Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-676/2024 25.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Əliyev Vüqar Bəxtiyar oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs Zakir oğlunun, Müdafiəçi - Salyan Rayon Vəkil Bürosunun vəkili - Vəkil oğlunun iştirakları ilə xx.xx.1990-cı ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Salyan şəhəri, Məhəmməd Füzuli küçəsi, ev 15-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 25 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 25 iyul 2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 25 iyul 2024-cü il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 700/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs cəmi 3500 manat aliment borcunu Zərərçəkmiş şəxs tam qaydada ödəmir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərdi ki, borcluya barəsində olan icra sənədinin icrası məqsədilə könüllü qaydada xəbərdarlıq edilmişdir. Tələbkar ərizə ilə borcludan 3500 manat borcun tutulması ilə bağlı şikayət etmişdir. İş məhkəməyə verildikdən sonra borclunun anası qəbz təqdim etmişdir. Hazırda borclunun 3260 manat aliment borcu vardır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, hazırda ikinci dəfə nikaha daxil olmuşdur. Həmin nikahdan bir uşağı var. Salyan şəhərində el şənliklərində və yeməkxanalarda günəmuzd olaraq aşbaz kimi fəaliyyət göstərir. Tələbkar azyaşlı uşaqları ilə görüşməsinə şərait yaratmadığı üçün bir neçə ay aliment ödəməmişdir. Alimenti ödəməkdən qəti olaraq imtina etmir. Övladları üçün müəyyən olunmuş alimentlə bərabər aliment borcunu da ödəyəcəkdir. Məhkəmə iclasının gedişində aliment borcundan 700 manat ödəmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin müdafiəçisi Vəkil borcluya borcunu ödəməsi üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, icra işini, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-700/2023 saylı, 21 iyul 2023-cü il tarixli icra sənədinə əsasən, xx.xx.2016-cı il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Şəxs hər ay hər bir uşaq üçün 160 manat olmaqla, 320 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildirişlə birlikdə borcluya xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. İş materiallarında olan Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs ünvanlanmış e179796 nömrəli, xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, barəsində olan Salyan Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(057)-700/2023 saylı icra sənədinin icrasının təmin etməsi (borcunun ödənilməsi) və 04 sentyabr 2023-cü il tarixdə (ödəniş sənədlərini təqdim etməklə) Salyan rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuşdur. Əks halda barəsində qanunamüvafiq qaydada tədbir görüləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan Şəxs Salyan rayon İcra və Probasiya Şöbəsində verdiyi xx.xx.2024-cü il tarixli izahatında göstərmişdir ki, barəsində olan icra sənədindən xəbəri vardır. Uşaqlarını ona göstərmədikləri üçün alimenti ödəməmişdir. Avqust ayından hissəhissə ödəyə bilər. İş materiallarına əlavə olunmuş “eManat” ödəniş sistemi vasitəsilə ödənilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, borclu tərəfindən tələbkara məxsus bank hesabına 700 manat ödəniş edilmişdir. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinə əsasən, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Məhkəmə hesab edir ki, icra məmuru hazırki icra sənədinin icrası ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bütün mümkün icra tədbirlərini yerinə yetirmədən, borclunun icra sənədinin icra edilməsi üçün tələbin üzrsüz səbəbdən icra etməməsi barədə nəticəyə gəlmiş və əsassız olaraq onun inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlumdur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Məhkəmə müəyyən etmişdir ki, borclu Şəxs borcunu ödəməkdən imtina etmir, aliment borcundan ayrı-ayrı vaxtlarda tələbkarın hesabına 2180 manat pul ödəmiş və məhkəmə iclasının gedişində 700 manat ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında dövlət hesabına hüquqlarını müdafiə etmiş Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-cü maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs göstərilmiş hüquqi xidmətə görə Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 03 iş saatına görə 18 (on səkkiz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Salyan Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Salyan Rayon Məhkəməsinin 2(057)-700/2023 saylı, 21 iyul 2023-cü il tarixli icra sənədinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilsin. Salyan Rayon Vəkil Bürosunun vəkili Vəkil Şəxs məhkəmə prosesi zamanı hüquqi yardımın göstərilməsi ilə bağlı sərf etdiyi 03 saat vaxt üçün dövlət vəsaiti hesabına hər iş saatı 06 manat miqdarında olmaqla, 18 manat məbləğində pul “Beynəlxalq Bank”-ın Salyan rayon filialı, Brancr code: 805885 ŞWİFT code: İBAZAZ2X Adress: Salyan şəhəri, H.Əliyev küçəsi 103, Private ACCOUNT: AZ79İBAZ********************1, Client Tax İD: **********, Bank Tax İD:**********, Corr. Account: AZ03NABZ******************** hesablarına köçürülsün. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-676/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-676/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver