Məhkəmə qərarları › İş №3(057)-802/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-802/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-802/2025 28.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Salyan rayonu Şorsulu ərazi dairəsi Şorsulu kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs haqqında Salyan rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 tərəfindən tərtib olunmuş borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 28 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 28 iyul 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokolda qeyd olunmuşdur ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2581/2018 saylı, xx.xx.2018-cü il tarixli icra sənədləri üzrə borclu Şəxs Zərərçəkmiş şəxs 2100 manat aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək, Şəxs barəsində qanunauyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, o, hər ay 100 manat aliment borcunu ödəyib. 45 ödəniş qəbzi hazırda əlindədir, digər ödəniş qəbzlərini isə itirmişdir və tapa bilmir. Heç bir aliment borcu yoxdur. İcra məmurunun dekiləri ilə razə deyildir, onun ümumilikdə borcu yoxdur, sadəcə aliment borcunun ödənilməsi barədə bir sıra ödəniş qəbzlərini tapa bilmir, hazırki günə qədər olan ödəniş qəbzlərinə əsasən onun ümumilikdə 2100 manat aliment borcu olduğu görünür, lakin cari ay ərzində 500 manat ödəniş etmiş, cəmi 1600 manat ödənilməmiş aliment qalmışdır (ödəniş qəbzlərinin olmadığına görə) vardır. Hazırda Salyan Rayon N nömrəli hərbi hissədə mülki işçi kimi işləyir. Barəsində iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçıların izahatlarını, eləcə də, inzibati materialda olan sənədləri nəzərə alıb, icra işini nəzərdən keçirərək, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş; Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2581/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, cavabdeh Şəxs 26 sentyabr 2018-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. “İcraata başlamaq haqqında” xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2581/2018 saylı, xx.xx.2018-ci il tarixli icra vərəqəsi əsasında iş üzrə icraata başlanılmışdır. Qərar borcluya rəsmi qaydada təqdim edilmişdir. Salyan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2018-ci il tarixli bildirişin surətindən görünür ki, Cəlilabad Rayon Məhkəməsinin 2(073)-2581/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. Salyan rayon İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, 2(060)-2878/2024 saylı, xx.xx.2024cü il tarixli icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün həmin şəxsə 10 gün müddət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Çağrı Mərkəzinə elektron qaydada ünvanlanmış müraciətin surətindən görünür ki, tələbkar Babayeva Durdanə valeh qızı 14 iyul 2025-ci il tarixdə Çağrı Mərkəzinə müraciət edərək 2017-ci ilədn başlayaraq ödənilməli olan aliment üzrə heç bir ödənişin olmadığını bildirmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, borclu Şəxs tərəfindən Zərərçəkmiş şəxs 100 manat pul ödənilmişdir. İş materiallarında olan, icra məmuru Nicat Mahmudov tərəfindən tərtib olunmuş cədvəldən görünür ki, Şəxs 2019, 2021, 2022 və 2025-ci illərə aid aylıq aliment ödənişlərini tam ödəmiş, 2018-ci ilə aid 100 manat, 2020-ci ilə aid 300 manat, 2023-cü ilə aid 500 manat, 2024-cü ilə aid 700 manat, cəmi 1600 manat aliment borcunu ödəməmişdir. Qeyd olunan cədvəllə bağlı verilən suallara cavab olaraq icra məmuru bildirmişdir ki, həmin cədvəli ödəniş qəbzlərinə əsasən özü tərtib etmiş və qəbzləri Şəxs qaytarmışdır. Şəxs də verilən suallara cavab olaraq bildirmişdir ki, həmin cədvəl onun tərəfindən icra məmuruna təqdim olunmuş ödəniş qəbzlərinə əsasən tərtib olunmuşdur, həmin qəbzlər hal-hazırda atasındadır. Həmçinin qeyd etmişdir ki, illər üzrə olan borcları həqiqətdə o ödəmiş, lakin ödəniş qəbzlərini itirdiyindən icra məmuruna təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin; 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Məhkəmə qeyd edir ki, şəxsin icra sənədini icra etməməsi o halda üzrsüz hal kimi qiymətləndirilə bilər ki, məhkəməyə təqdim edilmiş sənədlərlə şəxsin icra sənədini icra etməyə maddi imkanın olması və ya adına qətnaməni icra etməyə imkan verən əmlakının olduğu halda şəxsin həmin əmlak hesabına qəsdən icra sənədi üzrə ödənişi həyata keçirməməsi öz təsdiqini tapmış olsun. Hazırki halda nə məhkəməyə təqdim edilmiş sənədlərlə, nə də məhkəmə iclasında iştirak edən icra məmurunun və barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatlarında göstərdikləri xüsusatlarla Şəxs məhkəmə qətnaməsini məhz üzrsüz səbəbdən icra etməmə halı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 04 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi mütləq inzibati həbslə nəticələnməməli, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs hər ay 100 manat olmaqla aliment borcunu ödəməsi, cari ayda da aliment borcundan ödəməsi öz təsdiqini tapdığından və bununla da icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata onun əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından AR İXM-nin 53.1.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar