Məhkəmə qərarları › İş №3(057)-800/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-800/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-800/2025 11.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Salyan şəhəri, Y.Qasımov küçəsi, ev 6, mənzil 24 ünvanında qeydiyyatda olmaqla, Salyan şəhəri, M.Quluzadə küçəsi, ev 16 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Salyan rayon DAM polis baş leytenantı X5 tərəfindən xx.xx.2025-ci il tarixdə, saat 16:30 radələrində İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs 13 iyun 2025-ci il tarixdə, saat 16:30 radələrində “VAZ 21060” minik markalı, **-ET- *** dövlət qeydiyyat nişanlı avtomobili Salyan şəhəri, X.R.Ulutürk küçəsində manevr etmə qaydalarını pozmuşdur. Hadisə nəticəsində X4 xəsarət almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs ifadəsində göstərmişdir ki, hadisə təsadüfən baş vermişdir. Zərər çəkmiş şəxs o avtomobili ilə Billur şadlıq sarayının yanında işıqforda dayanan zaman qəfildən Prado markalı avtomobilin qabağından çıxmışdır. Zərər çəkmiş şəxs yüngül xəsarət almış, müalicəsini etdirmişdir. Taksi sürərək ailəsini dolandırır. Ona görə də, məhkəmədən cərimə cəzasının tətbiq edilməsini xahiş etmişdir. Protokol tərtib etmiş səlahiyyətli orqana (vəzifəli şəxs) və zərər çəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, nümayəndələrini göndərməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında araşdırma zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs İXM-in 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi iş üzrə araşdırılmış hallarla, həmçinin özünün etirafedici izahatı ilə sübuta yetdiyindən, məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati cərimə növündə tənbeh tədbiri tədbiq edilməlidir. İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Belə ki, iş materiallarına əlavə edilmiş 25 iyun 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, 13 iyun 2025-ci il tarixdə saat 16:30-da ünvan 2 ünvanda yaşayan Şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Salyan şəhəri, X.R.Ulutürk küçəsində manevr etmə qaydalarını pozaraq Salyan rayonu, Marışlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X3 vurmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X1 qısa müddət pozulmasına səbəb olan yüngül zərərvurmaya aid olan xəsarətlər almışdır. Hadisəni törətmiş Şəxs barəsində toplanmış materialda Şəxs əməlində cinayət tərkibi olmadığından CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixdə, İXP seriyalı ******* nömrəli protokoldan görünür ki, Şəxs “VAZ 2106” minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobillə İXM-in 327.1 və 327.8-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin Publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 301 nömrəli ekspert rəyinin surətindən görünür ki, 2005-ci il təvəllüdlü X2 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol üst göz qapağı və alın nahiyələrində kəsilmiş yaralar. Başın tüklü hissəsində kəsilmiş yara, sıyrıqlar, dərialtı hematomalar. Bədənin müxtəlif nahiyələrində yumuşaq toxumaların əzilməsi səthi və dərin olmaqla müxtəlif ölçülü sıyrıqlar. Sol əl barmaqlarının əzilməsi, sıyrıqlar, İV-V barmaqların dırnaq lövhəciklərinin qopması, küt əşya təsirindən törənmiş, qərarda göstərilən müddət və şəraitdə xx.xx.2025-ci il tarixdə avtomobil vurması nəticəsində əmələ gələ bilərdi. Sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül zərərvurmaya aiddir. İş materiallarında olan sürücülük vəsiqəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “ B, C” kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. İXM-nin 327.8-ci maddəsinin Qeyd hissəsinin 5-ci bəndinə əsasən, Məcəllənin 327.8, 327-1.3, 333.1, 333-1.1, 343.1 və ya 343-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsinə görə şəxsin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmadan inzibati cərimə tətbiq edildikdə, həmin xəta 5 balla qiymətləndirilir. İXM-nin 327.8-ci maddəsinin Qeyd hissəsinin 6-cı bəndinə əsasən inzibati xətanın törədilməsinə görə təyin edilmiş bal inzibati tənbeh tətbiq etmə haqqında qərar qüvvəyə mindiyi vaxtdan 1 (bir) il müddətində qüvvədə olur. İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanı etiraf edib əməlindən səmimi peşman olmasını İXM-in 32-ci maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulan inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinəəsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Şəxs İXM-in 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi məhkəmənin səlahiyyətinə aid olmadığı üçün prortokol Salyan Rayon Polis Şöbəsinə göndərilməlidir. Məhkəmə Şəxs izahatını dinləyib, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 327.8-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda şərh olunanlara əsasən və İXM-in 40.0.1, 43, 48-51, 55, 61, 114, 115 və 128-131 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında qərar qəbul edilməsi üçün hazırki iş üzrə qərarın surəti Salyan Rayon Polis Şöbəsinə göndərilsin. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar