Məhkəmə qərarları › İş №3(057)-698/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-698/2025

08.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-698/2025 08.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1974-cü ildə Salyan rayonu, Qarabağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada əmək fəaliyyəti ilə məşğul olan, Salyan rayonu, Kərimbəyli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan Rayon Polis Şöbəsindən daxil olan xx.xx.2025-ci il tarixli, MN № 2196606/315 saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən Şəxs barəsində İXMin 272.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN № 2196606/315 saylı inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün 24 iyun 2025-ci il tarixdə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN № 2196606/315 saylı protokoldan görünür ki, vətəndaş Şəxs xx.xx.2025-ci il tarixdə, Salyan rayonu, Kərimbəyli kəndinin ərazisində, 11 ədəd balıqları lazımi icazə olmadan, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edərək inzibati xəta törətmişdir. Faktla bağlı Salyan RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı X1 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 31 may 2025-ci il tarixli qərarı əsasında, tərəfindən Şəxs barəsində İXM-in 272.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN № 2196606/315 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, evinin arxasında olan axmaz adlanan su hövzəsində qonşusu X2 ilə birlikdə balıq tutmuşlar. Özü qayığı idarə edirmiş və qonşusu ilə balıqları elektrik aparatı vasitəsi ilə tutmuşlar. Ümumilikdə 7 ədəd karas, 2 ədəd sazan balığı ovlamışlar. Barəsində ilk dəfədir ki, protokol tərtib olunur. Fəhlə işləyir. Əməlindən peşmandır. Birdə belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və məhkəmə iclasının təxirə salınması barədə ondan vəsatət daxil olmamışdır. İXM-in 112.1.4-cü maddəsinə əsaslanaraq, inzibati xəta haqqında protokolu tərtib etmiş Salyan Rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 31 may 2025-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə əməlində cinayət tərkibi olmadığından Şəxs barəsində cinayət işinin başlanmasını rədd edilməsi, toplanmış material üzrə Şəxs İXM-in 272.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunaraq barəsində inzibati qaydada tədbir görülməsi üçün Salyan RPŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarını tam şəkildə tədqiq edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs həmin hərəkətləri ilə İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir, o, həmin maddə ilə təqsirli bilinməli və barəsində inzibati tənbeh tətbiq edilməlidir. İXM-in 27.1-ci maddəsinə əsasən fiziki şəxs ona verilmiş xüsusi hüquqdan istifadə qaydasını kobud şəkildə və ya müntəzəm pozduqda həmin hüquq bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş hallarda iki aydan iki ilədək müddətə məhdudlaşdırılır. İXM-in 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə-inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin həmin Məcəllənin 27.1, 152 və 153-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov qaydalarının kobud şəkildə pozulmasında təqsirli olan şəxsə ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsi həmin Məcəllənin xüsusi hüququn məhdudlaşdırılmasının tətbiqi əsaslarını tənzimləyən 27.1-ci maddəsinin hüquqi mahiyyətinə uyğun olaraq, yalnız həmin şəxsdə belə bir xüsusi hüququn (ov etmək hüququnun) olması halında mümkündür. “Ovçuluq haqqında” Qanunun 12.2-ci maddəsində ovçuluq fəaliyyətinin ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilməsi müəyyən edilmişdir. Qanunun 13-cü maddəsinə əsasən, ovçuluq bileti ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənəddir. Ovçuluq bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Ovçuluq biletinin forması, qeydiyyatı və ovçuluq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərə verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ovçuluq biletindən yalnız onun sahibi istifadə edə bilər. Üzvlük bileti isə ovçunun ovçular cəmiyyətində üzv olduğunu təsdiq edən sənəd olmaqla, ovçuluq bileti əsasında üzvü olduğu ovçular cəmiyyəti tərəfindən verilir. Ov etmək üçün icazə isə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. İcazə ov mövsümündə həvəskar və idman ovunu həyata keçirmək üçün fiziki və hüquqi şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. İcazədə ov obyektinin növü, ovlama üsulu və yeri, norması (sayı), ovun vaxtı, icazənin müddəti və şərtləri göstərilir. Məhkəmə araşdırması zamanı işin faktiki hallarında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ovçuluq fəaliyyətini həyata keçirmək üçün hüquq verən sənədi mövcud deyildir. İXM-in 43.3-cü maddəsinə əsasən Bu Məcəllənin 43.1-ci maddəsində göstərilən inzibati xətalar haqqında işlərə baxmaq hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmçinin səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) aid edildikdə, icraatında inzibati xətalar haqqında iş olan səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti ağırlaşdıran halların və müsadirə olunmalı malların mövcudluğunu nəzərə alaraq, şəxs barəsində müvafiq maddənin sanksiyasında nəzərdə tutulan xəbərdarlıq və ya cərimə inzibati tənbeh tədbirlərindən daha ağır tənbeh tədbirinin tətbiqi üçün əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərir. İXM-in 151.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetin müsadirəsi haqqında qərar müsadirə edilmiş predmetin alınması və ödənişsiz, məcburi olaraq, dövlət mülkiyyətinə verilməsi yolu ilə icra edilir. İXM-in 151.2-ci maddəsinə əsasən predmetin müsadirəsi haqqında qərarın icrası başa çatdıqda, bu barədə müvafiq qeyd aparılmaqla həmin qərar onu qəbul etmiş hakimə qaytarılır. Məhkəmə araşdırması zamanı işin faktiki hallarında müəyyən edilmişdir ki, Şəxs İXM-in 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı qadağan edilmiş alətlərlə və ya üsullarla ov etməklə törətmişdir. Belə ki, Şəxs inzibati xətanı digər şəxslə birlikdə Salyan rayonu Kərimbəyli kəndində yerləşən axmaz adlanan su hövzəsində kustar üsulla hazırlanmış elektrik cihazı ilə balıq tutumaqla törətmişlər. Qeyd olunan kustar üsulla hazırlanmış elektrik cihazından istifadə kütləvi olaraq balıqların məhv edilməsinə səbəb olduğundan, bundan istifadə etməklə əməlin törədilməsi məhz qadağan edilmiş alətlərlə törədilmiş inzibati xətalar dairəsində aid edilməlidir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 31.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsi məsələsi müzakirə edilərkən, onun əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edilir, məsuliyyəti ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, işdə məsuliyyəti yüngülləşdirən halı və işin digər hallarını nəzərə alaraq onun İXM-nin 272.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib, inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə, 1500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilmədikdə qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qərar qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar