Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-78/2025 21.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1996-cı ildə Salyan rayonu, Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Salyan rayonu, Həsənli kəndində qeydiyyatda olmaqla, hazırda Bakı şəhəri Ələt qəsəbəsində kirayədə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 21 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 21 yanvar 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 21 yanvar 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Salyan rayon 2 saylı Notariusunun 5123 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Şəxs tələbkar "xxxx" ASC-yə 5534.80 manat pul borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, tikintidə usta köməkçisi kimi günəmuzd işləyir. Ayın 18-20 gününü işləyir. Bankdan kredit götürməsinə səbəb həyat yoldaşının səhhətində olan problem olmuşdur. Həyat yoldaşı qalxanvari vəzindən hazırda da müalicə alır. Barəsində olan icra qeydindən dekabr ayında xəbərdar olmuşdur. Əvvəllər bankla əlaqə saxlayaraq borcundan hər ay 100 manat olmaqla hissə-hissə ödəmək istədiyini bildirsə də, bankın əməkdaşı qrafik üzrə ondan borcunu ödəməsini istədiyindən aralarında razılıq olmamışdır. Hər ay borcundan 100 manat ödəyə bilər. Verilən suallara cavab olaraq bildirmişdir ki, kənddə mal-qarası yoxdur. Borcunu ödəməkdən də imtina etmir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hazırkı halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: Salyan rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X1 8İ-5123 saylı, xx.xx.2022ci il tarixli icra qeydindən görünür ki, "xxxx" ASC-nin xeyrinə Şəxs BPM**********08 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 5509.80 tutulması, tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 5534.80 manat pul tutulması qərara alınmışdır. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan və tələbin könüllü icrası barədə xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, icra sənədi üzrə tələbin icrası ilə bağlı qərar və bildiriş tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Şəxs barəsində olan Salyan rayon 2 saylı Dövlət Notariat Kontorunun 5123 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi (borcunun ödənilməsi) və 21 yanvar 2025-ci il tarixdə (ödəniş sənədlərini təqdim etməklə) Salyan Rayon İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuş, əks halda inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumatlandırılmışdır. Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən “X5 ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə ünvanlanmış xx.xx.2024-cü il tarixli tələbin borclunun əmək haqqısından məcburi tutulması barədə təklifdən görünür ki, Salyan rayon 2 saylı Dövlət Notariat Kontorunun xx.xx.2022-ci il tarixli, 5123 saylı icra vərəqəsinə əsasən Şəxs cəmi 5509.8 manat məbləğində borc pul və 25 manat dövlət rüsumu tutularaq "xxxx" ASC-yə verilməlidir. Borcludan “İcra haqqında” Azərbaycan Respublikası qanununun 78.1ci maddəsinin tələblərinə əsasən əlavə olaraq ümumi borcun 7%-i həcmində icra ödənişi tutulmalıdır. Borclu Şəxs əmək haqqından hər ay 50 %-i tutulmaqla cəmi 5534.8 manat məbləğində borc tutularaq "xxxx" ASC-nin və borcun 7 %-i, yəni 388 manat pul tutularaq Salyan rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına köçürülməlidir. 1. Tələbkara və borcluya tutulmanın hansı dövrə aid olması, tutulmuş pulun köçürülməsi barədə Salyan rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməlidir. 2.Tutulma və məbləğin verilməsi, alınmalı məbləğ ödənilərək və vaxtaşırı ödəmələrin (alimentin və s.) müddəti qurtaranadək mütamadi aparılmalıdır. 3. Borclu işdən çıxdıqda icra sənədində tutulmalar haqqında qeydiyyat aparılmalı və icra vərəqəsi dərhal mühasibin imzası və idarənin möhürü ilə təsdiq edildikdən sonra Salyan rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Eyni zamanda borclunun iş yeri Sizə məlumdursa, təklifi aidiyyəti üzrə göndərməli və bu barədə Salyan rayon İcra və Probasiya Şöbəsinə məlumat verməlisiniz. Salyan rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs ünvanlanmış “SMS bildirişin” göndərilməsi barədə çıxarışdan görünür ki, borclu barəsində olan icra işi üzrə İcra Haqqında Qanunun 84-cü maddəsinin tələblərinə əsasən Salyan rayon İcra və Probasiya Şöbəsinə icra məmurunun çağırışı ilə gəlməkdən yayındığı üçün barəsində məcburi gətirilmə barədə qərar qəbul edilmişdir. On gün müddətində şəxsiyyətində təsdiq edən sənədlə birlikdə icra qurumuna gəlmədiyi təqdirdə məcburi gətirilmə barədə təqdimatla məhkəməyə müraciət ediləcəkdir. “İcra Haqqında” Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Məhkəmə, icra işinin materiallarını tədqiq edərək borclunun hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi kimi halların mövcud olmadığı barədə nəticəyə gəlir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. Həmin Qanunun 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Nəhayət, adı çəkilən Qanunun 84.1-ci maddəsinə əsasən, “icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir”. Məhkəmə hesab edir ki, icra məmuru hazırki icra sənədinin icrası ilə bağlı “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan bütün mümkün icra tədbirlərini yerinə yetirmədən, borclunun icra sənədinin icra edilməsi üçün tələbin üzrsüz səbəbdən icra etməməsi barədə nəticəyə gəlmiş və əsassız olaraq onun inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib etmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Maddənin dizpozisiyasından məlum olur ki, həmin inzibati xətanın tərkibinin yaranması üçün borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməli və ya icra sənədini üzrsüz səbəbdən icra etməməlidir. Lakin məhkəmə iclası zamanı müəyyən edilir ki, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə yönəlmiş hər hansı bir qərəzli hərəkət etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi. Yəni, əgər borclu icranı könüllü şəkildə icra etmir və ya icra etməkdən boyun qaçırırsa yuxarıda sadalanan hərəkətlər icraçı tərəfindən məhkəmənin qətnaməsinin icrası üçün edilə bilər. İXM-in 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, borclu Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, tərtib edilmiş inzibati protokol əsasında o, inzibati məsuliyyətə cəlb edilə bilməz. İXM-in 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə araşdırılan sübutları qiymətləndirərək hesab edir ki, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi öz təsdiqini tapmadığından, yəni inzibati xəta tərkibi olmadığından Şəxs İXM-in 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və İXM-in 40, 43, 48-51, 61, 114, 115 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından Salyan rayon 2 saylı Notariat Ofisinin xüsusi notariusu X1 8İ-5123 saylı, xx.xx.2022-ci il tarixli icra qeydinin icra edilməməsi ilə bağlı inzibati xəta haqqında başlanmış iş üzrə icraata xitam verilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №3(057)-78/2025
Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-78/2025
21.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver