Məhkəmə qərarları › İş №3(057)-832/2025

Salyan Rayon Məhkəməsi Qərar — İş №3(057)-832/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Salyan rayon İş № 3(057)-832/2025 05.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 oğlunun, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci ildə Neftçala rayonu, Xoltəzəkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Neftçala rayonu, Xoltəzəkənd kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Salyan rayon İcra və Probasiya Şöbəsindən daxil olan 05 avqust 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş 05 avqust 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə olunmuş materiallar 05 avqust 2025-ci il tarixdə Salyan Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 470/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs, X4 ilə birgə qaydada cəmi 10000 manat pulu Zərərçəkmiş şəxs ödəməkdən imtina edir. Məhkəmə iclasında iştirak edən Salyan rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2 protokolu müdafiə edərək izahatında göstərdi ki, icraatında olan icra vərəqəsinə əsasən Şəxs və X1 Elsurə Rufulla qızına olan 10000 manat borcu hissə-hissə olmaqla hər ay 700 manat ödəyəcəklərini üzərlərinə götürmüşlər. Lakin hal-hazırda heç bir ödəniş edilməmişdir. X4 ilə Şəxs ölkədən getmək hüquqları məhdudlaşdırılmışdır. Daha öncədə İcra və Probasiya Şöbəsində olmuş, iyunun 15-nə kimi borcundan 4000 manat ödəyəcəyini söz versə də, hər hansı bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərdi ki, 3 övladı var. Biri körpədir. Gələn aydan sosial müavinətlə bağlı müraciətinə cavab veriləcək və güman edir ki, hazırki vəziyyətinə görə ona sosial müavinət veriləcək. Hazırda 3 uşaqla bərabər kirayədə qalır. Maddi vəziyyəti pisdir. Hazırda 2 uşağına münasibətdə 250 manat aliment alır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını və çıxışlarını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməkdə təqsiri olması tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş materiallar: Salyan Rayon Məhkəməsinin 2(057)-470/2025 saylı, xx.xx.2025-ci il tarixli icra vərəqəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Şəxs və X4 arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2024-cü il tarixli Barışıq Sazişi: “1.Zərərçəkmiş şəxs 10000 manat pulunun 2023-cü ilin aprel ayında verildiyini Şəxs və X4 təsdiq edir. 2. Zərərçəkmiş şəxs 10000 manat pulunun qaytarılmasını Şəxs və X4 hissə-hissə olmaqla hər ay 700 manat verilməsini öz üzərlərinə götürür. 3. Şəxs və X4 hər ay ödəməli olduğu 700 manat puldan az ödədiyi halda bu barədə mütləq şəkildə Zərərçəkmiş şəxs məlumat verməyi öhdəsinə götürür. 4. Zərərçəkmiş şəxs hər ay pulu aldıqda tərtib edilmiş aktı Şəxs və X4 ilə birlikdə imzalayır. 5. Pulun ödənilməsi hər ayın 26-29 tarixləri arasında həyata keçirilir” hissəsində təsdiq edilmişdir. Salyan rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən xx.xx.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar və tələbin könüllü icra olunması barədə bildiriş Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə imza edilməklə qəbul edilmişdir. Salyan Rayon Məhkəməsinin 8(057)-155/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, borclu - xx.xx.1992-ci ildə Neftçala rayonu, Xoltəzəkənd kəndində anadan olmuş, Neftçala rayonu, Xoltəzəkənd kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Salyan Rayon Məhkəməsinin 8(057)-231/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)-470/2025 nömrəli, xx.xx.2025-ci il tarixli icra vərəqəsinə əsasən Neftçala rayonu, Xoltəzəkənd kəndində qeydiyyatda olmaqla, ünvan 3 ünvanında yaşayan Şəxs Salyan rayon İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs icra sənədinin tam olaraq icrasından qərəzli olaraq yayınır və icra məmurunun həmin icra sənədinə dair qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmir. Məhkəmə, bu nəticəyə gələrkən Şəxs tərəfindən dövlət adından çıxarılan məhkəmə qərarının icra edilmədiyini nəzərə almışdır. Buna görə də, məhkəmə Şəxs hərəkətlərini icra sənədinin icrasına mane olma kimi qiymətləndirir və onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. Şəxs məhkəmə iclasında icra sənədinin icra etməməsinin səbəbi kimi hər hansı üzrlü hala istinad edə bilməmiş, icra sənədinin icraya yönəldilməsindən uzun müddət keçməsinə baxmayaraq məhkəmə qərarının icrasını təmin etməmiş, icra vərəqəsinin icrasına səhlənkar yanaşmışdır. Bu isə öz növbəsində keçən müddət ərzində icrası məcburi olan Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmə aktına vətəndaşın səthi və etinasız yanaşmasına dəlalət edir. Məhkəmə onu da xüsusi olaraq vurğulayır ki, Şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İcra haqqında Qanununun: 3-cü maddəsində göstərildiyi kimi, “Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”. 28.2-ci maddəsi ilə müəyyən edilmiş icraatda tərəflər, yəni tələbkar və borclu Qanunun 29.2-ci maddəsinə əsasən, icra hərəkətlərinin həyata keçirilməsi zamanı icra haqqında Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini yerinə yetirməyə borcludurlar. Azərbaycan Respublikası İcra məmurları haqqında Qanununun: 10-cu maddəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsinə əsasən, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 32 və 33-cü maddələrinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs himayəsində iki yetkinlik yaşına çatmayan, yəni xx.xx.2015-ci il və xx.xx.2018-ci il təvəllüdlü, həmçinin bir azyaşlı yəni, xx.xx.2023-cü il təvəllüdlü uşaqlarının olması məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edilmişdir. İXM-nin 34-1-ci maddəsinə əsasən bu məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. İnzibati xəta haqqında işin dayandırılması və işə xitam verilməsi üçün hallar məhkəmə iclası zamanı müəyyən edilmədi. Odur ki, Şəxs həmin maddə ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməlidir. İXM-in 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Mülki və siyasi hüquqlar haqqında” Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 16 dekabr 1966-cı il tarixdə qəbul edilmiş Beynəlxalq Paktın 11-ci maddəsinə və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 4 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Məhkəmə icra sənədlərinin tam olaraq icra olunmamasını nəzərə alaraq hesab edir ki, Şəxs inzibati qaydada cərimə növündə tənbeh tətbiq etməklə İXM-in 21-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbehin məqsədinə nail olmaq mümkündür. Həmin maddədə qeyd olunmuşdur ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati cərimə növündə tənbeh tədbir tətbiq edərkən xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halı və əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48-51, 61, 114 və 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. İcra sənədi üzrə borclu Şəxs nəzərinə çatdırılsın ki, icra sənədi üzrə borcunu üzrsüz səbəblərdən ödəməyəcəyi təqdirdə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82ci maddəsinin tələbinə əsasən onun təkrarən inzibati məsuliyyətə və ya cinayət məsuliyyətinə cəlb olunacağı barədə müvafiq tədbirlər görüləcəkdir. Qərardan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar