Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-711/2024 06.08.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Salyan rayonu Arbatan kəndində qeydiyyatda olmaqla Salyan rayonu Noxudlu kəndində ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci və 227-ci maddələri ilə Salyan rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Salyan Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN 1654905/849 nömrəli və İXM-in 227-ci maddəsi ilə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokollar tərtib edilərək baxılması üçün Salyan Rayon Məhkəməsinə göndərilmişdir. Təqdim edilmiş protokol və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında X2 məxsus 8 torba buğdanı oğurlayıb satmış və vətəndaşa 160 manat miqdarında ziyan vurulmuşdur. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə Salyan rayonu, Noxudlu kəndində X3 döymüş və bununla da o, AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Salyan RPŞ-nin İTB-nin sahə rəisi, polis mayoru X7 tərtib olunmuş inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, barəsində inzibati protokol tərtib edilən şəxs xx.xx.2024-cü il tarixdə zərərçəkmiş şəxsi söyüb, təhqir etmiş, həmçinin onun müxtəlif bədən üzvlərinə xəsarət yetirmişdir. Həmçinin barəsində inzibati protokol tərtib edilmiş şəxs xx.xx.2024-cü il tarixində eyni zərərçəkmiş şəxsin 8 meşok yəni, 400 kq taxılını oğurlayaraq satmış, beləliklə zərərçəkmişin dediyinə görə ona 160 manat ziyan vurmuşdur. Toplanmış material üzrə Salyan rayonu, Noxudlu kəndində yaşayan Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci və 227-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın (döymə və xırda talama) tərkibi olduğundan inzibati məsuliyyətə cəlb olunması qərara alınmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikasının İXM-nin 157 və 227-ci maddələri ilə təqsirli bilməyərək izahatında göstərmişdir ki, zərərçəkmiş şəxs onun qayınanasıdır. Hal-hazırda arvadı ilə qayınanasının evində yaşayır. Arpa-buğdanı qayınanası özü satmışdır. Onun bununla bağlı heç bir məlumatı yoxdur. Əksinə, özü qayınanasının həmişə əziyyətini çəkmiş, həmin buğdaları özü yığıb səliqəylə düzülməsinə qayınanasına kömək etmişdir. Həmçinin, zərərçəkmişi döymədiyini bildirərək onun kaprizlərinə 8 ildir dözdüyünü bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 izahatında bildirmişdir ki, barəsində inzibati protokol tərtib edilmiş şəxs onun kürəkənidir. Ondan şikayətçidir. Belə ki, sonuncu onun mütəmadi olaraq kürəkəni tərəfindən təhqir olunduğunu, döyüldüyünü, həmçinin, kürəkəninin ona qarşı oğurluq etdiyini bildirmişdir. Buğdanın məhz Şəxs tərəfindən oğurlandığını görməsə də, ondan şübhələnmişdir. Döyüldükdən və əmlakı oğurlandıqdan sonra polisə zəng edərək şikayət etmişdir. Artıq təhqirlərə və döyülməyə dözə bilmədiyindən kürəkəninin islah olunması üçün barəsində ağır tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında bildirmişdir ki, zərərçəkmiş onun anası, barəsində inzibati protokol tərtib edilmiş şəxs isə onun həyat yoldaşıdır. Anasının dedikləri hamısı yalandır. Yoldaşı onun anasını heç vaxt döyməmiş və evdən heç bir şey oğurlamamışdır. O, işdə olsa belə övladları ona evdə olan hər şeyi danışır. Sadəcə anası yoldaşı ilə onları ayırmaq istədiyi üçün ona şər-böhtan atır. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş; Salyan Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis baş leytenantı Fuad Mirzəzadə tərəfindən tərtib olunmuş 22 iyul 2024-cü il tarixli raportdan görünür ki, Salyan rayonu Aşağı Noxudlu kəndində yaşayan X5 xx.xx.2024-cü il tarixdə DİN-in “102” Xidməti- X10 müraciət edərək, 17 iyul 2024-cü il tarixdə kürəkəni Şəxs onu döyməsini bildirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 22 iyul 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin Salyan zona mərkəzindən alınmış xx.xx.2024-cü il tarixli, 330 nömrəli Canlı şəxsin ekspertizası rəyində göstərilir ki: 1951-ci il təvəllüdlü X1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində hər hansı bir xəsarət izi aşkar edilməmişdir. Salyan Rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı Tural Fərmanlı tərəfindən tərtib olunmuş 27 iyul 2024-cü il tarixli raportdan görünür ki, Salyan rayonu Aşağı Noxudlu kəndində yaşayan X5 xx.xx.2024-cü il tarixdə DİN-in “102” Xidməti- X10 müraciət edərək 14 iyul 2024-cü il tarixdə kürəkəni Şəxs onun 400 kiloqram taxılını oğurlanmasını bildirmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə Şəxs əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla Şəxs X3 döyməsi və onun evindən buğda oğurlaması öz təsdiqini tapmamışdır. İnzibati xəta haqqında protokollarda Şəxs xx.xx.2024-cü il tarixdə axşam saatlarında X2 məxsus 8 torba buğdanı oğurlayıb satması və onu döyərək xəsarət yetirməsi göstərilsə də, bu hallar məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmır. Araşdırma aparmış orqan Şəxs X2 xəsarət yetirməsi, yəni İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi, həmçinin onun evindən buğda oğurlaması, yəni İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsinə gələrkən yalnız zərərçəkmiş şəxsin izahatını əsas götürmüşdür. Lakin iş üzrə digər sübutlar (Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi publik hüquqi şəxsin müvafiq rəyi) nəzərə alınmamış, şahidlər dindirilməmiş, oğurluğun məhz Şəxs tərəfindən törədilməsi sübut olunmamışdır. X1 izahatı ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından da müəyyən olunduğu kimi hər iki şəxs münaqişəli vəziyyətdədirlər, ona görə də X1 izahatının qərəzli olması inkar olunmur və həmin izahat Şəxsnın təqsirli olmasını sübut edən hal hesab oluna bilməz. Təkcə həmin izahatla Şəxsnın inzibati qaydada məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Digər tərəfdən, şəxsin öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olub-olmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də, məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (İXM-in 75.0.3-cü maddəsi). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi - Təqsirsizlik prezumpsiyası prinsipi). İş materiallarında olan sübutlarla birmənalı olaraq Şəxs X3 döyməsi və onun evindən oğurluq etməsi təsdiq edilmir, əksinə ekspertizanın rəyində X1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthi üzərində hər hansı bir xəsarət izi aşkar edilmədiyi qeyd olunmuşdur. Odur ki, işdə olan şübhələr Şəxs xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 1-ci maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 noyabr 2016-cı il tarixli qərarın əsasən cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır; 33-cü maddəsinə əsasən, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin; 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində başlanmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 114, 128-131-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157 və 227-ci maddələri başlanmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-711/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-711/2024
06.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver