Məhkəmə qərarları › İş №3(057)-666/2024

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-666/2024

18.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-666/2024 18.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan rayon məhkəməsinin hakimi X5, X6 oğlunun katibliyi ilə, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nümayəndə, Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil iştirakları ilə xx.xx.1989-cu ildə Salyan rayonu P.Gəncəli kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən Şəxs haqqında Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Salyan rayon məhkəməsinin 2(057)-452/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs öhdəsində olan 1660 manat aliment borcunu tələbkar Sadıqova (Ələkbərova) Şölə Rasət qızına ödəməmiş, aliment borcunu ödəməkdən qərəzli yayınır. Həmin faktla bağlı Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Salyan rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nümayəndə inzibati xəta haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, Salyan rayon məhkəməsinin 2(057)-452/2018 saylı xx.xx.2018ci il tarixli icra sənədinə əsasən borclu Ələkbərov Şəxs Şölə Rasət qızına Yusif adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 90 manat sabit pul məbləğində aliment ödəməlidir. Şəxs onun çağırışlarına gəlməmiş, buna görə də onun barəsində axtarış elan olunmuşdur. Şəxs aliment borcunun müəyyən hissəsini ödəsə də bu barədə qəbzləri Salyan rayon İcra və Probasiya Şöbəsinə təqdim etməmiş, bu gün yəni xx.xx.2024-cü ildə axtarışla gətirilmişdir. Şəxs Şöbəyə axtarışla gətirildikdən sonra 5180 manat məbləğdə alimentin ödənilməsi barədə qəbzləri qohumları gətirərək ona təqdim etmişlər. Onun icra sənədi üzrə 1660 manat borcu qaldığı müəyyən edilmiş, barəsində protokol tərtib edilmişdir. Protokol tərtib edildikdən sonra onun qohumları 1660 manat borca daxil olan 540 manatın ödənilməsi barədə qəbzlər gətirmişlər, bununla da onun bu günə 1120 manat borcu qalmışdır. O, Şəxs hansı məbləğdə aliment ödəməsi, borcunun olub-olmaması barədə əlavə araşdırma aparmamış, poçt xidmətinə bu barədə sorğular verməmiş, protokolu zərərçəkmiş şəxsin şikayəti və dedikləri əsasında tərtib etmişdir. Buna görə də protokola yetərli sübutları əlavə etməmiş, sənədlər natamamdır. Amin ondan qəbzləri gətirməsi üçün icazə istəsə də, axtarışla gəldiyi üçün ona icazə verməmişdir. Tələbkarın xx.xx.2024-cü il tarixdə Şöbəyə daxil olmuş teleqramından görünür ki, Şəxs şikayətçi deyil, lakin aliment borcunu ödəməsi üçün ona 03 ay vaxt verilməsini xahiş etmişdir. Odur ki, Şəxs barəsində qanuni qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməmiş və izahatında göstərmişdir ki, aliment ödədiyi uşaq onun uşağıdır, aliment ödəməkdən yayınmır, tələbkara olan aliment borcunu vaxtlı-vaxtında ödəyir, onda ödənişlərin qəbzləri var. Onun tələbkara heç bir borcu qalmayıb. O, hər ay 90 manat aliment ödəyir, bundan sonra da alimenti hər ay vaxtlı-vaxtında ödəyəcəkdir. İcra məmurunun çağırışlarından yayınmamış, axtarışda olması barəsində ona məlumat verilməmiş, bu gün sahə müvəkkili kənddə onu görərək Polis şöbəsinə dəvət etmiş, o, da könüllü olaraq gəlmişdir. Barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolda onun borcu kimi göstərilən 1660 manatı ödəmiş, qəbzləri onun evindədir. Protokol tərtib olunan gün o, dəfələrlə icra məmurundan evə gedərək, qalan borcun da qəbzlərini tapıb gətirməsi üçün icazə istəsə də, icra məmuru ona icazə verməmiş, buna görə də qohumları onun evinə getmiş ödəniş qəbzlərini, o cümlədən 1660 manat borca daxil olan 540 manat alimentin ödənilməsi barədə qəbzi tapıb gətirərək icra məmuruna təqdim etmişlər, lakin bütün qəbzləri tapıb gətirə bilməmişlər, özü evə getsəydi qalan qəbzləri də gətirərdi. O, ödənişləri poçt vasitəsilə ödəmişdir. Qəbzləri təqdim etdikdən sonra icra məmuru onun artıq 1120 manat borcunun qaldığını demişdir. Halbuki həmin borc ödənilmiş, qəbzləri var, onun borcu yoxdur. Bu günkü gün, yəni xx.xx.2024-cü ildə tələbkara 90 manat ödəmişdir. Evdə ahıl yaşda anası var. İcra məmuru evə gedərək, qalan borcun da qəbzlərini tapıb gətirməsi üçün ona icazə vermədiyindən qalan qəbzləri təqdim edə bilmir. Həmin borc ödənilib, protokol əsassızdır. Məhkəmədən qalan borcunun ödənilməsini təsdiq edən qəbzləri təqdim etməsi üçün vaxt istəyir.O, heç bir inzibati xəta törətməmiş, heç bir təqsiri yoxdur. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi fərdi qaydada fəaliyyət göstərən Vəkil izahatında göstərmişdir ki, Şəxs ona borcunun olmadığını, ödənildiyini bildirmişdir. Şəxs təqsirini sübuta yetirmək protokolu tərtib etmiş orqanın üzərinə düşür ki, bunu etməmiş, müvafiq araşdırma aparmamış, sorğular verməmişdir. Ona görə də Şəxs təqsirsiz hesab edilməlidir. İş materiallarını nəzərdən keçirib, protokolu tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və müdafiəçinin izahatlarını dinləyib, zərərçəkmiş şəxsin teleqramını nəzərə alıb məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. Belə ki, iş materiallarında olan Salyan rayon məhkəməsinin 2(057)-452/2018 saylı xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs 27 oktyabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə aliment tələbi ilə bağlı ərizə ilə müraciət edildiyi xx.xx.2018-ci il tarixdən başlayaraq hər ay 90 manat sabit pul məbləğində alimentin tutularaq X1 verilməsi qət edilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2018-ci il tarixli “icraata başlamaq haqqında” qərarından və Şəxs ünvanlanmış xx.xx.2018-ci il tarixli 76399/03 saylı bildirişdən görünür ki, iş üzrə icraata başlanılmış; borcluya icranı könüllü təmin etməsi təklif olunmuş, icra könüllü təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması qərara alınmışdır. İş materiallarında olan Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(057)- 220/2024 saylı qərardadından görünür ki, Şəxs Salyan rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərar alınmışdır. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli “borclunun axtarışı haqqında” qərardan görünür ki, Şəxs barəsində axtarış elan olunmuşdur. İş materiallarında olan Şəxs barəsində olan elektron çıxarışın surətindən görünür ki, onun mülkiyyətində tələbin yönəldilə biləcəyi əmlakı və gəlirləri yoxdur, pensiya və ya sosial ödəniş almır, aylıq əmək haqqı yoxdur. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli 76399/03 saylı xəbərdarlığın surətindən görünür ki, Şəxs icra sənədinin icrasını təmin etməsi və Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuş, əks təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı bildirilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 106/3 saylı məktubundan görünür ki, Salyan RPŞ-nin əməkdaşları tərəfindən Şəxs saxlanılaraq Salyan rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan Şəxs Salyan rayon İcra və Probasiya Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatından görünür ki,hazırki vaxtadək tələbkara 5180 manat, protokol tərtib olunan gün, yəni xx.xx.2024-cü il tarixdə isə 90 manat, cəmi 5270 manat ödəmişdir. İş materiallarına əlavə olunmuş zərərçəkmiş şəxs X3 xx.xx.2024-cü il tarixdə Salyan rayon İcra və Probasiya şöbəsinə ünvanladığı teleqramdan görünür ki, onun Şəxs şikayəti yoxdur, qalıq borc 1660 manatı 3 ay ərzində ödəsin və aliment borcunu bir vaxt təyin edərək vaxtında ödəsin. İş materiallarına əlavə olunmuş çoxsaylı ödəniş qəbzlərindən görünür ki, 2024-cü ilin yanvar ayına qədər Şəxs tərəfindən X4 cəmi 5180 manat ödəniş olunmuşdur. İcra Haqqında Azərbaycan Respublikasının Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən arəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 100.1, 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi inzibati məsuliyyətə səbəb olur, lakin, hazırkı halda, borclu Şəxs alimenti vaxtı-vaxtında ödəmiş, sübutlarını məhkəməyə təqdim etmişdir. Protokolda göstərilmiş, borcun da təxminən üçdə bir hissəsini ödəməsi barədə sübut təqdim etmiş, bu məhkəmə iclasında icra məmuru tərəfindən də təsdiq edilmişdir.Həmçinin zərərçəkmiş şəxs Salyan rayon İcra və Probasiya şöbəsinə ünvanladığı teleqramında da Şəxs şikayətçi olmadığını bildirmiş, ona vaxt verilməsini xahiş etmişdir. Bundan başqa icra məmuru Şəxs protokol tərtib olunan günə konkret hansı məbləğdə aliment borcunu ödəməsi, nə qədər borcunun qalması barədə əlavə araşdırma aparmamış, sorğular verməmiş, protokolu zərərçəkmiş şəxsin şikayəti əsasında tərtib etmiş, protokola mötəbər sübutlar əlavə etməmiş, icra məmuru özü də məhkəmə iclasında verdiyi izahatında bu halları təsdiq etmişdir. Protokolda aliment borcunun 1660 manat olması göstərilsə də, icra məmuru məhkəmə iclasında borcun 1120 manat olması barədə ziddiyyətli fikir bildirmiş, hansı ki, tərtib olunmuş protokol konkret olmaqla sübutlara söykənməlidir. Bununla da, borclu Şəxs həmin icra sənədinin icrasından qəsdən yayınmamış, qərəzli olaraq boyun qaçırmamış, onun alimenti ödəməməsi icra məmuru tərəfindən tam araşdırılaraq sübuta yetirilməmiş, məhz protokol tərtib olunan günə onun nə qədər aliment borcunun olması müəyyənləşdirilməmişdir, tələbkar şikayətçi deyil. Hazırda da borclu söz vermişdir ki, alimenti vaxtlı-vaxtında ödəyəcəkdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, Şəxs hərəkətləri icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi kimi qiymətləndirilə bilməz. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi məhkəmədə öz təsdiqini tapmamış, əksinə təqdim olunmuş sənədlərlə və izahat vermiş şəxslərin izahatları ilə təkzib olunmuşdur. Odur ki, Şəxs əməlində İXM-nin 528.1-ci maddəsinin tərkib əlamətləri yoxdur və o, inzibati məsuliyyətə cəlb oluna bilməz. Azərbaycan Respublikasının İXM-nin 53.1, 53.1.2-ci maddələrinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75.0, 75.0.2, 75.0.3, 75.0.6-cı maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 114.2, 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, iş materiallarını tam şəkildə tədqiq edərək hesab edirəm ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri İXM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyindən və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8, 53, 75, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Adil Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar