Məhkəmə qərarları › İş №3(057)-65/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-65/2025

16.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-65/2025 16.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Salyan rayonu, Sarvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Sarvan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Salyan rayonu, Şorsulu kəndi ərazisində həmin kənd sakini Zərərçəkmiş şəxs döyərək inzibati xəta törətmişdir. Məhkəmə iclasında Salyan RPŞ-nin sahə rəisi X3 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Salyan Rayon Polis Şöbəsinin İB-nin müstəntiqi, polis mayoru İlqar İsmayılov raportla məruzə edərək, Salyan RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə istintaq olunan ********* №-li cinayət işinin istintaqı zamanı Salyan rayonu Sarvan kənd sakini Şəxs hərəkətlərində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə kimi Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkib əlamətləri olduğunun müəyyən edilməsini bildirmişdir. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, ailəsilə birlikdə Salyan rayonu Sarvan kəndində yaşayır, fərdi əməklə məşğuldur, məhkum olunmamışdır. Salyan rayonu Şorsulu kənd sakini Zərərçəkmiş şəxs barəsində Salyan RPŞ-nə ərizə ilə müraciət etmişdir. Belə ki, əvvəllər İlknuru tanımamışdır, aralarında heç bir münasibət, ədavət və ziddiyyət olmamışdır. X1 təxminən 2 aydır Salyan rayonu Şorsulu kəndində yerləşən "xxxx" adlı mağazada satıcı vəzifəsində işləyirmiş. 2024-cü il iyunun 02-də təxminən saat 14 radələrində arvadı Xanım ona zəng edib ağlayaraq bir az əvvəl marketdə bir nəfərin onu nalayiq ifadələrlə söyüb təhqir etdiyini deyib təcili gəlməyini istəmişdir. O da təcili olaraq evdən çıxıb təxminən 20 dəqiqədən sonra arvadının işlədiyi "xxxx"-in qarşısına gəlmişdir, marketə daxil olub nə baş verdiyini soruşduqda arvadı danışmışdır ki, bir az əvvəl İlknur adlı müştəri heç bir səbəb olmadan küçədə marketin digər işçiləri yanında onun ünvanına ucadan nalayiq ifadələr işlətmişdir, daha sonra marketin içərisində onunla mübahisə edərək orada olan müştərilərin və marketin işçiləri yanında uca səslə onun üzünə qarşı daha ağır təhqiramiz ifadələrlə söyüb təhqir etmişdir. Arvadı Xanımdan onunla mübahisə etmiş şəxsin harada olduğunu soruşduqda Xanım demişdir ki, İlknur marketin yaxınlığında küçədə olmalıdır. O, marketin müdiri Elvin ilə birlikdə küçəyə çıxdıqda Elvin kənarda dayanmış İlknuru ona göstərmişdir. O, İlknura yaxınlaşıb əl uzadıb görüşüb demişdir ki, bura dalaşmağa gəlməmiş, söhbət edib nəyə görə arvadını söyüb təhqir etməyini öyrənməyə gəlmişdir. Bundan sonra onlar söhbət etmək üçün marketin sol yan tərəfinə keçmişlər, həmin vaxt onların yanında bir qədər aralıda marketin müdiri Elvin və satıcısı Seymur da olmuşlar. Arvadı Xanım isə marketin içərisində qalmışdır. Marketin sol yan tərəfinə keçdikdən sonra İlknurdan nəyə görə arvadı Xanımın ünvanına nalayiq ifadələr işlətdiyinin səbəbini soruşduqda İlknur onun üzərinə yeriyib qışqıraraq yaxşı etdiyini demiş və sonra üzünə qarşı ucadan nalayiq ifadələr işlətmişdir. O, İlknuru sinəsindən arxaya itələyib onunla dalaşmağa deyil, söhbət etməyə gəldiyini demişdir. Onun itələməyindən sonra İlknur arxaarxaya gedib büdrəyib arxası üstə yerə oturmuşdur və o, İlknurun boynundan və qolundan yapışıb yerdən qaldırıb bir daha bildirmişdir ki, dalaşmağa deyil söhbət etməyə gəlmişdir. Lakin İlknur ayağa qalxan kimi ucadan onun ünvanına söyüş söyməyə davam edərək onun üzərinə yerimişdir və əllərini öz şalvarının ciblərinə salmışdır. Bu vaxt orada olan Elvin və Seymur onu tutub oradan uzaqlaşdırmağa başlamışlar və o, üzünü onu tutub saxlayanlara tərəf çevirdikdə İlknur onun heç bir şey etmədiyinə baxmayaraq bundan istifadə edib sağ sifət nahiyəsinə bir dəfə yumruqla zərbə vurmuşdur. Aldığı zərbədən sonra sifət və baş nahiyəsində güclü ağrılar hiss etmişdir və gözləri qaralmışdır. Buna baxmayaraq yıxılmamışdır və səsə gəlmiş arvadını səsləyib birlikdə avtomobilə əyləşib Salyan rayon polis şöbəsinə gəlmiş və baş vermiş hadisə barədə şikayət ərizəsi vermişdir. İlknur tərəfindən ona yetirilmiş xəsarətlə bağlı tibbi müayinədən keçmək istəmişdir. İlknur ilə aralarında baş vermiş hadisə Salyan rayonu Şorsulu kəndində yerləşən "xxxx" MMCnin sol yan tərəfində təxminən 2 dəqiqə davam etmişdir, həmin vaxtı İlknur onun sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur, həmin vaxt hadisə yerində marketin işçiləri Elvin və Seymur olmuşdur, daha sonra hadisə yerinə arvadı Xanım gəlmişdir. Hazırda onun sifət nahiyəsində və başında güclü ağrıları vardır, 3 dişi sınmış, 3 dişi isə laxlayır. O, İlknuru itələdikdən sonra boynundan və qolundan yapışaraq yerdən qaldırmışdır. Eyni zamanda Elvin və Seymur onu tutub oradan uzaqlaşdırmağa başlamışlar və o üzünü onu tutub saxlayanlara tərəf çevirdikdə İlknur onun heç bir şey etmədiyinə baxmayaraq bundan istifadə edib onun sağ sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vurmuşdur. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, valideynlərilə birlikdə Salyan rayonu Şorsulu kəndində yaşayır, məhkum olunmamışdır, heç yerdə işləmir. 2020-ci il İİ Qarabağ müharibə iştirakçısıdır, Zəngilanın, Qubadlının və Xocavəndin azad edilməsinə görə və Vətən müharibəsi iştirakçısı medalları ilə təltif edilmişdir. 2024-cü il iyunun 02-də təxminən saat 13 radələrində yaşadığı kənddə yerləşən "xxxx" MMC-nin qarşısında dayanıb həmin marketin işçiləri Elvin və Seymur ilə öz aralarında söhbət edirmişlər. Həmin söhbət vaxtı Bakı şəhərində yaşayan öz tanışı olan bir qadın haqqında danışırmış. Bu vaxt marketdə işləyən Xanım Abuşova küçəyə çıxıb üzünü ona tutub nəyə görə onun barəsində danışdığını soruşmuşdur. O, Xanıma cavab vermişdir ki, onun haqqında deyil, başqa bir qadın haqqında danışırmış. Buna baxmayaraq Xanım ona inanmamış və onunla söhbət etmək üçün marketin içərisinə girməyini istəmişdir. O etiraz etməmiş və marketə daxil olmuşdur, onun ardınca marketə orada işləyənlər Elvin və Seymur da daxil olmuşlar. Həmin vaxt marketdə başqa heç kim olmamışdır. Xanım bir daha nəyə görə onun barəsində danışdığını soruşduqda o bir daha cavab vermişdir ki, onun barəsində deyil, tamamilə başqa bir qadın barədə söhbət edirmiş. Lakin Xanım ona inanmamış və onun üzünə qarşı nəslinin ünvanına nalayiq ifadələr işlətməklə söyüş söymüşdür. Xanımın bu sözlərindən sonra o əsəblərini çılovlaya bilməmiş və Xanımın üzünə qarşı nalayiq ifadələr işlətməklə söymüş və əlavə etmişdir ki, bir daha onun nəslinin ünvanına hər hansı nalayiq ifadə işlətsə onu vuracaqdır. Bunun cavabında Xanım demişdir ki, “gözlə, sənin başını partladacam” və daha sonra öz mobil telefonu ilə ərinə zəng etməyə başlamışdır. Bundan sonra o marketdən küçəyə çıxmışdır, Xanım onun arxasınca heç yerə getməyi, ərinin gəlişini gözləməyi tələb etmişdir. Bu səbəbdən o marketdən bir qədər aralıda küçədə dayanıb Xanımın ərinin gəlməyini gözləmişdir. O, Xanımın ərini əvvəllər tanımırmış, sonradan adının Emil olduğunu bilmişdir, əvvəllər heç bir vaxt hər hansı ünsiyyəti olmamışdır. Təxminən 15-20 dəqiqədən sonra Xanımın əri Emil marketin qarşısına gəlmiş və onu yanına çağırıb marketin yan tərəfinə keçmişdir. O da Emilin arxasınca marketin yan tərəfinə gəlmişdir. Həmin vaxt Xanım marketin içərisində qalmaqla çölə çıxmamışdır. Emil əlini ona uzatdıqda o güman etmişdir ki, onlar dalaşmayacaq, söhbət edib sülhlə ayrılacaqlar. Lakin o da əlini uzatdıqda Emil sağ əli ilə onun əlini tutub özünün sol əli ilə onun sifət nahiyəsinə yumruq zərbəsi vurmuşdur. O, Emilin atdığı yumruq zərbəsindən başını yayındıra bilmiş və yumruq onun sifətini yüngülcə sürtüb keçmişdir. Bundan sonra Emil onu sinəsindən itələmiş və o, müvazinətini itirib arxaya doğru yıxılmışdır. O yerdən qalxan vaxt Emil öz qolunu onun boynuna keçirib onu boğmağa başlamışdır. O da fənd işlədib Emilin qolları arasından çıxmışdır. Eyni zamanda mağazanın işçiləri Elvin və Seymur da araya girib onları ayırmışlar. Bundan sonra o, artıq əsəbiləşdiyi üçün qarşısında olan Emilin sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Vurduğu zərbədən Emil keyimiş və dayanmışdır. Sonra isə o, Xanımın səsini eşitmişdir, Xanımın onlara baxdığını və yerdən daş parçasını qaldırıb ona atmaq istədiyini görmüşdür. O sakit dayanmış və Xanımı gördükdən sonra əməlinə davam etməmişdir, yəni Emili yumruq və təpiklə vurmamışdır. Emil isə üzünü arvadına tutub qışqıraraq avtomaşına əyləşməyini tələb etmiş və sonra onlar ər-arvad öz avtomobillərinə əyləşib oradan getmişlər. Şəxs onu marketin yan tərəfinə çağırdığı üçün o Emilin arxasınca getmişdir, həmin vaxt Xanım Abuşova marketin içərisində qalmaqla çölə çıxmamışdır. Emil ilk öncə ona yumruq zərbəsi atıb daha sonra da itələyib boğmağa çalışdığı vaxt o Emilin əlindən çıxmışdır, həmin vaxt yanında olan mağaza işçiləri Elvin və Seymur da araya girib onları ayırmışlar. Bundan sonra o, Emili bir dəfə yumruq zərbəsi ilə vurduğu vaxt Emilin arvadı Xanımın marketin içərisindən çıxıb onlara baxdığını bilmişdir və Xanımı orada görməmişdir. O, Emili yumruqla cəmi bir dəfə vurduqdan sonra Xanımın qışqırıq səsini eşidib həmin tərəfə baxdıqda Xanımın yerdən götürdüyü daş parçası ilə onu vurmaq istədiyini görmüşdür. Həmin vaxt başa düşmüşdür ki, sən demə Xanım sonradan marketin içərisindən çıxıb kənardan onun xəbəri olmadan onlara baxırmış. Bundan sonra o, Şəxs vurmamışdır və kənara çəkilmişdir. Şəxsla "xxxx" MMC-nin yan tərəfinə keçdikdən sonra mübahisələri, Emilin ona yumruq atması, itələməsi və onu boğmağa çalışması, eləcə də onun Emili yumruqla vurmağı cəmi 2 dəqiqə ancaq çəkmişdir. Emil demək olar ki, onunla mübahisə etmədən qəflətən yumruq zərbəsi atmışdır ki, bundan sonrakı hadisə çox ani baş vermişdir və onlar aralanmışlar. Həmin vaxt kənarda mağaza işçiləri Elvin və Seymurdan başqa heç kim olmamışdır. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı ilə yanaşı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan Rayon Polis Şöbəsinin TB-nin müstəntiqi, polis mayoru İlqar İsmayılov tərəfindən tərtib olunmuş 18 noyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarın surətindən görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi üçün qəbul edilmiş qərarın surətinin Salyan RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Salyan Rayon Polis Şöbəsinin TB-nin müstəntiqi, polis mayoru İlqar İsmayılov tərəfindən tərtib olunmuş 05 dekabr 2024-cü il tarixli raportdan görünür ki, Salyan rayonu Sarvan kənd sakini Şəxs hərəkətlərində döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi əlamətləri olduğu müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Salyan rayonu, Şorsulu kənd ərazisində həmin kənd sakini Zərərçəkmiş şəxs döyərək inzibati xəta törətmişdir. xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırmanın aparılması haqqında qərardaddan görünür ki, Salyan rayon Sarvan kənd sakini Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayon Şorsulu kəndi ərazisində Zərərçəkmiş şəxs döyərək inzibati xəta törətmişdir. Şəxs barəsində Azərbaycan Respublikasının İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmış və araşdırma aparılmışdır. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Şorsulu kənd ərazisində Zərərçəkmiş şəxs döymüş, bununla da, o, həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 14-cü maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 157-ci maddəsinə əsasən, döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs haqqında inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən himayəsində iki azyaşlı uşaqlarının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır, ağırlaşdıran halları isə müəyyən etməmişdir. Məhkəmə Şəxs şəxsiyyətini, inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Məhkəmə Şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan digər daha ağır inzibati tənbehin, yəni inzibati həbs növündə inzibati tənbehin təyin olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda, o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş tənbeh ədalətli olmamaqla işin hallarına və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin şəxsiyyətinə uyğun olmaz, inzibati tənbehin məqsədləri təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar