Məhkəmə qərarları › İş №3(057)-651/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-651/2025

13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-651/2025 13.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan rayon məhkəməsinin hakimi X7, X8 oğlunun katibliyi ilə, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Salyan şəhəri İ.Quliyev küçəsi ev 17, mənzil 19-da qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan rayon məhkəməsinin 2(057)-681/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs öhdəsində olan 4380 manat aliment borcunu tələbkar Zərərçəkmiş şəxs ödəməmişdir. Həmin faktla bağlı Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə 13 iyun 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, Salyan rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli 2(057)-681/2022-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs 20 may 2009-cu ildə tarixdə anadan olmuş Kənan və xx.xx.2011-ci ildə anadan olmuş Əzizə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər uşağa 120 manat olmaqla cəmi 240 (iki yüz qırx) manat miqdarında sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Alimentin tutulmasının əvvəli 01 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Qeyd olunan icra sənədi icra olunması üçün 20 iyun 2022-cil tarixndə Salyan rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və iş üzrə icraata icra məmuru X1 tərəfindən başlanmışdır. İcra sənədinin icrası 14 iyul 2023-cü il tarxidə İcra məmuru Nicat Mahmudova həvalə edilmişdir. Borclu Şəxs barəsində 03 noyabr 2023-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş və Salyan rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 2(057)-366/2023 saylı qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Borclu Şəxs barəsində 25 noyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə təqdim edilmiş və Salyan rayon Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat cərimə edilmişdir. Borclu Şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün 03 iyun 2025-ci il tarixdə təqdimatla Salyan rayon məhkəməsinə müraciət edilmiş və təqdimat Salyan rayon məhkəməsinin icraatındadır. Borclu Şəxs aliment borcundan bu günədək 4260 manat ödəmiş borclunun hal hazırda 4380 manat məbləğində aliment borcu yaranmışdır. Borclu son dövrlərdə mütəmadi olaraq hər ay 200 manat aliment ödəməkdədir. Bocluya cinayət məsuliyyətinə cəlb olunması barədə xəbardarlıq edilmişdir. Hazırki məhkəmə iclasında Elnur 300 manat aliment borcundan tələbkara ödəmişdir. Hazırki inzibati protokolu tərtib etməsinə səbəb tələbkarın mütəmadi olaraq Baş İdarəyə etdiyi şikayətlər olmuşdur.Şəxs əmlakının olub-olmaması barədə araşdırma aparılmış, lakin hər hansı əmlakı aşkar edilməmişdir. İcra sənədini üzrsüz səbəbdən icra etməməsi barədə konkret sübutu yoxdur, hesab etmişdir ki, ona dəfələrlə aliment borcu ödəməsi barədə xəbərdarlıq edilməsi, izahatlarının alınması tələbin icra edilməməsi üçün üzrsüz səbəbdir. Odur ki, Şəxs barəsində qərar verilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, aliment borcunun olmasını qəbul edir, borcun ödənilməsindən yayınmır. Hazırda heç bir yerdə işləmir, ikinci dəfə ailə həyatı qurmuş, həmin evlilikdən bir azyaşlı uşağı var, sağ əli barmaq hissələri damarlarında tromb olması səbəbindən qanqrena etmiş və həkimlərin məsləhəti ilə biləkdən amputasiya olunacaqdır. O, alimentin 300 manatını hazırki məhkəmə iclasında tələbkara ödəmiş, söz verir ki, aybaay alimenti gücü çatdığı məbləğdə ödəyəcəkdir. Zərərçəkmişə olan 8640 manat aliment borcundan bu günə 4260+300= 4560 manat ödəmişdir. Alimenti tam ödəməməsi xəstəliyi ilə əlaqədar üzrlü səbəbdən baş vermişdir. Baxmayaraq ki, sağ əli işləmir, buna baxmayaraq fəhləlik edib alimentin bir hissəsini ödəyir. Odur ki, barəsində qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X4 izahatında göstərmişdir ki, Şəxs alimenti ödəməməsinə səbəb onun xəstəliyi olmuşdur. Hazırki məhkəmə iclasında aliment borcundan 300 manat zərərçəkmişə ödəmiş, alimenti maddi imkanı olduqca aybaay ödəməyə söz verir. Himayəsində bir azyaşlı uşağı vardır. Odur ki, Şəxs barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahat verərək bildirmişdir ki, heç bir yerdə işləmir, himayəsində iki yetkinlik yaşına çatmayan uşaqları vardır, uşaqlarından birinin gözündə 3 dəfə əməliyyat olunmuşdur. Alimentin ödənilməsini istəyir, qalıq borcundan Şəxs məhkəmə iclasında ona 300 manat pul vermiş, aybaay verməsini istəyir, ondan şikayətçi deyil, qəbul olunacaq qərarı məhkəmənin mülahizəsinə buraxır. İş materiallarına əlavə olunmuş zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Şəxs qalan aliment borcundan 300 manatı məhkəmə iclasında qəbul etmişdir. İş materiallarını nəzərdən keçirib, protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, müdafiəçinin, zərərçəkmiş şəxsin izahatlarını dinləyib, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Salyan rayon məhkəməsinin 2(057)-681/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədindən görünür ki, Salyan Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli, 2(057)-225/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək cavabdeh Şəxs qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər ay hər uşağa görə 120 manat , cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq 20 may 2009-cu ildə anadan olmuş Kənan və xx.xx.2011-ci ildə anadan olmuş Əzizə adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarından və Şəxs ünvanlanmış xx.xx.2022-ci il tarixli 137526/03 saylı bildirişdən görünür ki, iş üzrə icraata başlanılmış; borcluya icranı könüllü təmin etməsi təklif olunmuş, icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması qərara alınmışdır. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(057)- 1071/2023 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinmiş, ona 500 manat inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(057)- 1144/2024 saylı qərarından görünür ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsi ilə təqsirli bilinmiş, ona 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan Şəxs tərəfindən Zərərçəkmiş şəxs ödənilən aliment ödənişləri barədə cədvəldən görünür ki, 2022-ci il üzrə 450 manat, 2023-cü il üzrə 1400 manat, 2024-cü il üzrə 1950 manat, 2025-ci il üzrə 460 manat aliment ödənilmişdir. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur, pensiya və ya sosial ödəniş almır, aylıq əmək haqqı yoxdur. İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən arəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 100.1, 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 528.1-1-ci maddəsinə əsasən bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi inzibati məsuliyyətə səbəb olur, lakin, hazırkı halda, borclu Şəxs hazırki vaxtadək mütəmadi alimentin müəyyən hissəsini ödəmişdir. Protokolda göstərilmiş borcun da 300 manat hissəsini məhkəmə iclasında zərərçəkmişə ödəmişdir. Həmçinin zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs şikayətçi olmadığını bildirmişdir. Bundan başqa icra məmuru Şəxs məhkəmə qərarını üzrsüz səbəbdən icra etməməsi barədə hər hansı sübut təqdim etməmiş, protokolu zərərçəkmiş şəxsin şikayəti əsasında tərtib etmiş, protokola mötəbər sübutlar əlavə etməmiş, icra məmuru özü də məhkəmə iclasında verdiyi izahatında bu halları təsdiq etmişdir. Hansı ki, tərtib olunmuş protokol konkret olmaqla sübutlara söykənməlidir.Bununla da, borclu Şəxs həmin icra sənədinin icrasından qəsdən yayınmamış, qərəzli olaraq boyun qaçırmamış, onun alimenti ödəməməsinin üzrsüz səbəbləri icra məmuru tərəfindən tam araşdırılaraq sübuta yetirilməmiş, məhkəmə iclasında aliment borcundan müəyyən hissəni tələbkara ödəmiş, tələbkar şikayətçi deyil. Hazırda da borclu söz vermişdir ki, alimenti vaxtlıvaxtında ödəyəcəkdir. Bundan başqa, tələbin könüllü icra müddəti keçməsinə baxmayaraq onun barəsində icra sənədinin icrasını təmin edən məcburi icra tədbirləri ilə bağlı heç bir tədbir görülməmiş, icra sənədinin icra edilməsindən qərəzli və üzrsüz olaraq boyun qaçırıbqaçırmaması araşdırılmamış, inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyin yuxarıda sadalanan tələbləri araşdırılıb hüquqi qiymət verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Məhkəmə qeyd edir ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət olunması göstərilsə də, təqdimatla bağlı yekun qərarın olub-olmaması barədə sənəd əlavə olunmamış, bütün zəruri icra hərəkətləri həyata keçirilməmiş, icra prosesi hələ tam yekunlaşmamışdır. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanının olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda isə məhkəməyə təqdim edilmiş sənədlərdən də göründüyü kimi, borclu alimentin müəyyən hissəsini ödəmiş, məhkəmə iclasında qalan aliment borcundan 300 manat da zərərçəkmişə vermiş, hazıradək cəmi 4560 manat aliment ödəmiş, qalan aliment borcunu da hissə-hissə ödəməyə söz vermiş, zərərçəkmiş şəxs şikayətçi deyil. Qeyd olunan xüsusatlarla borclu Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətləri icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi kimi qiymətləndirilə bilməz. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmədə öz təsdiqini tapmamış, əksinə təqdim olunmuş sənədlərlə və izahat vermiş şəxslərin izahatları ilə təkzib olunmuşdur. Odur ki, Şəxs əməlində İXM-nin 528.1-1-ci maddəsinin tərkib əlamətləri yoxdur və o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75.0, 75.0.2, 75.0.3, 75.0.6-cı maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 53, 75, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-1 -ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar