Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-658/2024 02.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlu Rəhimov Səftər Rəhim oğlunun katibliyi, X1 iştirakı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında 06 iyul 2024-cü il tarixli, TP seriyalı, ******* saylı qərardan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən X3 barəsində Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında 06 iyul 2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli qərar qəbul edilmişdir. Həmin qərardan narazı qalan barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs X3 məhkəməyə şikayət verərək xx.xx.2024-cü il tarixli, TP № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə polis əməkdaşı Rövşən İbadovun qanunsuz hərəkətləri ilə bağlı tədbir görülməsi üçün təqdimat verilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, barəsində xx.xx.2024-cü il tarixində, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında barəsində xx.xx.2024cü il tarixli, TP ******* saylı qərar qəbul edilərək Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Hesab edir ki, qəbul edilən inzibati tənbeh vermə haqqında qərar obyektiv və ədalətli olmadığına, həmçinin aşağıda qeyd edilən digər hallara görə həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. O xx.xx.2024-cü il tarixində Salyan-Bakı istiqamətində “Chevrolet Malibu” markalı, **- RN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olan zaman Bakı-Astara-İran sərhədi yolunun 143 km-də yerləşən stasionar postdan (Salyan rayonunun ərazisi) keçdikdə yol patrul xidməti əməkdaşı Rövşən İbadovun deməsinə görə onun tərəfindən maşını saxlama əmri verilmişdir. Bundan sonra isə o, onun arxasınca gələrək təxminən 6 kilometr sonra saxla əmri vermişdir. O isə elə həmin anda avtomobilini yolun sağına verərək saxlamışdır. Rövşən İbadov tərəfindən ona kobud şəkildə və ucadan danışaraq iradlar bildirilmişdir ki, guya polisin saxla əmrinə tabe olmamışdır. O isə belə əmrin verilməsini görmədiyini və polisin qanuni əmrinə tabe olmamasına heç bir əsasın olmadığını, protokolla razılaşmadığını bildirsə də, onun tərəfindən barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikası İXM-nin 327.3-cü maddəsinə əsasən 100 manat məbləğində cərimə tətbiq edilmişdir. Bundan sonra isə özü də digər yolda olan sürücülərə təhlükə yaradaraq, xüsusi işıqlarını yandırmadan həmin yolda əks istiqamətdə hərəkət edərək posta geri qayıtmışdır. Sonradan həmin əməkdaşa bunu bildirdikdə isə “hamı özünə cavabdehdir” demişdir. Polis əməkdaşı tərəfindən ona hüquqları izah edilməmiş, protokolu imzalamaq və sair prosessual hərəkətlər qanunvericilikdə müəyyən edilmiş qaydada yerinə yetirilməmiş, xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun surəti təqdim edilməmişdir. Nəticədə protokolda olan çatışmazlıqları hazırda da şikayətinə əlavə edə bilmir. Halbuki, İXM-nin 100-cü maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aprılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Polis əməkdaşı tərəfindən protokolun tərtib edilməsi zamanı kobud qanunvericilik pozuntularına yol verilmişdir. Bundan əlavə, əsas olaraq tərəfindən inzibati xəta törədilmədiyi halda əsassız olaraq ona cərimə tətbiq edilmişdir. Belə ki, İXM-nin 327.3-cü maddəsi müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsi inzibati xəta sayılır. Həmin maddə blanket norma olduğundan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 85-ci maddəsinə nəzər yetirək. Həmin maddənin qeyd hissəsində göstərilir ki “Nəqliyyat vasitəsi bu Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş sənədlərin yoxlanılması məqsədilə yalnız stasionar postlarda dayandırıla bilər. Nəqliyyat vasitəsinin dayandırılması fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə nəqliyyat vasitəsini idarə edən şəxsin aydın görə və ya eşidə biləcəyi şəkildə tələb edilməlidir. Nəqliyyat vasitəsinin dayandırılması tələbi sürücü tərəfindən yerinə yetirilmədikdə, pozuntunun vaxtı, yeri, xarakteri, nəqliyyat vasitəsinin markası, rəngi, hərəkət istiqaməti, dövlət qeydiyyat nişanı və digər mühüm əlamətləri göstərilməklə müvafiq icra hakimiyyəti orqanının digər əməkdaşlarına radio-cihaz vasitəsilə məlumat verilir və bundan sonra yazılı formada müvafiq raport tərtib edilir. Nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli olması barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsinin dayandırılması tələbini yerinə yetirməyən sürücünün nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər”. Nəqliyyat vasitəsi dayandıqda ona yaxınlaşır, özünü nəqliyyat vasitəsinin sürücüsünə təqdim edir və bundan sonra ona dayandırılmanın səbəbini bildirərək ondan bu Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndində göstərilən sənədləri təqdim etməyi tələb edir. Polis əməkdaşı ona qanunvericiliyin tələbinə əsasən saxla əmrini-fit və jezllə işarə verməklə və ya səsgücləndirici cihaz vasitəsilə verib-verməməsini, həmin əmrin verilməsi zamanı videogörüntünün olubolmaması, onu təqib etməsinə əsasının olub-olmamasını, onu təqib edən zaman yuxarı vəzifəli şəxsə müvafiq məlumatı radio-cihaz vasitəsilə verib-verməməsi, xüsusi sayrışan işıqları olmadan əks istiqamətdə 6 km hərəkət edərək digər sürücülərə qəza vəziyyəti yaratmaq hüququnun olubolmamasını, protokolun tərtib edilməsi zamanı qanunvericiliyə riayət edilib-edilməməsini (özünü təqdim etmə, hüquqlarını izah etmə və sair.) araşdırmalarını xahiş edir. Hörmətli məhkəmə, polis əməkdaşı tərəfindən yuxarıda göstərilən tələblərin heç birinə əməl edilməmiş və qanunvericiliyin tələblərini kobud surətdə pozmaqla inzibati xəta haqqında protokol tərtib edilmişdir. Əgər polis əməkdaşı qanunvericiliyə uyğun olaraq protokolu tərtib etdiyini qeyd edirsə, xahiş edir həmin videogörüntüləri məhkəməyə təqdim etsin. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 verdiyi şikayət ərizəsinə uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar (dəfələrlə) edilməsinə baxmayaraq qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə işə iştirakı olmadan baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini nəzərdən keçirərək və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin TP seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli “inzibati tənbeh vermə haqqında” qərarı ləğv edilməli inzibati xəta haqqında iş yenidən baxılmaq üçün həmin Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Qanunvericiliyin məzmunu ilə müəyyən edildiyi kimi, inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilərkən, onun tərəfindən inzibati tənbeh vermə haqqında işin başlanmasına əsaslar müəyyən edildikdə inzibati xəta haqqında iş üzrə icraat başlanılır. İş materiallarından görünür ki, vətəndaş X3 istifadəsində olan “Chevrolet Malibu minik” markalı, **-RN-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Astara-İran sərhədi yolunun 143 kilometrliyində inzibati xəta törətməsini müəyyən etmək, inzibati xəta hadisəsi ilə bağlı foto və videogörüntü olmadan ədalətli qərar qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 120-ci maddəsinə əsasən, bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır; 122.1 maddəsinə əsasən, bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1- 1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Bu Məcəllənin 346-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə təsdiq edilmiş qərarlar real vaxt rejimində həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə göndərilir. 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir; 124.4-cü maddəsinə əsasən, inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Qanunvericiliyin məzmunundan göründüyü kimi İXM-in 327.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın hər hansı sübutlar təqdim edilmədən araşdırılması mümkün deyildir. Məhkəmə iclasında təqdim edilən sübutlar isə X4 tərəfindən İXM-nin 327.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsini sübut etmək üçün kifayət etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 48-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir; 134.1 və 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1 və 135.1.6-cı maddəsinə əsasən, hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu Məcəllə ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün müəyyən edilən əsaslar sırasına daxildir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozmaqla X3 barəsində TP seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul edərək sonuncunun hüquqlarını pozmuşdur. X2 İXM-in 327.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli olmasının qanunla müəyyən olunmuş qaydada müəyyən edilməsi mümkün olmadığı üçün o, inzibati məsuliyyətə cəlb edilə bilməz. Buna görə də inzibati icraat zamanı yol verilmiş natamamlıqlarla bağlı iş üzrə yenidən araşdırma aparılmalı və müvafiq qərar qəbul edilməlidir. Ona görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli qərar ləğv edilməli, X2 Azərbaycan Respublikası İXM-in 327.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş TP seriyalı ******* saylı, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərar ləğv edilsin və yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-658/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-658/2024
02.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver