Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-754/2024 21.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X11 oğlunun katibliyi, İnzinbati xəta haqqında protokolu tərtib edən şəxs - Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 511.1.1-ci maddələri ilə təqsirli bilinərək tənbeh tədbirinin tətbiq edilməsinə dair Salyan Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 3(057)-754/2024 nömrəli qərarından barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və səlahiyyətli orqan - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin rəis müavini Fuad Mayılov tərəfindən verilmiş şikayətlərə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan Rayon Məhkəməsinin (hakim Səmədov Ağarza Hacırza oğlu) 21 avqust 2024-cü il tarixli, 3(057)-754/2024 saylı qərarı ilə Şəxs İnzibati Xətalar Məcəlləsinin 334.1 və 511.1.1-ci maddələri ilə təqsirli bilinib, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xəta olan İXM-in 511.1.1-ci maddəsi ilə nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz əlli manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin rəis müavini Fuad Mayılov və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmənin qeyd olunan qərarından apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-428/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Səlahiyyətli orqan - Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinin rəis müavini Fuad Mayılov tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 511.1.1-ci maddələri ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Salyan Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 3(057)-754/2024 saylı qərarı ləğv edilmiş, qərarın təsviri-əsaslandırıcı hissəsində qeyd olunan halların araşdırılmasından ötrü inzibati xəta haqqında iş üzrə icraat materialı yenidən baxılması üçün Salyan Rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs Şəxs izahatında bildirmişdir ki, etibarnamə ilə “Toyota LC200” minik markalı, **-OS-*** dövlət nömrə nişanlı avtomaşını idarə edir. xx.xx.2024-cü il tarixdə Bakı şəhərində təqribən günorta vaxtı 0,5 litr pivə içmişdir. Sonra istifadəsində olan maşına oturaraq Salyan rayonu istiqamətində sürmüşdür. Qaradağ postunda polislər ona saxla əmri vermişlər, amma saxlamayaraq sürüb getmişdir. Salyan postunda yol polisləri yolu bağlamışlar. Həmin vaxt başqa yol olduğu üçün aradan çıxmış, lakin sonradan yenidən qarşısını kəsərək onu saxlatdırmışlar. Həmin gün yüngül içki içdiyinə görə onun qanında alkoqolun konsentrasiyası 0,090 promilli olmuşdur. Bundan başqa, onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. Onun AE 524439 nömrəli sürücülük vəsiqəsi əsasında “B, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Odur ki, özünü İXM-nin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli hesab etmir, lakin digər inzibati xətaya görə, İXM-nin 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə törətdiyi əməldən səmimi peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq barəsində cərimə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X1 Gülməmmədov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 511.1.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzinbati xəta haqqında protokolu tərtib edən şəxs - Azərbaycan Respublikası DİN BDYPİ-nin nümayəndəsi X7 izahatında Şəxs əməlindən səmimi peşman olmasını və himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq Salyan Rayon Məhkəməsinin 21 avqust 2024-cü il tarixli, 3(057)-754/2024 nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını və onun nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla barəsində cərimə tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, inzibati xəta törətmiş Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində İXM-nin 334.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməli, 511.1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə görə isə barəsində inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2024-cü il tarixli, protokollaşdırma nömrəsi 00466 olan alkotesterdən çıxarışdan görünür ki, həmin tarixdə saat 17:50-də Şəxs qanında alkoqolun konsentrasiyası 0,090 promilli olmuşdur. DİN Baş Dövlət YPİ-nin YPXA 10-cu tağımının inspektoru, polis serjantı X5 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və həmin tarixli qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 511.1.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol və toplanmış materiallar 09 avqust 2024-cü il tarixdə DİN Baş Dövlət YPİ-nin YPXA 10-cu tağımı tərəfindən aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. Avtonəqliyyat vasitəsinin saxlanca qəbul edilməsi barədə aktdan görünür ki, BDYPİnin YPXİ-nin polis baş serjantı S.R.Səfərov tərəfindən Şəxs məxsus “TOYOTA LC200 minik” markalı, ** OS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixdə saxlanması üçün qəbul edilmişdir. CD diskdəki video-görüntüdən müəyyən edilmişdir ki, Şəxs “TOYOTA LC200 minik” markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsi hallarına yol vermişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti 35 saylı TSEK-nın vermiş olduğu 14 yanvar 2016-cı il tarixli xxxxxxx003 nömrəli arayışdan görünür ki, Şəxs ümumi xəstəlikdən 2-ci qrup əliliyi müəyyən olunmuşdur. Növbəti müayinə tarixi xx.xx.2020-ci il tarix olmuşdur. “Elektron Məhkəmə İnformasiya Sistemi” üzrə Şəxs məxsus sürücülük vəsiqəsi məlumatlarına dair qrafadan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs AE 524439 nömrəli sürücülük vəsiqəsi əsasında “B, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Məhkəmə, ilk növbədə, Şəxs İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair münasibətdə qeyd edir ki, onun qeyd olunan inzibati xətanı törətməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 333-cü maddəsinin qeyd hissəsindən görünür ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə -beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli, 209 nömrəli qərarının 2.4-cü bəndində göstərilmişdir ki, xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxoşluq vəziyyətində olduğu hesab edilir. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, Şəxs qanında alkoqolun konsentrasiyası 0,090 promilli olmuşdur. Bundan əlavə, məhkəmə Şəxs avtonəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etməsinə münasibətdə aşağıdakıları qeyd edir. Müdafiə tərəfinin apellyasiya instansiya məhkəməsində verdiyi izahatlar, iş materiallarıda olan sənədlər və videogörüntülərlə müyyən edilir ki, Şəxs ilkin olaraq stasionar postda saxlanılarkən avtonəqliyyat vasitəsini idarə etmə hüququ mövcud olmuşdur. Lakin polis əməkdaşlarının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməyərək, oradan uzaqlaşarkən dalbadal yol hərəkəti qaydaları əleyhinə olan balla qiymətləndirilən xətalar törədib 20 bala çatdıqdan sonra nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs statusuna çatmışdır. Lakin inzibati xəta haqqında protokolu tərtib edən orqan nəzərdən qaçırmışdır ki, inzibati xəta haqqında qərarın icrası qərarın qanuni qüvvəyə minməsindən sonra icra olunur. AR İnzibati Xətalar Məcəlləsinin: 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. 138.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar aşağıdakı hallarda qanuni qüvvəyə minir: 138.1.1.əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.2.əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest üzrə hakim (vəzifəli şəxs) tərəfindən qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün; 138.1.3. apellyasiya instansiyası məhkəməsinin şikayət və ya protest üzrə qəbul edilmiş qərarı elan olunduğu andan dərhal sonra. 139.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik olan orqan qeyd olunan normalara nəzər yetirmədən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır və həmin sübutların məcmusu şəxsin təqsirli olub-olmaması məsələsini həll etməlidir. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda sübut edilməli olan hallardan biri də, məhz inzibati xəta törətməkdə şəxsin təqsiridir (İXM-in 75.0.3-cü maddəsi). İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir (İXM-in 8-ci maddəsi - Təqsirsizlik prezumpsiyası prinsipi). İş materiallarında olan sübutlarla birmənalı olaraq Şəxs İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi təsdiq edilmir. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində İXM-nin 334.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilməlidir. Məhkəmə Şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair münasibətdə isə qeyd edir ki, bu hal onun özünün ifadəsi, iş materialları və videogörüntü ilə sübuta yetirilmişdir. Odur ki, o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 511.1.1-ci maddəsinə əsasən, avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan (aşkar surətdə iki və ya daha artıq mexaniki nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışının həyata keçirilməsinə) hərəkətlər nəzərdə tutulur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 511.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi həmin inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 750 (yeddi yüz əlli) manat məbləğində cərimə tənbehi tətbiq edilməlidir. Məhkəmə Şəxs barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həbs növündə inzibati tənbehin tətbiq olunmasını isə ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən düzgün hesab etmir və hesab edir ki, belə olan halda o və ailəsi məhrumiyyətlərə düçar ola bilər, təyin olunmuş tənbeh ədalətli olmamaqla işin hallarına və inzibati xəta törədən şəxsin şəxsiyyətinə uyğun olmaz, tənbehin məqsədləri təmin edilə bilməz. Belə ki, Şəxs əməlindən səmimi peşman olmuş, himayəsində 2 azyaşlı övladı vardır. Onun barəsində cərimə növündə inzibati tənbehin tətbiq ediləcəyi təqdirdə islah olunmasını, onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsini, onun özünün və digər şəxslərin gələcəkdə bu qəbildən və ya digər yeni inzibati xətaların törədilməsinin qarşısının alınmasını və bununla da inzibati tənbehin məqsədlərinin təmin olunmasını mümkün hesab edirəm. Hesab edirəm ki, tətbiq olunacaq cərimə növündə inzibati tənbeh Şəxs islah olunması üçün daha effektli olar. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Şərh olunanlara əsaslanaraq və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 334.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.1-ci maddəsi ilə təqsirli bilinib, nəqliyyat vasitəsini idarə etmək hüququ 01 (bir) il müddətinə məhdudlaşdırılmaqla 750 (yeddi yüz əlli) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №3(057)-754/2024
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-754/2024
21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver