfat) ərazidə işləri görməyi öz öhdəsinə götürür. İşə əlavə olunmuş "xxxx" QSC və "xxxx" MMC arasında bağlanan 28 aprel 2022-ci il tarixli CE/28/04-22 nömrəli Podrat müqaviləsinə 27 aprel 2023-cü il tarixli 43 saylı Razılaşma protokolundan görünür ki, "xxxx" QSC-nin (Sifarşçi) direktoru Ceyhun Ağayevin şəxsində digər tərəfdən "xxxx" MMC-nin (Podratçı) Şəmməd Hüseynov arasında bağlanan 28 aprel 2022-ci il tarixli CE/28/04-22 nömrəli Podrat müqaviləsinə 27 aprel 2023-cü il tarixli 43 saylı Razılaşma protokolundan görünür ki, razılaşmaya əsasən Podratçı işlərin xüsusiyyətləri tərəflər arasında razılaşdırıldıqdan sonra 70 iş günü (xx.xx.2023-xx.xx.2023) ərzində “Sifarişçi”-nin müəyyən etdiyi Salyan şəhəri zona - 4 (1396 təsərrüfat) ərazidə işləri görməyi öz öhdəsinə götürür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi Nümayəndə tərəfindən tərtib olunmuş 12 iyul 2023-cü il tarixli protokol tərtib olunmuş, protokolun tərtib olunmasına səbəb, Salyan şəhəri, Babazanlı qəsəbəsinin yaşıllıq ərazisində D.E.E.A.-nın müsbət rəyi olmadan qazıntı işləri aparılması (GPON layihəsi, dm-100 mm PVC kabel xətti çəkilməsi) 3 (üç) kol məhv edilmiş və 4 (dörd) kol zədələnmişdir. Qazıntı işlərini aparan sürücü Şahid1 Azər oğlu Baş X1 İdarəsində sürücü işləyir, qazıntı işlərini aparılmasında istifadə olunmuş “İSB” markalı, **- AB-***0 dövlət qeydiyyat nişanlı traktor Baş X1 İdarəsinə məxsusdur. "xxxx" QSC və "xxxx" MMC arasında bağlanan 28 aprel 2022-ci il tarixli CE/28/04-22 nömrəli Podrat müqaviləsinə əsasən 27 aprel 2023-cü il tarixdə 40, 41 və 43 saylı Razılaşma protokolları imzalanmış, razılaşmaya əsasən sifarişçi "xxxx" QSC "xxxx" MMC isə podratçıdır. Razılaşmaya əsasən Podratçı işlərin xüsusiyyətləri tərəflər arasında razılaşdırıldıqdan sonra müəyyən edilmiş müddətdə Salyan şəhərində işləri görməyi öz öhdəsinə götürür. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin hər hansı bir təqsirli hərəkətinin olması ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir (maddə 53.0.2). İnzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir (maddə 75). İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (maddə 76.1). İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir (maddə 84.1). Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 84.2). Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir” (maddə 105.1). Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1, 253.2 və 253.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi iş materialları ilə sübut olunmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1, 253.2 və 253.4-cü maddələri ilə tərtib edilmiş MN seriyalı № ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında başlanmış iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar