Məhkəmə qərarları › İş №3(057)-713/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-713/2025

02.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-713/2025 02.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 oğlunun, Tələbkar-Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1998-ci ildə Hacıqabul rayonu, Atbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Salyan rayonu, Qardili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 02 iyul 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Salyan Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 02 iyul 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 02 iyul 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-16(002)-161/2024 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən, Zərərçəkmiş şəxs ödənilməmiş qalan 1827 manat aliment borcunu tam qaydada ödəməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərdi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-16(002)-161/2024 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs minimum əmək haqqının 0.29 misli həddində sabit pul məbləğində aliment Zərərçəkmiş şəxs xeyrinə tutulmuşdur. Borclu İcra və Probasiya Şöbəsinə dəvət olunmuş və çağırışlara gəlmiş, icraata başlamaq haqqında qərarla və borcun könüllü icrası ilə bağlı bildiriş barədə məlumatlı olsa da, 1827 manat aliment borcunu ödəməmişdir. Borclu heç bir yerdə işləmir. xx.xx.2025-ci il tarixinədək aliment borcundan 400 manat ödəniş etmiş, xx.xx.2025-ci tarixinə olan izahatında da qeyd etmişdir ki, bugünə qədər aliment borcundan ümumilikdə 500 manat ödəmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində Şəxs Zərərçəkmiş şəxs qarşı uşaq tələbi ilə bağlı iddiası var. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, 2025-ci ilin yanvar ayında icra məmurunun onu Salyan Rayon Porbasiya və İcra Şöbəsinə dəvətindən sonra aliment ödənilməsi ilə bağlı icra işindən xəbərdar olmuşdur. O vaxta qədər ona bu barədə heç bir sms və bildiriş gəlməmişdir. Lakin 2025-ci ilin fevral ayından imkanı daxilində müəyyən edilmiş aliment borcundan müəyyən ödənişlər edir. Orta məktəbi oxumadığından iş tapmaqda çətinlik çəkir və qeyd olunan ödənişləri ailə üzvlərinin köməkliyi ilə edir. Hazırda uşaq tələbi ilə bağlı Qaradağ Rayon Məhkəməsində iddiası var. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs izahtında göstərdi ki, turizm sahəsində fəaliyyət göstərərək, turistlərin qarşılanması və onların yerləşdirilməsi ilə bağlı fəaliyyətlə məşğuldur. Dəyişkən xarakterli olsa da, ortalama aylıq 1000 manatdan çox gəliri olur. Borclu aliment borcunu ilk zamanlarda yerinə-yetirməyərək ödəməmiş, sonra ayda 100 manat olmaqla ödənişlər ödəməyə başlamışdır. Hazırda Qaradağ Rayon Məhkəməsinin icraatında uşaqların ananın himayəsinə verilməsi ilə bağlı mülki iş baxılması davam edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-16(002)-161/2024 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 oktyabr 2024-cü il tarixli, e-16(002)-161/2024 saylı qərardadı dəyişdirilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olan e-2(002)-59/2025 saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Şəxs Zərərçəkmiş şəxs xeyrinə hər uşaq üçün xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həmin il üçün müəyyən olunmuş hər ay ölkə üzrə minimum əmək haqqının 0.34 misli həddində, xx.xx.2025-ci il tarixindən başlayaraq isə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə minimum əmək haqqının 0.29 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək rəsmi qaydada tələbin könüllü icra olunması barədə bildiriş Şəxs tərəfindən imza edilməklə qəbul edilmişdir. İş materiallarında olan Şəxs xx.xx.2025-ci il tarixli izahatında göstərmişdir ki, icra sənədi barədə məlumatlıdır. İcra sənədi üzrə tələbi bu günədək tam şəkildə icra etməməsinin səbəbi maddi imkanının olmamasıdır. İcra sənədi üzrə bu günədək 500 manat ödəniş etmişdir. İcra sənədi üzrə aliment borcunu tam şəkildə nə zaman ödəyə biləcəyini bilmir. Adına rəsmiləşdirilmiş daşınar və ya daşınmaz əmlak yoxdur. Aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanətləri yoxdur. “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinə əsasən, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Məhkəmə hesab edir ki, icra məmuru hazırki icra sənədinin icrası ilə borclunun icra sənədinin icra edilməsi üçün tələbin üzrsüz səbəbdən icra etməməsi barədə nəticəyə gəlmiş və əsassız olaraq onun inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. Belə ki, İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli və üzrsüz hərəkət etməmişdir. Borclu hazırda işləmir. Aliment borcundan hər ay imkanı daxilində ödəyir. Həmçinin ödənişlərin edilməsini müvafiq olaraq tərtib edilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli izahatlarından da icra məmuruna bildirmişdir və hazırki iş üzrə tələbkar da borclu tərəfindən son dövrlərdə ödənişlərin tam olaraq yerinə yetirilməsə də, müəyyən miqdarda olduğunu məhkəmə iclasında izahatında məhkəməyə bildirmişdir. İzahatların tarixləri arasında olan müddətə fikir verildikdə 1 ay müddətində borclu tərəfindən alimentin borcunun ödənilməsinə yönəlik 100 manat miqdarında ödənişin edildiyi görünür və tərəflərin izahatları ilə bu öz təsdiqini tapır. Bu halda isə borclunun qeyd olunan aliment borcunu ödəməməsi üçün hər hansı qərəzli hərəkətlərin və icra işi üzrə vəzfələrinin icrasından yayınmasına münasibətdə hər hansı qərəzli hərəkətləri müşahidə olunmur. Ümumilikdə də aliment borcundan 500 manat ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Bununla yanaşı, “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzürsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla X3 məhkəmə qətnaməsini məhz üzürsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamış, onun maddi vəziyyəti ilə əlaqədar icraata başlama haqqında qərarın qəbul edilməsindən ötən müddət ərzində borcu ödəyə bilməməsi, lakin borcu ödəməkdən yayınmaması müəyyən edilmişdir ki, belə olan halda icra məmurunun öz üzərinə düşən vəzifələri icra etmədən “qısa yolla” hərəkət edərək birbaşa inzibati xəta haqqında protokolla məhkəməyə müraciət etməsi şəxsin AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsi üçün əsas ola bilməz. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu X3 yuxarıda göstərilənlərə əsasən icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-16(002)-161/2024 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinin icra edilməməsii ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar