Məhkəmə qərarları › İş №3(057)-819/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-819/2025

13.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-819/2025 13.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ X7 Alıyevin sədrliyi, Azər Azad oğlu Rzayevin katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs X3 iştirakı ilə, Vəzifəli şəxs X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən vəzifəli şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş 15 iyul tarixli 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən vəzifəli şəxs X8 tərəfindən ona məxsus Salyan şəhəri, X14 küçəsində yerləşən “Arif Şirniyyat” adlı obyektin üzərində xx.xx.2025-ci il tarixdə, saat 11:00-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilmişdir. Məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxs X8 inzibati xəta haqqında protokolla razılaşmayaraq, izahatında bildirdi ki, qanunsuz reklam fəaliyyətinin həyata keçirildiyi iaşə obyekti onun mülkiyyətində deyil və həmin obyekt X1 mülkiyyətindədir. Həmçinin izahatında onu da bildirmişdir ki, qeyd olunan obyektdə sahibkarlıq fəaliyyəti onun tərəfindən deyil, X2 tərəfindən həyata keçirilir. Bununla bağlı inzibati orqana təqdim olunan müvafiq sənədlərə baxış keçirilsəydi qeyd olunan bu hallar aşkar olardı. Lakin inzibati orqanın nümayəndələri tərəfindən qeyd olunan bu hallar üzrə araşdırma aparılmadan və işin həqiqi halları müəyyən edilmədən, onun barəsində inzibati xəta protokol tərtib olunmuş və baxılması üçün məhkəməyə göndərilmişdir. X8 izahatının sonunda onun barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola onun aidiyəti olmadığından xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və iştirak edə bilməməsinin üzrlü səbəbələri barəsində məhkəməyə hər hansı məlumat verməmişdir Məhkəmə meteriala Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən tərtib edilmiş 15 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X8 tərəfindən xx.xx.2025-ci il tarixli 000039 saylı yazılı göstəriş tam və vaxtında icra edilməyərək, ona məxsus Salyan şəhəri, X14 küçəsində yerləşən “Arif Şirniyyat” adlı obyektin üzərində müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi faktı müəyyən edilmiş, bu səbəbdən vəzifəli şəxs X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, “Arif Şirniyyat” adlı obyektin üzərində açıq məkanda reklam yerləşdirilmişdir. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, Salyan şəhəri, X14 küçəsi, 8A (Yeni qaydalarla: AZ 5201, Salyan rayonu, Salyan şəhəri, X14 küçəsi, giriş 88A) ünvanında yerləşən qeyri-yaşayış binası X1 tam pay hüququ üzrə xüsusi mülkiyyətindədir. Həmçinin təqdim olunan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Fiziki şəxsin uçotu haqqında Şəhadətnamədən görünür ki, X2 (VÖEN) ********** uçot nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər; 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir; 428.7.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun açıq məkanda reklam sahəsində (o cümlədən tikintisinə icazə tələb olunmayan açıq məkanda reklam qurğularının quraşdırılması və sökülməsi sahəsində) nəzarətin həyata keçirilməsi çərçivəsində verdiyi yazılı göstərişlərin və qərarların (bu Məcəllənin 394.0.7-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla) vaxtında və tam yerinə yetirilməməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 26.1 və 26.2-ci maddələrinə əsasən, açıq məkanda reklam avtomobil yollarının torpaq sahəsində, şəhər, kənd, qəsəbə və digər yaşayış məntəqələrində olan reklam daşıyıcıları üzərində yerləşdirilir. Açıq məkanda ölçülərindən asılı olmayaraq reklam qurğularının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verir. Açıq məkanda reklam yerləşdirmək üçün reklam yayıcısı müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. İcazə reklam yayıcısının tələbatına uyğun, lakin bir ildən artıq olmayan müddətə verilir. İcazənin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə və qaydada dövlət rüsumu tutulur. İcazə verilərkən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum reklama dair texniki şərtlər pasportunu hazırlayaraq reklam yayıcısına təqdim edir və reklam yayıcısı ilə icazə müqaviləsini bağlayır. İcazə müqaviləsi bağlanılmadıqda, açıq məkanda reklam yerləşdirmək üçün verilmiş icazə və texniki şərtlər pasportu hüquqi nəticələr yaratmır. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli 1472 nömrəli Fərmanına əsasən, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləmə və nəzarət Azərbaycan Respublikasının X10 tərəfindən həyata keçirilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Dövlət X5 Regional Reklam İdarəsindən daxil olmuş vəzifəli şəxs X8 barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlir ki, vəzifəli şəxs X8 tərəfindən müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi qaydalarının pozulması və bununla da, sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, X10 X11 İdarəsi vəzifəli şəxs X8 tərəfindən Salyan şəhəri, X14 küçəsi, 8A (Yeni qaydalarla: AZ 5201, Salyan rayonu, Salyan şəhəri, X14 küçəsi, giriş 88A) ünvanında yerləşən “Arif Şirniyyat” adlı obyektin üzərində 15 iyul 2025-ci il tarixdə, saat 11:00-da müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi qeyd edilsə də, iş materiallarında olan sənədlərə əsasən müəyyən edilmişdir ki, vəzifəli şəxs X3 hazırda inzibati xətanın törədilməsində aidiyyəti sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclasında işitrak edən X2 tərəfindən təqdim olunan sənədlərdən də görünür ki, qeyd olunan sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi iaşə obyektində inzibati xəta haqqında protokolun tərtib olunmasına əsas olan hadisə - müvafiq icazə olmadan açıq məkanda reklam yerləşdirilməsi qaydalarının pozulmasının X4 aidiyyəti təsdiq olunmur. Bu hallar inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadan protokolun tərtib olunmasına və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin törətmədiyi inzibati xəta hadisəsinə görə onun inzibati məsuliyyətə cəlb olunması ilə nəticələnəcəkdir ki, bu isə qanunvericilikdə imperativ qaydada müəyyən olunmaqla qadağan edilmişdir. Həmçinin məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərindən çıxış edərək, qeyd etməyi zəruri hesab edir ki, aparılan natamam araşdırma nəticəsində inzibati xəta hadisəsinin məhz X8 tərəfindən törədilməsi ilə bağlı yaranan şübhələr 8-ci maddənin tələbindən irəli gələrək barəsində icraat aparılan şəxsin xeyrinə təfsir olunmalıdır və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək icraat aparılan şəxs özünün təqsirsizliyini sübuta yetirməkdən azaddır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alıb, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən vəzifəli şəxs X8 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında tərtib edilmiş 15 iyul tarixli 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 53, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Dövlət X5 Regional Reklam İdarəsi tərəfindən vəzifəli şəxs X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.3-cü maddəsində ilə nəzərdə tutulan inzibati xəta haqqında tərtib edilmiş 15 iyul tarixli 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola dair başlanmış inzibati iş üzrə icraata onun inzibati xəta törədilməsinə aidiyyəti olmadığından AR İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar