Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-67/2024 14.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi-müfəttişi X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2 və 253.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan inzibati xəta haqqında protokola Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 253.2 və 253.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş inzibati xəta haqqında protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyət (bundan sonra Şəxs MMC) tərəfindən Salyan şəhəri, Babazanlı yaşayış massivinin ərazisində asfalt yolun kənarında D.E.E.A-nin rəyi olmadan PVC kabel xəttinin çəkilişi zamanı podratçı qismində 3 (üç) kol məhv edilmiş və 4 (dörd) kol zədələnmişdir. Məhkəmə iclasında iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Salyan rayonu Babazanlı qəsəbəsinin yaşıllıq ərazisində qazıntı işləri aparılan ərazidə 03 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilən zaman qazıntı işləri nəticəsində 3 kolun məhv edildiyi, 4 kolun isə texnika ilə budaqlarının əzildiyi, sındırılaraq zədələndiyi aşkar edilmiş və bu barədə 79965 nömrəli akt tərtib edilmişdir. Araşdırma zamanı qazıntı işlərinin Şəxs MMC tərəfindən aparılması, kolların onlar tərəfindən məhv edilməsi müəyyən edilmişdir. Pozuntunu bilavasitə özü aşkar etmişdir. İnzibati araşdırma zamanı Şəxs MMC-yə məlumat verilməsinə baxmayaraq araşdırmada Şəxs MMC-nin nümayəndəsi iştirak etməmişdir. İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, ərazidə işləri "xxxx" MMC müvafiq rəy almadan icra edir. Lakin sonradan "xxxx" MMC-nin rəhbərliyi məktubla müraciət etsə də, artıq gec olmuşdur. Qanunvericiliyin tələbinə əsasən sifarişçi razılıq alandan sonra bu işləri görə bilərdi. Ərazidə başqa təşkilata məxsus texnika vasitəsilə qazıntı işləri aparılmışdır. Həmin qazıntı işləri aparılarkən onun tərəfindən video çəkiliş aparılmaqla yanaşı fotoşəkillər çəkilmişdir. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, işlərə Şahid Zahir oğlu layihənin "xxxx" MMC-nin sifarişi ilə GPON (ağıllı kənd və rayon layihəsi) çərçivəsində diametri 100 mm olan PVC fiberoptik kabel xəttinin çəkilməsi məqsədilə aparıldığını bildirmişdir. Rauf adlı traktorçudan soruşduqda, o da demişdir ki, "xxxx" MMC burada internet çəkir. O, da demişdir ki, “işi saxla, burada olan yaşıllıqları məhv edirsən”. Sonra iş icraçısı Şahid Zahir oğlunu çağırmışlar, sonuncu gələndən sonra yenidən çəkiliş ilə yerə baxmışlar. İş icraçısı bildirmişdir ki, sərəncam var, burada internet çəkirik. Ona görə də "xxxx" MMC barəsində xx.xx.2023-cü il tarixdə MN № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Salyan Rayon Məhkəməsinin 3(057)-645/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.1.1, 253.2 və 253.4-cü maddələri ilə tərtib edilmiş MN seriyalı № ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında başlanmış iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsi qərara alınmışdır. O, iş materiallarında olan sübutların məhkəmə tərəfindən araşdırılmadığını, inzibati xətanın Şəxs MMC tərəfindən törədilməsinin sübutu olaraq mobil telefon vasitəsi ilə çəkilmiş videogörüntüyə məhkəmə tərəfindən baxış keçirilməsini və sübutları müqayisəli təhlil edərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Şəxs MMC-nin nümayəndəsi üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq, məhkəmə işə Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Şahid Zahir oğlu tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, həmin vaxt o, Şəxs MMC-nin iş icrası vəzifəsində işləmişdir. Qazıntı işləri aparılarkən o, yaşıllıqların zədələnməsi və məhv olması barədə əvvəlcədən razılığın alınması ilə bağlı rəhbərliyə məlumat versə də, rəhbərlik tərəfindən ona bütün icazələrin alındığı bildirilmişdir. Buna görə də, o, həmin vaxt öz işini icra etmişdir. Sonradan qazıntı işləri ilə bağlı müvafiq icazə alınmadığını bilmiş və ərizə yazaraq işdən çıxmışdır. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İnzibati Xətalar Məcəlləsinin 253.2 və 253.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş materiallarında olan sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; xx.xx.2023-cü il tarixli, 79965 saylı aktdan görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Salyan rayonu, Babazanlı qəsəbəsində yaşıllıq ərazidə qazıntı işləri aparılan əraziyə baxış keçirilmiş, qazıntı işləri nəticəsində ikisi iydə, biri yulğun olmaqla 3 kolun məhv edilməsi, 4 yulğun kolunun isə texnika ilə budaqlarının əzildiyi, sındırıldığı, zədələndiyi aşkar edilmişdir. xx.xx.2023-cü il tarixli, 79965 saylı akta əlavə edilmiş cədvəldən görünür ki, Salyan rayonu, Babazanlı qəsəbəsi yaşıllıq ərazisində 3 ədəd iydə və yulğun kolunun qazıntı işləri aparılarkən məhv edilməsi nəticəsində təbiətə 240 manat ziyan dəymişdir. "xxxx" QSC və Şəxs MMC arasında bağlanan 28 aprel 2022-ci il tarixli CE/28/04-22 nömrəli Podrat müqaviləsinə 27 aprel 2023-cü il tarixli 44 saylı Razılaşma protokolundan görünür ki, "xxxx" QSC-nin (Sifarişçi) direktoru Ceyhun Ağayevin şəxsində digər tərəfdən Şəxs MMC-nin (Podratçı) Şəmməd Hüseynov arasında bağlanan razılaşmaya əsasən Podratçı işlərin xüsusiyyətləri tərəflər arasında razılaşdırıldıqdan sonra 80 iş günü (xx.xx.2023-xx.xx.2023) ərzində “Sifarişçi”-nin müəyyən etdiyi Salyan şəhəri zona -5 (3641 təsərrüfat) ərazidə işləri görməyi öz öhdəsinə götürmüşdür. "xxxx" QSC və Şəxs MMC arasında bağlanan 28 aprel 2022-ci il tarixli CE/28/04-22 nömrəli Podrat müqaviləsinə 27 aprel 2023-cü il tarixli 42 saylı Razılaşma protokolundan görünür ki, "xxxx" QSC-nin (Sifarşçi) direktoru Ceyhun Ağayevin şəxsində digər tərəfdən Şəxs MMC-nin (Podratçı) Şəmməd Hüseynov arasında bağlanan razılaşmaya əsasən Podratçı işlərin xüsusiyyətləri tərəflər arasında razılaşdırıldıqdan sonra 40 iş günü (xx.xx.2023-xx.xx.2023) ərzində “Sifarişçi”-nin müəyyən etdiyi Salyan şəhəri zona -3 (640 təsərrüfat) ərazidə işləri görməyi öz öhdəsinə götürmüşdür. Salyan Rayon Məhkəməsinin 3(057)-645/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında "xxxx" MMCnin nümayəndəsi X3 bildirmişdir ki, iddia olunan işlərə görə "xxxx" MMC heç bir məsuliyyət daşımır. Onlar məhz məhkəməyə dəvət olunan zaman bu məsələ ilə bağlı məlumatları olmuşdur. Hesab etmişdir ki, "xxxx" MMC ilə podratçı şirkətin heç bir əlaqəsi yoxdur. Salyan Rayon Məhkəməsinin 3(057)-645/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş X5 göstərmişdir ki, o, Baş Mil Muğan Kollegtorlarının İstismarı İdarəsində sürücü işləyir. Onun iş vaxtı saat 08-dən 17:00-a kimidir. 23 iyun 2023-cü il tarixində idarə etdiyi “İSB” markalı, **-AB-***0 olan özüyükləyən traktorla Salyan şəhəri, Babazanlı ərazisi ilə hərəkətdə olan bir şəxs ona əl edərək, sonradan adının Nadir olaraq bildiyi şəxs ondan xahiş etmişdir ki, internet kabelinin çəkilməsi işlərini apardıqlarını, 160 metr uzunluğunda, 30 sm dərinliyində və 40 sm enində qazıntı işləri aparılmalı olduğunu bildirmişdir. O, deyilən təkliflə razılaşmış, ona 50 manat yanacaq pulu vermişlər. O, qazıntı işləri apardıqca borular yerə basdırılmış və üzəri də quylanılmışdır. İşləri görən şəxslərin hansı şirkətə işçiləri olmasını bilməmişdir. Həmin şəxslərin əynində xüsusi geyim forması da olmamışdır. Sonradan ora ekologiyanın işçiləri gəlmiş və ondan işləri dayandırılması tələb olunmuşdur. DVD diskdə olan videoyazıdan görünür ki, 02 iyul 2023-cü il tarixdə Salyan rayonu Babazanlı qəsəbəsində internet xəttinin çəkilməsi üçün qazıntı işləri aparılan yaşıllıq ərazidə qazıntı işləri nəticəsində müxtəlif ağac və kollarının yerindən çıxarıldığı, texnika ilə budaqlarının əzildiyi, sındırılaraq zədələndiyi aşkar edilmişdir. Sözügedən video görüntüdə Nadir adlı şəxs qazıntı zamanı bir yulğun kolunun qırıldığını, digər kolların isə topağın altından çıxdığını özü də etiraf etmişdir. Beləliklə, məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs MMC tərəfindən Salyan rayonu, Babazanlı qəsəbəsində yaşıllıq ərazidə qazıntı işləri aparılan zaman ikisi iydə, biri yulğun olmaqla, 3 kol məhv edilmiş, bununla da, MMC həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan başqa, Şəxs MMC tərəfindən Salyan rayonu, Babazanlı qəsəbəsi yaşıllıq ərazisində qazıntı işləri aparılarkən 4 yulğun kolunun texnika ilə budaqları zədələnmiş, bununla da, MMC həmin hərəkəti ilə Azərbaycan Respublikasının İXM-nin 253.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Buna görə də MMC, həmin maddələrlə təqsirli bilinməli, lakin aşağıdakı əsaslara görə onun barəsində həmin xətalardan daha ciddi xətaya görə, yəni İXM-nin 253.2-ci maddəsi ilə müəyyən edilmiş sanksiya çərçivəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.3-cü maddəsinə əsasən, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. 31.4-cü maddəsinə əsasən, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 253.2-ci maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. 253.4-cü maddəsinə əsasən, meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsinə görə - fiziki şəxslər yüz manat miqdarında, vəzifəli şəxslər iki yüz manat miqdarında, hüquqi şəxslər min manat miqdarında cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2 və 253.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən İXM-nin 253.2-ci maddəsi ilə 25000 (iyirmi beş min) manat miqdarda cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2 və 253.4-cü maddələri ilə təqsirli bilinib, həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən İXM-nin 253.2-ci maddəsi ilə 25000 (iyirmi beş min) manat miqdarda cərimə edilsin. Qərarın surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-67/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-67/2024
14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver