Məhkəmə qərarları › İş №3(057)-703/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-703/2025

30.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-703/2025 30.06.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs və onun nümayəndəsi (atası) X1 iştirakları ilə xx.xx.1993-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Salyan şəhəri, 28 May küçəsi, ev 46-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 30 iyun 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 30 iyun 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 30 iyun 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-310/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs ödənilməmiş qalan 4324.38 manat pulu Zərərçəkmiş şəxs ödəməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərdi ki, məhkəmənin xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs tərəfindən 4271 manat dəymiş ziyan və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 53.38 manat dövlət rüsumu Zərərçəkmiş şəxs ödənilməlidir. Borcluya borcunun ödənilməsi ilə bağlı SMS bildiriş və poçt vasitəsi ilə bildiriş göndərilməsinə baxmayaraq, onun tərəfindən geri dönüş edilməmişdir. 20 may 2025-ci ildə yaşadığı ünvana xəbərdarlıq göndərilmiş, daha sonra axtarış elan edilmişdir. Axtarış qərarı əsasında Şəxs polis əməkdaşları tərəfindən tutularaq İcra Şöbəsinə gətirilmişdir. İcra Şöbəsində borcdan xəbəri olmadığını bildirmişdir. Borcunu ödəməyə razıdır. Adına hər hansı əmlak aşkar edilməmişdir. Yekun məhkəmə qərarının qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, ona borcunun ödənilməsi ilə bağlı SMS bildiriş və poçt vasitəsi ilə bildirişlərin göndərilməsindən məlumatsız olmuşdur. Onun barəsində tərtib olunan protokolla bugün tanış olmuş və müvafiq izahat vermişdir. Borcunu ödəməyə razı olduğunu, məhkəmə qətnaməsini 25 iyun tarixində aldığını bildirəərək, məhkəmədən bu halların qərar qəbul olunması zamanı nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs nümayəndəsi (atası) X2 bildirmişdir ki, hazırki icra sənədi ilə tutulmalı olan məbləğ vurulmuş maddi ziyanla bağlı olmuşdur və onlar məhkəmə iclasından xəbərsiz olmuşlar. Belə ki, keçirilən məhkəmə iclaslarından xəbərsiz olduqlarından qeyd olunan məbləğlə də razılaşmırlar. Bunun üçün xx.xx.2025-*ci ildə məhkəməyə müraciət edərək, icra sənədinin verilməsinə səbəb olan qətnaməni almış və həmin qətnamədən apellyasiya şikayəti verəcəklər. Bakıxanov qəsəbəsində yerləşən “Akkord” inşaata məxsus binalnın 12-ci mərtəbəsindən ümumi su sistemində nasazlıq olmuş, su sistemi partlamış və nəticədə digər şəxsə ziyan dəymişdir. Onlara heç bir SMS və bildiriş gəlməmişdir. Məhkəmə prosesindən 1 il sonra xəbərləri olmuşdur. Həmin vaxtlarda əməliyyat keçirmişdir. Ayın polis əməkdaşları onlarla əlaqə saxlamış və barədələrində axtarış elan olunduğunu bildirmişlər. İyun ayının 25-i günü Salyan şəhərinə gəlmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Salyan Rayon Məhkəməsinin e-2(057)-310/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 4271 manat məbləğində dəymiş ziyan və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 53.38 manat dövlət rüsumu tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, borclu, xx.xx.1993-cü ildə ünvan 2 ünvanında qeydiyyatda olan borclu Şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatında göstərmişdir ki, icra sənədi barədə məlumatı olmamışdır. İcra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməsinin səbəbi məlumatının olmamasıdır. İcra sənədi üzrə bu günədək heç bir ödəniş etməmişdir. Borcu aylığa bölünərsə ödəyə bilər. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanətləri yoxdur. “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinə əsasən, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Məhkəmə hesab edir ki, icra məmuru hazırki icra sənədinin icrası ilə borclunun icra sənədinin icra edilməsi üçün tələbin üzrsüz səbəbdən icra etməməsi barədə nəticəyə gəlmiş və əsassız olaraq onun inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 borclunun lazımi qaydada məlumatlandırılması ilə bağlı hərəkətlərin edildiyini bildirsə də, borclunun ünvanına göndərilən xəbərdarlıq məktublarının və SMS bildirişlərin ona çatdırılmasına dair hər hansı məlumatı məhkəməyə təqdim edə bilməmişdir. Buna səbəb kimi isə yalnızca Elektron-İcra Sistemin yenilənməsi ilə bağlı əvvəlki hərəkətlərin izlənilə bilməməsini əsas gətirmişdir. Borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli və üzrsüz hərəkət etməmişdir. Buna səbəb borclunun icra sənədi barədə məlumatı olmamışdır, ona heç bir sms və bildiriş gəlməmişdir. İcra məmurunun çağırışından məlumatı olmamışdır. Lakin Polis əməkdaşları tərəfindən şöbəyə dəvət olunan kimi, oraya getmiş və bu barədə məlumatlandırıldıqdan sonra dərhal Salyan şəhərinə, Salyan rayon İcra və Probasiya şöbəsinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Salyan Rayon Məhkəməsinin e-2(057)-310/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icra edilməməsii ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar