Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-662/2024 19.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakı ilə xx.xx.1984-cü il tarixdə Salyan rayonu, Şatrovka (indiki Çadırlı) kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi təsərrüfatla məşğul olan, Salyan rayonu, Çadırlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 17 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 17 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 17 iyul 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şirvan Kommersiya Məhkəməsinin e- 2-2(121)-12/2022 saylı icra vərəqəsinə əsasən 400 manat "xxxx" MMC-yə, Salyan rayon Notariusunun 8İ-3628 saylı icra sənədinə əsasən 4185 manat borcu X3, Şirvan Şəhər Məhkəməsinin 2(032)-139/2022 saylı icra vərəqəsinə əsasən 2138 manat borcu "xxxx"ya ödəməmiş, ümumilikdə 6723 manat borcu tələbkarlara ödəməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, İcra sənədinə əsasən X3 olan 5440 manat borcu olmuşdur. Borcun bir hissəsini, yəni 1300 manatını əvvəl ödəmiş, 4185 manat borcu qalmışdır. xx.xx.2024-cü il tarixdə də 1000 manat ödəmişdir. "xxxx" MMC-yə olan borcundan 300 manat ödəniş etmişdir. Tələbkarlarla razılıq əldə etmişdir, ona görə də, məhkəmədən ona köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını və çıxışını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-139/2022 saylı, 10 fevral 2024-cü il tarixli icra sənədinə əsasən, cavabdeh Şəxs 2100 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" MMC-nə verilməsi, məhkəmə xərclərinin 85 faizinın cavabdehə aid edilməsi, dövlət rüsumu üçün ödənilmiş 45 manat məbləğində pulun 38 manat hissəsi alınaraq iddiaçı "xxxx" MMC-nə verilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən Salyan rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli müraciətin ksero surətindən görünür ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)-139/2022 saylı, 10 fevral 2024-cü il tarixli sənədinin İcra və Probasiya Şöbəsinin əməkdaşları tərəfindən ümumiyyətlə icra edilməsi həyata keçirilmir. Cavabdehin şirkətə bugünki günə 2804,99 manat borcu qalmaqdadır. "xxxx" MMC-nin rəhbərliyi qısa müddətdə icra ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydada qeyd edilən məbləğin şirkətə ödənilməsini təmin olunmasını xahiş etmişdir. Əks təqdirdə şirkət Ədliyyə Nazirliyinin rəhbərliyi səviyyəsində vəsatət qaldırmaq məcburiyyətindədir. İş materiallarında olan Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusunun 8İ- 3628 nömrəli, 04 may 2022-ci il tarixli icra qeydindən görünür ki, Şəxs 3M-731 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5440 manat, tələbkar tərəfindən 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 5465 manat pulun tutulması qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2022-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya təqdim edilmişdir. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru Mirtaleh Muradlının xx.xx.2022-ci il tarixli “icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” qərarın ksero surətindən görünür ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.2-ci maddəsinə əsasən Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)- 12/2022-061 nömrəli, xx.xx.2022-ci il tarixli sənədi icra olunması üçün Salyan rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində pul vəsaiti Şəxs və X2 müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməsi, daşınmaz əmlakın qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyəri olan 300 manat məbləğində pul vəsaiti Şəxs və X2 müştərək qaydada alınaraq "xxxx" MMC-nin hesabına ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Şəxs xx.xx.2024-cü il tarixli izahatının ksero surətindən görünür ki, barəsində olan 3 icra sənədi üzrə xəbərdardır. Azyaşlı övladının xəstə olması ilə bağlı ödəniş etməmişdir. Abbasov Cahidə 1300 manat ödəniş etmişdir. Hər borcu üzrə avqust ayından 100 manat olmaqla, cəmi 300 manat ödəniş edəcəkdir. X1 autizm (F84) xəstəliyindən əziyyət çəkir. Həyat yoldaşı heç bir yerdə işləmir. Ailəni o dolandırır. X9 və anası İbrahimova Sevda onun himayəsindədir. Atası müharibə veteranıdır və onkoloji xəstəlikdən əziyyət çəkir. Ümumilikdə himayəsində 5 nəfər vardır. Onların hamısının ailə məişət problemləri onun üstündədir. Himayəsində azyaşlı xəstə uşağının olmasını nəzərə alaraq, ona hissə-hissə ödənişə köməklik edilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, borclu 300 manat borcundan "xxxx" MMC-nin heabına ödəmişdir. İş materiallarında olan “PashaPay” ödəniş sistemi vasitəsilə ödənilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, borclu tərəfindən 1000 manat ödəniş edilmişdir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinə əsasən, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Məhkəmə hesab edir ki, icra məmuru hazırki icra sənədinin icrası ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bütün mümkün icra tədbirlərini yerinə yetirmədən, borclunun icra sənədinin icra edilməsi üçün tələbin üzrsüz səbəbdən icra etməməsi barədə nəticəyə gəlmiş və əsassız olaraq onun inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlumdur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə müəyyən etmişdir ki, borclu Şəxs borcunu ödəməkdən imtina etmir və ötən müddət ərzində borcundan əvvəl 1300, 18-19 iyul 2024-cü il tarixlərində isə 1300 manat borcundan ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs oğlunun hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Şirvan Şəhər Məhkəməsinin 2(032)-139/2022 saylı, 10 fevral 2024-cü il tarixli, Salyan rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusunun 8İ-3628 nömrəli, 04 may 2022-ci il tarixli və Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədlərinin icra edilməmələri ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-662/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-662/2024
19.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver